Ötən
illərin mahnıları
Keçmişin
xatirələri, dəyişməyən duyğular
və Bakı həsrəti
Onunla söhbətimiz zamanı
yarızarafat-yarıgerçək bənzətmələri,
keçmişə səyahətləri, bəzən kövrəlib,
bəzən də üzünə qonan ani təbəssümü təxmini bu təəssüratı yaratmışdı.
O, dünyanın harasında olmasından asılı olmayaraq, daim Bakıda,
bizim yanımızdadır.
Danışığı, təbəssümü, özünəməxsus jestləri və bir az da konservativ (!) azərbaycanlılarsayağı olar-olmazları ilə o yenə də həmin insandır. 80-ci illərin nostaljisindəki Abbas Əhməd. “Ürəyim yanar” deyib dövrün gənclərinin qəlbini ovsunlayan, saç düzümü, geyimi, yəni hər halı ilə 80-lərin adamı. Amma bir o qədər də müasir, dünyanın halından xəbərdar, olub-bitənlərə münasibətdə ədalətli.
Söhbətimiz də elə bu ladda oldu. İllər keçib, nəsillər dəyişib, sənət estetikası, şou və biznes anlamları bir-birinə qarışıb. Amma o dəyişməyib. Yenə həmin biçimdə, həmin görkəmdə. Bircə üz-gözündə həsrət, vətən, doğma Bakı nisgili var. Bunu bəlkə də o anda sezmək olmur. Amma o, ətrafa göz gəzdirib bizim hər gün ötüb-keçdiyimiz küçə və meydanları, həyatımızın bir parçası olan dəyişiklikləri bir-bir şərh edib, sevimli Bakısını təsvir edərkən gözləri həmin həsrəti ilk andaca pıçıldayırdı.
“Ruhum hər an Azərbaycandadır”
Bunu söhbəti zamanı dəfələrlə təkrar edən həmsöhbətim imkan tapdıqca doğma şəhərə tələsdiyini, ən gözəl illərinin, ən şirin xatirələrinin Bakı ilə bağlı olduğunu deyirdi. «Vətənə hər gəlişim mənim üçün bayram olur. Tez-tez yada saldığım vətənimizə mütəmadi gələ bilməsəm də, ruhumu xatirələr dolu şəhərimdə dilləndirirəm. İstər Kipr və Hollandiyada, istərsə də hazırda yaşadığım Moskvada mən Bakını hər gün, hər an xatırlayıram. Azərbaycansız yaşaya bilmərəm. Çünki gəncliyim, həyatımın gözəl illəri burada keçib. İlk səhnə həyəcanını, gözəl duyğuları, tamaşaçı sevgisini, alqışını burada duyub, hiss etmişəm. Tanış küçələr, gözəl şəhər, doğma simalar məni hər an dünənimə aparır. Şəhərimiz indi daha da gözəlləşib. İnanın ki, hər gəlişimdə yeni nə isə görürəm və təbii ki, bu, məni çox sevindirir”.
«Bakı payızı»nın daha bir təranəsi
O da 80-ci illərin məşhur müsabiqəsinin
laureatıdır. Azərbaycan səhnəsinə
bir çox adlar bəxş edən müsabiqə barədə
müsahibim bunları dedi:
«1988-ci ildə mətbuat səhifələrində «Bakı
payızı» müsabiqəsinin keçirilməsi ilə
bağlı bir elan dərc
olundu və mən də öz
məharətimi bu yarışmada göstərmək
qərarına gəldim. Bir ay davam edən müsabiqənin laureatlarından
biri də mən oldum. «Bakı payızı» əksər ifaçılar
kimi mənim də həyatımda silinməz iz qoydu, sənət fəaliyyətimə bahar
təravəti gətirdi.
Baxın, bu gün Azərbaycan estrada musiqisinin
əksər məşhurları
o müsabiqədən pərvazlanıb.
Əslində, o zaman geyimdən
saç düzümünə,
bəstədən aranjimana
hər məqamda müəyyən çətinliklərlə
üzləşirdik. Amma hər
kəsdə qəribə
bir optimizm, ruh yüksəkliyi, əzmkarlıq var idi. Maraqlıdır ki, orada kimsə bir-birini indiki yarışların iştirakçıları qədər
rəqib görmür
və ya bir-birilərinə nə isə problem yaratmırdılar.
Sadəcə, hamı səhnəyə
çıxıb tamaşaçılar
qarşısında öz
sözünü demək,
səsini, ifasını
göstərmək istəyirdi».
