Dolumediaya təqdim olunub

 

     Sentyabrın 5-də “NizamiKino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuşDolu” bədii filminin kütləvi informasiya vasitələri üçün nümayişi təşkil edilib. Qarabağ müharibəsindən bəhs edən film yazıçı-publisist, millət vəkili Aqil Abbasın eyniadlı romanı əsasında ekranlaşdırılıb.

  

   Filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, baş prodüseri Müşfiq Hətəmov, quruluşçu operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğludur.

   Nümayişdən əvvəl çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov yaradıcı heyəti bir daha təbrik edib, ekran əsərinin kino tariximizdə özünəməxsus yer tutacağına inandığını deyib. Direktor bu gün milli kino sənətinin inkişafı yolunda görülən işlərdən söz açıb.

   Tədbirdə çıxış edən Aqil Abbas filmin ictimai rəydə geniş rezonans doğurmasından məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, yaradıcı heyət onun gözlədiyindən də yüksək səviyyədə ekran əsəri ərsəyə gətirib. O, filmin beynəlxalq səviyyədə nümayişinin təşkilinin vacibliyini vurğulayıb. Yazıçı hazırda “Dolu” romanının həm türk, həm də rus dilinə tərcümə olunduğunu da qeyd edib.

   Sonra film nümayiş olunub.

   Qeyd edək ki, filmdə Məmməd Səfa (komandir), Rza Rzayev (Drakon), Elvin Əhmədov (Pələng), Fuad Poladov (katib), Gülzar Qurbanova (Pələngin anası), Şamil Süleymanlı (müəllim), Fərhad İsrafilov (milis rəisi), Oqtay Quliyev (baza müdiri), Şahmar Qəribli (baş mühasib), Sərdar İsgəndərov (Şelli Eldar), Vüsal Murtuzəliyev (jurnalist), Əjdər Zeynalov (Levon), Namis Şirməmmədov (Aram), Ramin Şıxəliyev (Musanın qardaşı), Rövşən Ağayev (döyüşçü), Cavanşir Hadıyev (döyüşçü), Faiq Kərimoğlu (döyüşçü), Vüqar Vəlixanov (döyüşçü), Anar Səfiyev (batalyon növbətçisi), Corc Qafarov (Qeyrət), İntiqam Soltan (şair), Sərdar Rüstəmov (erməni), Vüsalə Məmmədova (erməni qızı) və başqaları çəkilib.

   Filmdəki tryukları Azərbaycan Kaskadyorlar Assosiasiyasının üzvləri yerinə yetiriblər.

 

 

   Mədəniyyət.- 2012.- 7 sentyabr.- S. 5.