Gəncədə Nizaminin əsərlərindən ibarət ən böyük elektron kitabxana yaradılır

 

   Gəncə Şəhər İcra Hakimiyyəti və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dahi Nizaminin əsərlərindən ibarət ən böyük elektron kitabxana yaradılır. Bu məqsədlə dünyanın ən böyük kitabxanalarından olan İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Türkiyə Milli Kitabxanasının direktoru Tuncel Acar, Gürcüstan Milli Kitabxanasının rəhbəri Georgi Kakalidze, Hindistanın Kəşmir Universiteti kitabxanasının direktoru Əli Məcid Babanın yaxından köməkliyi ilə Nizami Gəncəvinin “Xəmsə”sinin 1460, 1540, 1700, 1802-ci illərdə yazılmış müxtəlif orijinal əlyazmaları toplanıb.

  

   Həmçinin İsgəndəriyyə Kitabxanasının direktoru İ.Seragəldin və Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqanın təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin iştirakı ilə Nyu-York İctimai Kitabxanası, Melburn Universitet Kitabxanası, Oksford, Drezden, Münxen və s. kitabxana və muzeylərində saxlanılan əvəzolunmaz illüstrasiyaların faksmile və rəqəmsal nüsxələri toplanmışdır.

   Ümumilikdə dünyanın 1000-dən çox mərkəz, kitabxana, muzey və şəxsi arxivlərdən toplanan yüz minlərlə səhifəlik rəqəmsal baza Nizami haqqında ən böyük elektron kitabxana, dünyanın ən önəmli arxiv məlumatlarının toplandığı mərkəz rolunu oynayacaq.

   Qeyd etmək lazımdır ki, bütün bu arxivlər rəsmi razılaşma və müəllif hüquqlarının alınması və araşdırma hüquqları ilə qorunacaq məlumatlardır.

   Yekunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayədarlar Şurasının rəhbərliyi ilə xüsusi kitab çap olunaraq kitabxana və muzeylərə paylanılacaq.

 

 

   Mədəniyyət.- 2012.- 7 sentyabr.- S. 12.