O yarışmanın
çoxsaylı iştirakçıları
arasındakı sadə
geyimli - ağ
kostyum, qara futbol köynəyi və özünəməxsus
saç düzümü
ilə seçilən
Abbas Əhməd sonralar daha da
populyarlaşmağa başlayır.
«Bakı payızı»nda
ikincilik qazanır, ardınca «Qızıl payız» müsabiqəsində
(1989) birinci yeri tutur. 1990-cı ildə təşkil olunan «Odlar yurdu»
musiqi müsabiqəsinin
də laureatlarından
olan musiqiçinin sorağı tezliklə respublikamızın sərhədlərini
aşır. Qazaxıstanda
keçirilən Asiya
estrada ifaçılarının
yarışmasında laureat
adını qazanır,
1994-cü ildə Belarusda
«Qızıl şlyager»
müsabiqəsinin iştirakçısı
olur. 1996-cı ildə Moskvada keçirilən ənənəvi
caz festivalına qatılır. Beləcə, bir-birinin ardınca nüfuzlu musiqi yarışmaları, tanınmış
münsiflərin rəyləri
və tamaşaçı
rəğbəti sayəsində
o tanınıb sevilməyə
başlayır.
«Qaya»ya gedən yol
Müsabiqələrdə
qazanılan uğurlar,
fərqli səs tembri və səhnə cazibəsi onu Azərbaycanın ən məşhur estrada ansamblına,
«Qaya»ya gətirir. Əslində, bu məşhur kollektivdə
çalışmaq onun
çoxdankı arzusu
idi: «Mən 14 il «Qaya» ansamblının
üzvü olmuşam.
1988-ci ildə ansambla gəldim. «Qaya»dan başlanan
yol məni sənətdə zirvələrə
qaldırdı. Əslində, bu ansambla gələnədək
mən nisbətən
tanınır, mahnılar
yazdırıb solo fəaliyyətlə
məşğul olurdum.
Amma tanınmış bir ansamblda, məşhur solistlər arasında olmaq, onlarla bir səhnəni paylaşmaq mənim üçün böyük
şərəf idi.
Kollektivin tərkibində qastrollara
gedir, səsimiz, ifamızla Avropanı, Amerikanı gəzirdik.
Təkrarsız ifaçılar, gözəl sənətkarlarımız
Rauf Babayev və Teymur Mirzəyev mənə peşəkar ifaçı
kimi yetişməkdə
çox kömək edirdilər. Bu minvalla ansamblda 2001-ci ilədək çalışdım».
Bir mahnının məşhurluğu
Heç kimə sirr
deyil ki, o, daha çox «Ürəyim yanar» mahnısı ilə populyarlaşdı. Təkcə bir
mahnısı ilə minlərin sevimlisinə, kumirinə çevrildi.
Bu mahnının tarixi
haqqında danışan
müğənni, əslində,
ifanın bu qədər məşhurlaşacağını
gözləmədiyini, sıradan
bir mahnı kimi lentə yazdırdığını deyir:
«Ürəyim yanar» mahnısını 1992-ci ildə
yazdırmışam. Sözləri
Elçin Mirzəbəyliyə,
musiqisi isə mənə aiddir. Mahnını televiziyada ifa
etdiyim ilk gündən
sevildi. Artıq hər yerdə
məndən o mahnını
soruşurdular. Elə indi
də hər bir dinləyici Abbas Əhməd deyərkən bu mahnımın adını
çəkir. Bu məni çox sevindirir. Bir ifa ilə tamaşaçı yaddaşında
qalmaq yəqin ki, müğənni kimi mənim böyük səadətimdir.
Amma mən ümumilikdə oxuduğum bütün mahnılara məsuliyyətlə
yanaşmışam, peşəkar,
musiqidə sözünü
deyən bəstəkarlarla
işləmişəm. O bəstəkarlarla ki, onlar mahnının musiqisi, sözü və aranjimanını vəhdətdə yaradıb,
müğənninin səs
imkanlarına, ifa manerasına uyğunlaşdıra
bilirlər».
Türkiyə-Kipr-Rusiya yollarında
1998-ci ildə qardaş Türkiyədə
çalışmaq təklifi
alan ifaçı
burada iki il fəaliyyət göstərdikdən sonra
ömrünün iki ilini də Kiprdə
keçirib. 2002-ci ildən taleyini Rusiya, Moskva ilə bağlayan sənətçi artıq
neçə illərdir
ki, bu şəhərdə
məkan tutub. Orada iki musiqi albomu
çıxıb. Hazırda şəhərin
məşhur «Bakı
Bulvarı» restoranında
çalışır. Son diskinin 2004-cü ildə işıq üzü gördüyünü deyən
ifaçı Moskvada bakılılar və digər millətlərin təmsilçiləri qarşısında
ifa edərkən daim özünü Bakıda, şəhərin
məşhur musiqi zallarının birinin səhnəsində təsəvvür
etdiyini deyir: «Mən qonaqlar qarşısında təxminən
10 dildə mahnı oxuyuram. Repertuarımda məşhur dünya
musiqiləri olsa da, hər vəchlə
Azərbaycan mahnılarına
üstünlük verirəm.
