“Aktyor
bəzən özü də bilmir, teatr harada bitir, həyat
harada başlayır”
Qurban İsmayılov: “Hərdən
hiss edirsən ki, həyatda oynayırsan və bəzənsə
səhnədə həqiqətən yaşayırsan”
Qurban İsmayılov 1960-cı ildə
Ağcabədi rayonunda anadan olub. 1975-ci ildə 8-ci sinfi bitirib
Bakıya gəlir və texniki peşə məktəbində
təhsilini davam etdirir. Bakıya gəlməyinin məqsədi
əslində başqa idi. Gələcək aktyoru əyalətdən
şəhərə uşaqlıqdan teatra, sənətə
olan marağı gətirmişdi. Peşə məktəbində
oxuduğu illərdə dram dərnəyinə yazılır.
Hərbi xidmətdən sonra da teatra olan marağı ruhunda
yaşayırdı. Gənc Tamaşaçılar Teatrında
fəhlə kimi çalışmağa başlayır.
1981-ci ildə İncəsənət İnstitutunun kino-dram
aktyorluğu fakültəsinə daxil olur.
İnstitutun son kursunda “Tədris”
teatrında çalışır, rejissor Bəhram Osmanovun
tamaşalarında oynayır. Ali təhsil ocağının rəhbərliyinin
təklifi ilə həmin teatrda bir müddət fəaliyyət
göstərir. İlk aktyorluq təcrübəsini bu
teatrın səhnəsində keçir. Bir müddət sonra
başqa teatrlara üz tutur. 1987-88-ci illərdə Gənc
Tamaşaçılar Teatrında aktyor ştatı
olmadığından fəhlə işləyir və gözləyir...
1989-cu ildə martın 27-də
Hüseynağa Atakişiyevin yaratdığı Gənclər
Teatrı “Qətl günü” tamaşası ilə sənət
aləminə qədəm qoyur. O da tamaşaçılar
arasında idi. Zalda oturub səhnə əsərini izlədiyi
zaman ağlında bircə fikir vardı: “Bu cür aktyor heyəti
ilə birgə çalışmaq!”. Həmin tamaşanın
növbəti nümayişində Qurban İsmayılov
artıq teatrın səhnəsində idi. Doktor Mahmud rolunun
ifası Hüseynağa Atakişiyevin də diqqətini
çəkir və o, teatrın ştatlı aktyoru olur.
Qurban İsmayılov bu gün
Dövlət Gənc Tamaşaçılar Teatrının
aktyorudur. Bir çox tamaşalarda maraqlı obrazlar yaradıb:
“Hamlet”də Hamlet, “Maqbet”də Maqbet, “Leyli və Məcnun”da
Füzuli obrazı, “Yaşayan ömür”də Hacı
Zeynalabdin Tağıyev, “Romeo və Cülyetta”da keşiş,
“Evlənmə”də İvan Kuzmiç və s.
2012-ci ilin mayında Prezident
İlham Əliyevin sərəncamı ilə “Əməkdar
artist” adına layiq görülüb.
- Bu gün bəziləri deyir ki,
teatr və kino sənətinə tamaşaçı
marağı azalıb. Siz bu barədə nə
düşünürsünüz? Bu işdə aktyorun məsuliyyəti
nə dərəcədədir?
- Cəmiyyətdə baş verən
hadisələr, digər sahələrdə olduğu kimi, mədəniyyətdə
də özünü göstərir. Gəncliyim yenidənqurma
illərinə düşdü. O vaxt sənət adamlarına
çox çətin idi. Mən indiki cavanlara deyirəm ki,
sizin üçün çox rahatdır işləmək.
Bunun qədrini bilmək lazımdır. Keçid dövrü
sənətkarın işinə birbaşa təsir edirdi.
Teatrın əsas problemi aktyordan daha çox dramaturgiya idi. Bəzən
zəif, bəzən də qeyri-aktual əsərlər səhnələşdirildi.
Bu da tamaşaçını teatrdan qaçırtdı. Digər
bir səbəb cəmiyyətdə toy mədəniyyətinin
daha çox yer almasıdır. Bəzən bir ailə ayda 2-3
toya gedir. Əgər əvvəllər teatra getmək ənənəsi
vardısa, indi toy ənənəsi formalaşıb.
İnsanların mənəvi qidaya ehtiyacı
yaranmalıdır. Dövlətin teatrla bağlı həyata
keçirdiyi islahatlar, teatr binalarının təmiri artıq
tamaşaçı üçün rahat məkan yaradır.
Bu da onları cəlb etməlidir və edir. 10 il əvvələ
nisbətən indi tamaşaçı axını da
çoxdur. Təbii ki, bu prosesdə dövlət
qayğısı, sosial şəbəkələrin rolu da
danılmazdır. Məktəbləri, universitetləri də
teatrlara cəlb etmək lazımdır. Teatr elit sənətdir,
bu bütün dünyada belədir. Sənətin insanların
dünyagörüşünün formalaşmasında
çox böyük rolu var. Gəlib rahat zalda əyləşib
“Hamlet”ə baxırsan. Ən azından əsər haqqında
məlumatın olur.
