Sənətimi
“arxeoloji qazıntı”lara görə
sevirəm
“Aktyor arxeoloq kimi obrazı
qazıb hərtərəfli öyrənməli, sonra səhnədə
canlandırmalıdır”
Səməd Vurğun
adına Azərbaycan Dövlət Rus Dram Teatrının tamaşaçıları
onu özünəməxsus, koloritli, mənfi rolların mahir
ifaçısı kimi tanıyır, teatr və kino
işçiləri onu gün
işığında çıraqla axtarılan qrim ustası kimi qəbul edir. Mədəniyyət
və İncəsənət Universitetinin
tələbələri onu qrim sənətinin ustadı sayırlar.
Maksud Məmmədov isə özü barədə belə deyir:
- Mən qrim işi ilə məşğul olmağa başlayanda teatrımızın baş rejissoru Aleksandr Şarovski dedi ki, bu sənətlə məşğul olmaqda davam etsən, bunun aktyor karyerana çox güclü təsiri olacaq. Zaman gəldi ki, rejissorumuzun uzaqgörənliklə dediyi sözlər nöqtəsinə kimi yerini aldı. İndi Rus Dram Teatrının kollektivindən və bu teatrın tamaşaçılarından başqa məni aktyor kimi az adam tanıyır. Kənarda məni daha çox qrim ustası kimi tanıyır, filmlərə, seriallara dəvət edirlər. Heç kimin ağlına gəlmir ki, qrim ustası Maksud həm də aktyordur.
Rəssam, yoxsa
aktyor?
- Mənim sənətə gəlişim təsadüfi olmayıb. Hələ texniki peşə məktəbində oxuyarkən ağac üzərində oyma sənətinin sirlərini öyrənmişəm. Məqsədim rəssam olmaq idi. Ancaq məktəbi bitirəndən sonra hərbi xidmətə getdim, qayıdanda imtahanlara az qalmışdı. Rəssamlıq Akademiyasına imtahan vermək üçün öz üzərimdə işləməli idim. Anam məsləhət gördü ki, sənədlərimi İncəsənət İnstitutunun (Mədəniyyət və İncəsənət Universiteti) dram-kino aktyoru fakültəsinə verim. Belə bir fikrim olmasa da, sənədlərimi verdim və heç bir həyəcan keçirmədən imtahanların nə ilə nəticələnəcəyini gözlədim. İmtahanlardan bir neçə gün əvvəl sevimli sənətkarımız, Xalq artisti Şəfiqə Məmmədova məni abituriyentlərin arasında görüb dedi ki, sən rus bölməsini bitirmisən, çalış imtahanları uğurla ver, sən bizə lazımsan. Məsləhət gördü ki, Azərbaycan dilində kitablarla da tanış olum. İmtahanı mərhum sənətkarımız Həsən Turabov götürürdü. İmtahan asan keçməsə də, nəticəsi yaxşı oldu. Mən 16 nömrəli musiqi məktəbinin tar sinfini, texniki peşə məktəbini bitirmişdim, üstəlik hərbi xidmətdə olmuşdum. Bütün bunlar ballarımı artırdı, mən dram-kino fakültəsinə qəbul oldum.
Birinci kursda bizə Şəfiqə Məmmədova dərs dedi, ikinci kursdan Şəfiqə xanım kafedra müdiri vəzifəsinə təyin olunduqdan sonra sənət müəllimimiz rəhmətlik Şahmar Ələkbərov oldu. O, bizə (mənimlə bir kursda oxuyan Rəfael, Coşqun və başqa tələbə yoldaşlarımıza) sənətin gözəlliklərini və sirlərini öyrətdi. Şahmar Ələkbərov rəhmətə gedəndən sonra Fuad Poladov bizi axırıncı kursa çatdırdı. Onun ilk buraxılışı biz olduq. Onun köməyi ilə də o kursdan iki nəfər Rus Dram Teatrına gəldik.
“Aktyor psixoloq olmalıdır”
...Doxsanıncılar. Bu nəslin taleyi heç də asan olmayıb. Maksud Məmmədov da bu nəslin nümayəndəsidir.
- O illər ağır illər idi. Sənət arxa plana keçmişdi. Dolanışıq ucbatından aktyorlar teatrı tərk edirdi. Bu səbəbdən
Rus Dram Teatrında da aktyor çatışmırdı.
