Müqəddəs
nəğmə və müqəddəs ahəng
Milli
musiqi alətlərimizin tarixindən
Qəzetimizin
bu sayından etibarən “Milli musiqi alətlərimizin tarixi”
adlı yeni rubrika ilə görüşünüzə gələcəyik.
Bu başlıqlı yazılarda musiqi alətlərimizin
tarixindən, dünənindən və bu günündən
söz açacağıq. İlk olaraq ən qədim simli
musiqi alətlərindən olan qopuzun tarixinə və
keçdiyi yola nəzər salaq.
Tarixi mənbələrin verdiyi məlumata
görə, X əsrdən başlayaraq orta əsr musiqi mədəniyyətimizdə
simli, nəfəsli və zərb musiqi alətlərinin
sayı 60-dan çox olmuşdur. Odur ki, qədim musiqi alətlərimiz
haqqında geniş məlumatlara Nizami Gəncəvinin, Məhəmməd
Füzulinin, XIII əsrdə yaşamış Şərq
musiqi mədəniyyətinin yaradıcılarından
sayılan Səfiəddin Urməvinin, XIV əsrdə
yaşamış Əbdülqadir Marağayinin əsərlərində
rast gəlinir. XV-XVI əsrlərdə
yaşayıb-yaratmış Azərbaycan rəssamları
Sultan Məhəmməd, Ağa Mirək, Mirzə Əli,
Müzəffər Əli, Mir Səid Əli və
başqalarının miniatürlərində də bu musiqi alətlərinin
çox geniş təsviri verilir.
Amerikalı arxeoloqların 1960-cı
ildə Cənubi Azərbaycanın Şuşdağı ətəyində
yerləşən Cığamış qədim insan məskənində
apardıqları qazıntılar zamanı e. ə. VI minilliyə
aid edilən nadir mədəniyyət nümunələri
aşkar edilib. Bu tapıntılardan ən maraqlısı sinəsində
qopuz tutmuş ozan və bir neçə başqa musiqiçidən
ibarət musiqi məclisinin təsvir edildiyi saxsı qabdır.
Qopuz tarixən türk
xalqlarının yaşadıqları geniş coğrafi ərazilərdə
meydana gəlib. Onun müxtəlif növləri hətta bəzi
Avropa ölkələrində də (Ukrayna, Polşa,
Macarıstan, Moldova) "kobuz", "kobza",
"komuz", "komız" və başqa adlarla geniş
yayılıb. Çox güman ki, bu, eramızın IV-V əsrlərində
türk tayfaları olan hunların Avropaya yürüşü
- Xalqların Böyük Köçü zamanı baş
verib. Qopuzun iki növü daha geniş istifadə olunub.
"Qıl qopuz" və ya "ikilıq" kimi tanınan
və kamanla ifa edilən ikisimli qopuz növü Orta Asiya
xalqları arasında, xüsusilə Qazaxıstanda geniş
yayılıb və hazırda da istifadə edilməkdədir.
Müasir aşıq sazının
sələfi sayılan üçsimli "qolça
qopuz" isə Azərbaycan türklərinin istifadə etdikləri
ən qədim simli musiqi alətidir. Belə ki, "Kitabi-Dədə
Qorqud" dastanında xatırlanan qolça qopuz bir neçə
adda təqdim olunur. "Quruluca qopuz", "alça
qopuz" ayrı-ayrı alətlərin deyil, eyni bir alətin
müxtəlif cəhətlərini açıqlayır.
Əbdülqadir Marağayi "Məqasid
əl-əlhan" əsərində qopuzun iki
növünün- “rumlular qopuzu" və "ozan
qopuzu"nun quruluşu barədə məlumat verir. “Qopuz”
sözünün etimologiyasına nəzər salsaq, “qop”
komponenti ucalıq, yüksəklik, müqəddəslik,
“üz”, “öz” isə qədim türkcədə, nəğmə,
musiqi, avazlı səs mənasını verir. Qədim
türk qopuzları, əsasən, ikisimli və
üçsimli olub.
Altay, Sibir, Çin və Türkmənistan
ərazilərində məskunlaşan türk tayfaları
ikisimli, Anadolu və Azərbaycan türkləri isə
üçsimli qopuzdan istifadə ediblər. Qolça qopuzun
çanağı udabənzər olub, ondan xeyli kiçikdir.
Çanaq hissəsi bütöv yonma üsulu ilə
hazırlanır.
Dədə
Qorqudun kəşfi
Qopuzun üzünün
üçdə iki hissəsi dəri, qalan hissəsi isə
nazik taxta üzlüklə örtülür. Qopuzun qısa
qoluna pərdələr bağlanılmır. Ümumi
uzunluğu 810 mm, çanağının uzunluğu 410 mm, eni
240 mm, hündürlüyü isə 120 mm-dir. Diapazonu
böyük oktavanın "si" səsindən birinci
oktavanın "lya" səsinə kimidir.
Türk mifologiyasında havada
uçan və ya ölən qopuzlar haqqında rəvayətlər
hələ də yaşamaqdadır. Qopuzun Dədə Qorqudun
(Qorqud Ata) kəşfi olduğunu, qopuzun səsi ilə xəstəliklərin
şəfa tapmasını deyirlər. İnanclara görə
qopuzun sahibi onu bir başqasına verməyi tabu (qadağan)
sayar, ona başqa əlin dəyməsini günah hesab edər,
şamanlar ruhları onunla çağırardı.
