Muxtar Dadaşov
Kino sənətkarlarımız
Kino
tariximizdə layiqli iz qoyan, dərin məzmunlu
yaradıcılığı ilə yaddaşlarda əbədiləşən
sənətkarlarımızdan biri də tanınmış
rejissor, Xalq artisti Muxtar Dadaşovdur.
Muxtar Baba oğlu Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda anadan olub. Hələ erkən yaşlarından
tale onun yolunu böyük sənət məbədindən salır.
Akademik Milli Dram Teatrının səhnəsində görkəmli
dramaturq Cəfər Cabbarlının “Sevil” tamaşasında Gündüz
rolunu oynayır.
Bu, onun həyatında
yeni səhifələr
açır. Qəlbində görkəmli sənət
ustaları ilə bir yerdə çalışmaq arzuları
baş qaldırır.
1929-cu ildə Gənc Tamaşaçılar Teatrında
rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda
tamaşalarda kiçik
rollar oynayır.
1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə
düzəlir. Bir sıra
sənədli və bədii filmlərin lentə alınmasında iştirak edir.
1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra
filmlərin çəklişində
iştirak edir.
Təhsilini başa vurduqdan
sonra böyük ümidlərlə vətənə
dönür, kinostudiyada
operator işinə qayıdır.
1935-ci ildə “Rəqs edən bağalar” bədii filminin (Abdulla Şaiqin
"Oyunçu bağa"
hekayəsi əsasında)
quruluşçu operatoru
olur.
Dövrün mühüm ictimai-siyasi
hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. “Sovet Azərbaycanı”,
“Ana yurdum, Azərbaycan”,
“Sovet Azərbaycanının
50 illiyi”, “Arazın o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə” və s. filmlərində vətənin əsrarəngiz
təbiəti, tarixi şəxsiyyətləri kino
dili ilə tərənnüm olunub.
O, kino haqqında danışanda
deyərmiş: “Kino həyatın
aynasıdır. Sabir demişkən,
“düzü-düz, əyrini-əyri”
əks etdirməyə
qadir olan möcüzədir. O, mənən
saf, canını sənətə fəda edən istedadlı və professional şəxslərin
əlində olmalıdır”.
Doğrudan da, o, kinoya qəlbən bağlı olub. Ekran əsərlərində fərdilik qabarıq şəkildə görsənib.
1953-cü ildə lentə aldığı
“Arazın o tayında”
filmində qaldırdığı
problem bütöv Azərbaycan
ideyasından güc alıb.
Muxtar Dadaşov 1945-ci ildə çəkilən “Arşın
mal alan” filmində operator köməkçisi
olub. Xalq artisti Leyla Bədirbəyli bu filmin çəklişlərindən
söz düşəndə
Muxtar Dadaşovu aktyorun daxili aləminə nüfuz etməyi bacaran sənətkar kimi xarakterizə etmişdi.
“Kəndlilər”, “Yeni
horizont”, “Vətən
oğlu”, “Sualtı qayıq T-9” bədii filmləri də onun operator kamerası vasitəsilə həyata vəsiqə alıb.
Quruluşçu rejissor kimi isə debütü “Qanun naminə” bədii filmi olur. Xalq yazıçısı Süleyman
Rəhimovun “Mehman“ povesti əsasında
çəkdiyi filmin ssenarisini də özü yazır. Filmdə baş rola kənardan aktyor (Şimali Osetiyadan Bimbulat Vatayev) dəvət olunsa da, ekran
əsərində bir
çox görkəmli
sənətkarlarımız rol alıb: Adil İsgəndərov, Rza Təhmasib, Mustafa Mərdanov, Nəcibə Məlikova, Nəsibə Zeynalova, Hacıbaba Bağırov...
Muxtar Dadaşovun “Bakıda
küləklər əsir”
filmi müharibə mövzusunda çəkilən
dəyərli ekran əsərlərindəndir. O, müharibə mövzusunda
hələ 1943-cü ildə
“Bakı döyüşür”
adlı sənədli
film çəkmişdi. Maraqlıdır ki, o, müharibənin gedişi vaxtı S.Vurğunu, Ü.Hacıbəylini,
kimyaçı alim Y.Məmmədəliyevi, neftçilərdən
G.Əliyevi, A.Nematullanı,
R.Rüstəmovu və
başqalarını bu
filmə çəkir.
Sonra bu filmi genişləndirərək
“Bakı-42" adı ilə
lentə alır.
Ancaq istedadlı rejissor fantaziyasını bu filmdə də yekunlaşdırmır. Nəhayət,
1974-cü ildə ”Bakıda küləklər
əsir" bədii filmini çəkərək
istədiyinə nail olur.
Filmdə xalqımızın müharibə illərində
arxa və ön cəbhədə göstərdiyi hünəri,
casusların ifşa edilməsində qəhrəman
çekistlərin ayıq-sayıqlığını,
onların çox cəsarətli əməliyyatları
nəticəsində Bakının
neft mədənlərinin
partladılmasının qarşısının
alınmasını ustalıqla
əks etdirir.
O həm də araşdırıcı
rejissor olub. Çəkdiyi tarixi filmlər
üçün zəngin
material toplayar, sonra onları lentə alardı. “Nəriman
Nərimanov” sənədli
filminin (1966) çəkilişi
zamanı da belə olub. N.Nərimanovun Genuya konfransındakı
çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapır. Sonra həmin kadrları
filmdə canlandırır.
Muxtar Dadaşovun yaradıcılığı
Azərbaycan kinosunun
50 ildən artıq bir dövrünü əhatə edir. Ekran əsərləri dünyanın
bir çox ölkələrində göstərilib.
Onun “Səadət yolu ilə” filmi Moskvada Ümumittifaq festivalında qızıl
medala, “Nəriman Nərimanov” filmi Tiflis festivalında xüsusi mükafata layiq görülüb. Sənətkarın gərgin və yaradıcı əməyi
dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib.
O, Əməkdar incəsənət
xadimi (1960), Xalq artisti (1976) fəxri adlarına və “Şöhrət” ordeninə
layiq görülüb.
Dövlət mükafatı laureatı
olub.
O, ömrünün
son illərinə qədər
böyük həvəslə
filmlər çəkir.
Çəkilişlərdə məsləhətçi kimi iştirak edir. Milli kinomuzun inkişafına
öz töhfələrini
verir.
1998-ci il mayın 7-də vəfat edən sənətkar bu gün də sənətsevərlər tərəfindən
hörmət və məhəbbətlə yad
edilir. Filmləri xalqımızın milli-mənəvi dəyəri
kimi qorunub saxlanılır.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 12 sentyabr.- S. 14.