1994-cü ildə iki nəfər bu teatra gəldik.
Bu qocaman sənət
ocağının tarixində
ilk dəfə olaraq bizi yoxlamadan işə qəbul etdilər. Artıq 19 ildir ki, bu teatrdayam. Rollarımın əksəriyyəti mənfi tiplərdir.
Ancaq səmimi deyirəm, mənim üçün mənfi rollar daha maraqlıdır.
Həmişə demişəm, aktyor
obrazı hərtərəfli
öyrənmək üçün
“arxeoloji qazıntılar”
aparmalıdır. Rol müsbətdirsə,
niyə müsbətdir,
mənfidirsə, niyə
mənfidir. Bu suallara
cavab tapmaq üçün aktyor axtarışlar aparmalı,
obrazı özü üçün kəşf
edib, “arxeoloji tapıntı”nı sonda tamaşaçıya
təqdim etməlidir.
Mənfi
rolların xarakteri zəngin, ziddiyyətli olur. “Burla
Xatun” tamaşasında
Şöklü Məlik
rolunu oynamışam.
O qədər dərin
obraz idi ki, mən onu
hələ də axıra kimi aça bilməmişəm.
Rolu qazıb-qazıb “diriltmək”
lazımdır. Bu mənada aktyor psixoloq olmalıdır.
Mən öz sənətimi həmin o qazıntılara
görə sevirəm.
Qazıntı zamanı tapdıqlarımı
səhnəyə çıxara
bilirəmsə, tamaşaçıya
ötürə bilirəmsə,
rolumun uğurlu olacağına da inanıram.
Maksud Məmmədov teatrda
işlədiyi illərdə
bir çox yaddaqalan rollar oynayıb. Onun səhnədə “diriltdiyi”
obrazlar sırasında
Aqent ("Vid s mosta", A.Miller), Mahmud
("Ray v şalaşe", K.Aslanov), Aktyor ("Salam, mən sizin dayınızam", Elçin),
Doristeo ("Xitroumnaya
vlüblyonnaya", L. de Veqa),
Reks ("Nedosyaqayemaya",
S.Moem), Tomas Mor ("Kral oyunları", Q.Qorin), Celme ("Çingiz xanın sirri", M.Şaxanov), Şöklü Məlik
("Burla Xatun", N.Xəzri), Jon Vallone
("Daha bir Cekson", X.Berqer), Hersoq Albanski ("Kral Lir", U.Şekspir), Şapur
("Fərhad və Şirin", S.Vurğun) rolları aktyorun rəngarəng yaradıcılıq
palitrasının nümunələrindəndir.
- 19 ildir ki, səhnədəyəm.
Ancaq hər il yeni mövsüm başlayanda pərdə arxasında dayanıb səhnəyə
çıxacağım anın
həyəcanını yaşayıram.
Sonra məşqlər başlayır,
o həyəcan tədricən
ötüb keçir.
Mənim
üçün məşq
prosesi vacibdir. Səhnəyə çıxıram, rolumu oynayıram, qayıdanda pərdə arxasında məndən soruşurlar ki, çox tamaşaçı
var? Deyirəm, ilahi, mən
heç adamları görmədim. Çünki aktyorla tamaşaçı
arasında bir divar var. Mən səhnədə olanda tamaşaçını görmürəm.
“Kral Lir”də
belə bir yer var, sən
sözünü tamaşaçının
gözünün içinə
baxaraq deməlisən.
Bir də tamaşaçıları
tamaşa bitəndə,
baş əyəndə
görürəm. Bu xoş bir hisdir.
“Mən necə qrim ustası oldum”
Bu bir həqiqətdir ki, qrim ustası Maksud Məmmədovun uğurları onu bir aktyor kimi
kölgədə qoyub...
- Əvvəlcə
onu deyim ki, qrim sənətində
mənim müəllimim
olmayıb. Teatra gələndə
elə bir dövr idi ki,
nəinki aktyorlar, qrimçilər də teatrı tərk etmişdi. Təsadüf elə gətirdi
ki, 18 yaşlı bir qızı teatra qrimçi götürdülər. Tamaşa vaxtı
qrim otağına getdim, gördüm ki, bu qız
qrim sənətindən
heç nə bilmir. Öz köməyimi təklif
etdim. Və o zamandan etibarən
tamaşalar olanda özüm-özümü qrimləyirdim.