- Bəzən belə fikir də səslənir
ki, bizim aktyorlar süni oynayırlar...
- Bu fikirlə qəti razı deyiləm.
Var istedadlı aktyor, var istedadı az olan aktyor. Ola bilər ki,
aktyorun istedadı var, ancaq onu istiqamətləndirən rejissor
olmayıb. İncəsənətin bütün növləri
zövqə bağlıdır. Əgər bu gün
seriallardakı, tamaşalardakı oyunlara süni deyilirsə,
ola bilməz ki, onların arasında 3-5 diqqət çəkən
aktyor olmasın. Burda aktyor istedadı, yönləndirmə
önəm kəsb edir.
- Filmlərdə çəkilməyə
gec başlamısınız...
- 90-cı illərin əvvəlində
rejissor Ələkbər Muradovun “Güllələnmə təxirə
salınır” filminə dəvət aldım. Film ekranlara
2000-ci illərin əvvəlində çıxdı.
Müharibə gedirdi və filmlərin çəkilməsində
bu qədər fasilənin olması təbii idi. Bu, kinoda ilk
işim oldu. Lakin kinoda özümü göstərməyim
rejissor Eldar Quliyevlə bağlıdır. Onun quruluş
verdiyi “Girov” filmində əsas rollardan birini, erməni
obrazını - oynadım.
- Yeri gəlmişkən, hazırda
rejissor Eldar Quliyevin lentə aldığı “Dərvişin
qeydləri” filminə çəkilirsiniz. Deyəsən,
rejissorunuzu tapmısınız. Yeni rolunuz barədə nə
deyə bilərsiniz?
- Kinoda, teatrda bu deyimi çox
eşidirəm. Amma aktyor öz rejissorunu tapır fikri ilə
razı deyiləm, əslində rejissor aktyoru tapır.
Çünki rolu rejissor verir. Eldar Quliyevin yeni filmi tarixi
detektiv janrındadır. Mən Abdal Kərim rolunu
oynayıram. Qəhrəmanımın müsbət və ya mənfi
olması göstərilmir. Tərbiyəçidir. Namusla xana
xidmət edir. Xanın oğlunu tərbiyələndirir. Cinayət
baş verəndən sonra da özünəməxsus
xarakterini nümayiş etdirir.
- Adətən, daim baş rollarda
oynayan aktyorlar sonradan epizodik rollara çəkilmək istəmirlər.
Siz buna necə yanaşırsınız?
- “Girov” filmində əsas rolu
oynadım. E.Quliyevin növbəti “İstanbul reysi” filmində
isə epizodik bir obrazı canlandırmışam. Oktay
Mir-Qasımın “Günyadın, mələyim” filmində də
epizodik rolda oynamışam. Lakin burada önəmli olan epizodik
rolun necə olmasıdır. Oynadığım rollar epizodik
olsalar da, aktyor üçün önəmli sayıla bilən,
istedadını ortaya çıxara biləcək
obrazlardır. Ona görə də təqdim olunan ssenariyə,
rolun yükünə önəm verirəm.
- Aktyor üçün uğurun
sirri nədədir?
- Mən, sadəcə, işimi
görürəm. Üzərimə düşəni edirəm.
Daxili ziddiyyəti həll edirəm. Təbii ki, xarici olaraq
plastikama görə də obraza uyğun hərəkətlər
edirəm. Uğur elə bundadır.
- Rollarınız həyatınıza
təsir edə bilir?
- Məncə, aktyor bəzən
heç özü də bilmir ki, teatr harada bitir, həyat
harada başlayır və ya əksinə. Bəzən müəyyən
anda hiss edirsən ki, həyatda oynayırsan və bəzən
səhnədə hiss edirsən ki, həqiqətən
yaşayırsan.
- Film çəksəydiniz, bu nə
haqda olardı və özünüzə hansı rolu həvalə
edərdiniz?
- Mənim film çəkmək,
yaxud tamaşa qoymaq iddiam yoxdur. Amma ola bilər dəvət
etsinlər ki, tamaşaya bax, fikrini de və ya məsləhət
ver. O zaman mütəmadi məşqlərə gedə bilərəm.
İstiqamət verə bilərəm.
- Hər dəfə səhnəyə
çıxdıqdan sonra oyununuzu kiminlə müzakirə
edirsiniz? Tənqidçiniz varmı?
- Elə bir insan yoxdur. Ancaq bəzən
olur ki, səhnədən yüngül çıxırsan, bəzən
isə qəribə narahatlıq olur insanın içində.
Hiss edirsən ki, oyun alınmır. Nə isə düz getmir.