Və hər ifanın sonunda mənə yönələn
alqışları, bağışlanan
gül dəstələrini,
xoş sözləri xəyalən bütünlükdə
xalqımın, onun böyük, gözəl sənətinin adına
yazıram. Məncə, xaricdə, vətəndən
uzaqda yaşayan sənətçiləri yaşadan
və xoşbəxt edən məhz bu duyğudur».
«Bakı, sabahın xeyir...»
O danışır,
danışdıqca da
xəyalı onu çox uzaqlara aparır: «İllər keçdikcə insan ömründəki xatirələr
də kövrəkləşir,
öləziyir, inanın
ki, insan bəzən keçmişlə
sabah arasındakı çəkişmədə özünə
rahatlıq tapa bilmir. Beləcə, yaşadıqlarını ayırd etməyə çalışırsan. Bu
məqamlarda Bakının
nostaljisi məni heç vaxt tərk etmir. Və hər keçmişə dönüb
Bakımı, dünənimdə
qalanları xatırlayarkən
«Hörüklərin
qaradır, saçların
ay paradır.
Bu bir
aləm yaradır.
Hamı ürəkdən
deyir:
Bakı, sabahın xeyir, Bakı, sabahın xeyir»,
- deyə
bu məşhur mahnını zümzümə
edirəm. Bu gözəl
şəhərimiz haqqında
başqa mahnılar da var və
mən Bakı üçün darıxanda
o mahnılarla həm özümü, həm də vətəndən uzaq düşmüş bakılıları xatirələrə
qərq etməyə çalışıram».
Onun konsert vədi
Daim vətəndə konsert vermək istəyinin olduğunu deyən müsahibim bunun üçün müəyyən danışıqlar
apardığını da
deyir. Təbii ki, konsertin təşkilati
məsələlərində müəyyən problemlər
yaşanmasa: “Gələn
ilin martında bir populyar rus
ifaçı ilə birgə konsert vermək və Abbas Əhməd ifası üçün darıxan həmvətənlərimizi
bir araya yığmaq istərdim. Amma, görək, necə olacaq”.
Hazırda bəstəkar Azər Allahverdiyevlə işlədiyini
bildirən müğənni
Azərbaycan estrada
musiqisinin bugünkü
vəziyyətinə də
münasibət bildirdi.
Onun fikrincə, istənilən
halda əsl musiqi, əsl sənət illər keçsə də, öz dəyərini itirmir. Fikrini ötən illərin məşhur mahnılarının
daim sevilməsi ilə əsaslandırır:
“İndi telekanallar da çoxdur, müğənnilər də.
Amma tamaşaçı-dinləyicilər ötən illərin mahnılarına daha böyük həvəs və sevgi ilə
qulaq asırlar. Özü də bu təkcə
Azərbaycanda deyil, Rusiyada da belədir.
Bilirsiniz,
bəlkə də mahnı çoxdur və bu çoxluqda
insanlar seçim edə və ya mənəvi tələbatlarını tam ödəyə
bilmirlər. Əvvəllər
mahnılar az
çıxırdı, amma
indi bu say yüzlərlə, minlərlədir.
Belə qarışıq vəziyyətdə
yəqin insanlar seçim edə bilmirlər. Amma mən
bir şeyə əminəm ki, yaxşı mahnı mütləq ilk ifadanca insanın qəlbinə yol taparaq yaddaşına
yazıla bilir».
Söhbətinə
də məşhur mahnısından bir hissə ilə nöqtə qoyan müğənni Bakı səhnəsində, çoxdan
darıxdığı və
ondan yana
darıxan dinləyicilər
üçün görüşmək
ümidi ilə bizdən ayrıldı.
Bu dəniz unudub dərdi-sərini
Köksündə həsrətim batar,
baş vurar.
Alıb əllərimdən ümidlərimi,
Çırpar qayalara, çırpar
daşlara.
Ürəyim yanar, qəlbim odlanar,
Sənin yolunu gözlədim yaman, gözlədim yaman...
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 12 sentyabr.- S. 12