Ölüm ilahəsi qopuzun səsindən Qorqud Atanın
canını və ya o ətrafda olanların ruhunu almağa gələ
bilməzdi. Rəvayətlərə görə Dədə
Qorqud öləndən sonra qopuzu illərcə kədərli
səslər çıxarırmış.
“Kitabi-Dədə Qorqud”dan məlum
olur ki, oğuzlarda hamı - Qazan xan, Dirsə xan, Beyrək, Səkrək,
Əkrək, Qanturalı və onun qırx yoldaşı
hamısı qopuz çalarmış. Tarixi qaynaqların
verdiyi məlumata görə, IX-X yüzilliklərdə qur
türkmənləri hətta çöldə gəzərkən
və səfərə yollanarkən qopuzu yanlarında
saxlayarmışlar. Görkəmli qazax alimi A.Jubanovun verdiyi məlumata
görə, qədim çağlardan
XX yüzilliyin ortalarına qədər
qazaxlarda elə bir ev olmazdı ki, onun divarından ikisimli
dombra (qopuzun növü) asılmasın.
“Əyləndirən,
könül açan”
Türk etnosunun tarixən qopuzu
müqəddəs sayması, onu öz yanında gəzdirməsi
ruhlar aləminin təmsilçisinə ibadət etməklə
(qopuz çalmaqla) onların nəzər-diqqətini öz
üzərində saxlamaq məqsədi daşıyıb. Əslində
Koroğlunun, qılınc-qalxanla yanaşı, sazla da gəzib-dolanması
həmin ənənənin davamıdır. Bahadır və
qopuz münasibətlərinin mifoloji-estetik səciyyəsi
“Kitabi-Dədə Qorqud”un “Qanlı Qoca oğlu Qanturalı”
boyunda daha qabarıqdır. Sevgilisi Selcan Xatun naminə
ağır sınaqlardan keçməli olan Qanturalı hər
sınaq mərhələsindən öncə deyir: “Hey,
qırq eşüm, qırq yoldaşım, niyə
ağlarsız? Quruluca qopuzım götürün,
ökün məni”. Qırx yoldaş qopuz çalaraq onu
öyürlər. Bundan sonra Qanturalı növbə ilə vəhşi
buğanı, aslanı və qızmış dəvəni
öldürüb bütün sınaqlardan üzü ağ
çıxır. Dastanda Bamsı Beyrəyin «Mən qopuz
çalım, ərə gedən qız oynasın» - ifadəsi
də günümüzəcən yaşamaqdadır.
Görkəmli ədəbiyyatşünas
alimimiz Əhməd Cəfəroğlu qopuzun yayılma
coğrafiyasını izləyərkən çox
böyük hüdudları göz önünə gətirir:
“Türk xalq şeirlərini və zəfərlərini tərənnüm
edən qopuzun hun türklərinin dövründən etibarən
macarlar, çexlər, polyaklar, litvalılar, almanlar, ruslar,
ukraynalılar, finlər, Afrikada yaşayan yerli əhali və
nəhayət bütün Balkan millətləri tərəfindən
mənimsənilməsi və istifadə olunması iddia edilən
təsirini bütün gücü ilə göstərməkdədir”.
Qopuzun icad olunması ilə
bağlı mifoloji rəvayətlərdən bəlli olur ki,
o hər ağacdan düzəldilə bilməz. Türk mədəniyyət
tarixinin görkəmli araşdırıcısı Bahəddin
Ögəl qopuzun cam (qaraqay), qoz, tut, ardıc, sədr
ağacından düzəldildiyini bildirir. Ən qədim
çağlarda qopuzun tellərini at quyruğunun tükündən
- qıldan düzəldirdilər.
Qədim türk mədəni
mühitində qopuz çalan sənətkarlara istifadə
etdikləri musiqi alətinə uyğun olaraq “qopuzçu”
adı da verilib. “Manas”, “Sametay”, “Seytək” kimi dərin etnik-mədəni
yaddaş sisteminə malik dastanlarda sənətkar statusunda
“qopuzçu” sözünə rast gəlinir. Bu söz hətta
ad-titul səviyyəsində işlədilir. Ukrayna və
Polşa xalqlarının folklor sənətkarına -
musiqiçi-söyləyicilərə verdikləri “kobzor”
adı türk etnik mədəniyyətindən gələn
“qopuzçu”nun birbaşa təsirindən meydana gəlib.
“Qopuz-ər” birləşməsindən yaranmış “kobzor”
qopuz çalan ər, qopuz çalan adam mənasını əks
etdirir.
Orta
çağlarda “ozan” və “qopuzçu” adları ilə
yanaşı “mütrüb” adı da bir sıra hallarda qopuz
çalıb-oxuyan sənətkar anlamında işlənib.
Ozanlara əsasən İran mədəniyyət çevrəsində
“mütrüb” adı verilib. Ərəb mənşəli bu
söz “əyləndirən, könül açan” mənasını
verir. Məhəmməd Füzulinin “Yeddi cam” məsnəvisində
də mütrübün bir sənətkar kimi müsbət
obrazı yaradılıb.
Bu gün də milli musiqi alətlərimiz
arasında qopuz öz ululuğunu, sirliliyini və müqəddəsliyini
qorumaqdadır. Ellərimizdə, evlərimizdə qopuz
çalınsın, xeyir-duamızı qopuzdan alaq. “Kitabi-Dədə
Qorqud”un müqəddiməsində deyildiyi kimi, “qolça
qopuz götürüb eldən-elə, bəqdən-bəqə
ozan gəzər”:
Ər comərdin, ər nakəsin ozan bilər.
El-evünüzdə
çalıb-ayıdan ozan
olsun.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 7 sentyabr.- S. 10.