Ölkəmiz Moldovada beynəlxalq kitab sərgisində təmsil olunub

 

   Sərgidə Azərbaycanın tarixini, mədəniyyətini, turizm imkanlarını əks etdirən nəşr məhsulları təqdim edilib

  

   Xəbər verdiyimiz kimi, avqustun 30-dan sentyabrın 4-dək Moldovanın paytaxtı Kişineu şəhərində bu ölkənin Milli Kitabxanasının yaradılmasının 180 illiyinə həsr olunmuş yubiley tədbirləri çərçivəsində XXI Beynəlxalq Kitab Sərgisi keçirilib. Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin və M.F.Axundzadə adına Milli Kitabxananın nümayəndələri təmsil ediblər.

  

   Avqustun 31-də sərginin açılışında Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin əməkdaşı Faiq Xudanlı çıxış edərək iştirakçıları əlamətdar kitab bayramı münasibətilə təbrik edib.

   Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanası XXI Kişineu Beynəlxalq Kitab Sərgisində ümummilli lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın həyat və fəaliyyətini, Azərbaycanın tarixini, mədəniyyətini, etnoqrafiyasını və turizm imkanlarını əks etdirən nəşr məhsullarından ibarət stendlə iştirak edib. Qonaqlara Azərbaycanla bağlı ətraflı məlumat verilib, ölkəmizin turizm imkanlarını təbliğ edən materiallar sərgi iştirakçılarına paylanıb. Sərgidə Azərbaycanın Moldova Respublikasındakı səfiri Namiq Əliyev də iştirak edib.

   Tədbirlər çərçivəsində Moldova Milli Kitabxanasının əlamətdar yubileyi ilə bağlı kitabxananın elmi şurasının iclası keçirilib. İclasda Moldova Prezidenti Nikolay Timofti Milli Kitabxananı ölkənin ən yüksək mükafatı olan \"Respublika\" ordeni ilə, kollektivin bir qrup əməkdaşını fəxri ad və medallarla təltif edib.

   Sentyabrın 3-də ölkəmizin nümayəndə heyətini səfir Namiq Əliyev qəbul edib. Görüş zamanı səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 870 illik yubileyi qeyd edilən Nizami Gəncəvinin Kişineu şəhərindəki heykəli ətrafında aparılan abadlıq işləri haqqında məlumat verib. Görüşdən sonra nümayəndə heyəti Nizami Gəncəvinin heykəlini ziyarət edib.

   Sərginin sonuncu günü Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası və ölkəmizin Moldovadakı səfirliyi yubiley tədbirlərində fəal iştiraklarına görə Moldova hökuməti adından müxtəlif diplomlarla təltif edilib.

 

  

  Mədəniyyət.- 2012.- 7 sentyabr.- S. 5.