Bunu tamaşaçı hiss etməyə bilər. Amma aktyor
özü dərhal anlayır. Sənətdə olmaq elə də
asan deyil. Daxili həyəcan, keçirdiyin hisslər insana təsirsiz
ötüşmür.
- Aktyor nədən ilham alır?
- Hər şeydən. Ən
xırda bir detaldan belə. Bəzən uğurlu roldan o qədər
zövq alırsan ki, adama elə gəlir illərin
yorğunluğu çıxır candan.
- Yaş təcrübədir, yoxsa
səhvlər toplusu?
- Məncə, səhvlər
toplusu. Amma o səhvlərdən nəticə
çıxarmağı bacarmalısan.
- Sənətçi
azadlığı - son illər bu fikir də dəb
halını alıb. Nədir bu sənətçi
azadlığı?
- Dram əsərində
yazılır ki, iştirak edirlər. Aktyor
iştirakçıdır, icraçıdır. Müəllif
mənə nə təklif edirsə, mən onu etməliyəm.
Onu nə rəngarəng edirəmsə, bu artıq mənim
ustalığımdır. Bəlkə də azadlıq budur. Əgər
rejissor görsə ki, aktyorun tapıntısı
maraqlıdır, ona mane olmayacaq.
- Son illər dünya teatr və ya
kino sənətində diqqətinizi çəkən nədir?
- Bu ilin yanvarında Birləşmiş
Ərəb Əmirliyində monotamaşalar festivalında
iştirak etdim. Orada Latviyadan, Almaniyadan və digər ölkələrdən
tamaşalar nümayiş olundu. Düzü, qeyri-adi bir şey
görmədim. Mənə elə gəlir ki, biz
özümüzə həddən artıq tənqidi
yanaşırıq. Bunun yaxşı tərəfləri var.
Ancaq mənfi tərəfi də odur ki, bəzən
özümüzü düzgün qiymətləndirməkdən
qorxuruq.
- Yeri gəlmişkən, həmin
festivalda uğurla çıxış etdiniz...
- Festivalda Bəhram Osmanovun
quruluşunda Avstriya dramaturqu Peter Turinin “Bu da axırı”
tamaşası ilə iştirak etdik. Təxminən 2 ay ərzində
hazırlanmış tamaşa idi. Nümayiş çox
uğurlu keçdi. Orda mənə yaxınlaşıb təbrik
edəndə təəccüblənirdim. Bu haqda
teatrşünas Aydın Talıbzadə geniş yazı
yazmışdı. Ona görə deyirəm ki, qorxmaq lazım
deyil. Teatrımıza, sənətimizə inanmalıyıq.
Teatrlar daha maraqlı tamaşalar səhnələşdirməlidirlər
ki, tamaşaçılar gəlsin. Daha maraqlı reklam vasitələrinə
əl atmalıyıq. Artıq növbəti mərhələdə
rejissorlar, aktyorlar elə iş ortaya qoymalıdırlar ki,
tamaşaçı yenidən gəlsin teatra.
- Bu günün gənc aktyoruna məsləhətiniz.
- Mən hərdən təəssüf
edirəm ki, gəncliyim çətin dövrə təsadüf
etdi. Demək olar ki, 10-15 il heç nə etmədik. Ən
azından dil öyrənə, xaricə çıxa bilərdik.
İndi gənclər üçün hər cür şərait
var. Müstəqilliyimiz var. Sənətimiz də sərhədləri
aşmağa imkan verir. İstənilən kitab, ədəbiyyat
əl altındadır. Mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev bu günlərdə
mövsümün açılışında
teatrımızdakı çıxışında da bildirdi
ki, dil bilən gənclər gəlsinlər, göndərək
xaricə, kurs keçməyə, təhsil almağa. Bundan
istifadə etməmək artıq itkidir. Gənclər
çalışsınlar, həm özləri
üçün, həm də sənətimiz
üçün.
- Həyatının müəyyən
dövründə insan düşünür ki, dünyaya nə
üçün gəlib. Bəs sizin həyat rolunuz
hansıdır? Məqsədiniz nədir?
- Məqsədim odur ki, teatrla
aramızda qarşılıqlı xoş münasibət
olsun. Mənəvi qida olaq bir-birimizə. 52 yaşım var.
Özümü teatra həsr etmişəm. Həyat rolum da
teatrdır. Bir arzum da var ki, tamaşaçıların yenicə
başlayan teatra axını davamlı olsun. Artıma doğru
getsin. İstərdim ki, mən də həmkarlarım da daha
çox teatrdan danışaq. Biz özümüzü deyil,
teatrı təbliğ etməliyik. Teatrın faydasından
danışmalıyıq ki, xalq da teatrı sevsin.
Söhbətləşdi: Reyhan İsayeva
Mədəniyyət.-
2012.- 7 sentyabr.- S. 10.