Sonra aktyor yoldaşlarım xahiş etdilər ki, onları da qrimləyim. Bir gün uşaqlar gedib direktora deyirlər ki, Maksud onsuz da
bizi qrimləyir, onu qrim ustası
kimi də işə götürün.
Direktor da razılıq verdi.
O xanımla birlikdə
qrim sənətinə
aid kitablar tapıb öyrəndik. Qismət belə gətirdi
ki, biz ailə qurduq, üç qızımız var, yenə də bir yerdə işləyirik.
“Cin” ona uğur
qazandırdı
- Bir gün teatrımızın
aktyoru Emil Tahirov dedi ki, xaricdən
mütəxəssislər gəliblər,
“Cin-kart”ın reklamı
üçün Cin obrazına məni bəyəniblər. Qrim ustası axtarırdılar,
səni dedim. Məni elə qrimlə ki, seçilim. O “Cin”i qrimləmək qrim ustalığımda bir imtahan oldu.
Aktyoru qrimlədim, son
sözü deyəcək
adam gəldi,
bir dəqiqə emosiyasız Cinə baxdı, tərcüməçiyə
nə isə dedi. Tərcüməçi
sevincək halda dedi ki, bu
adam deyir,
mən inanmırdım
ki, Azərbaycanda Hollivud səviyyəsində
bir qrim ustası görəm. Həmin andan mən bu sənətdə özümü təsdiqləmiş
oldum. O vaxtdan mən teatrın çərçivəsindən kənara çıxıb
qrim ustası kimi televiziyada, kinoda tanındım.
Maksud Məmmədov “Məhkumlar”,
“Üç qız” bədii ekran əsərləri, “Azərbaycan
xanlıqları” silsilə
filmləri, “Seçilən”,
“Bir anın həqiqəti”, “Çətin
yol”, “Ci-Mi”, “Əlamət” və s. bədii televiziya filmlərində qrim ustası kimi öz sənətini bacarıqla nümayiş etdirib.
- Yeddi ilə yaxındır ki, Mədəniyyət və İncəsənət
Universitetinin tətbiqi
incəsənət fakültəsində
qrim sənətindən
dərs deyirəm. Bu sənətin incəliklərini
tələbələrimə öyrədirəm. Uğurlarımı o qədər də böyük hesab eləmirəm. Yaşıdlarım var ki, onların
uğurları mənim
uğurumdan qat-qat çoxdur. Mənim “çatışmayan” əsas cəhətim həqiqəti üzə deməyimdir. Ağa ağ, qaraya
qara deyən adamam. Hərdən fikirləşirəm ki, mən bu
zəmanənin adamı
deyiləm. Xeyirxah cəngavərlər
keçən əsrlərdə
qalıb. Həmişə doğrunun tərəfindəyəm
və belə düşünürəm ki,
həqiqət həmişə
azlığın tərəfində
olur.
Sənətdə özümə qarşı
tələbkaram. Bir aktrisanı
maneken kimi qrimləməli idim.
Maneken nə qədər cəlbedici olsa da, gözləri şüşə kimi soyuq olur. Çox fikirləşdim, çarəni
yuxuda tapdım. Manekenin gözlərini bağladım
və yeni gözlər düzəltdim.
Çox adam
məni sehrbaz hesab edir, elə
bilirlər ki, nə istəsələr,
düzəldə bilərəm,
ancaq mənə bir işi sifariş
verəndə, onu görməyənəcən “hələ
bilmirəm” - deyirəm.
Elə ki, o işin açarını tapdım,
tam əminliklə boynuma
götürürəm.
“Qırmızı bağ”da
ilk böyük rol
- Rejissor Mirbala Səlimli məni "Qırmızı
bağ" filminə
dəvət etdi, baş rolu - Abbas müəllim rolunu verdi,
dedi ki, şəkillərini görmüşəm,
mənim qəhrəmanıma
tam uyğun gəlirsən.
Bu, kinoda ilk böyük
rolumdur. Film Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə “Salnamə” kinostudiyası və Rusiyanın “Weit Media” şirkəti tərəfindən
birgə ekranlaşdırılır.
Hadisələr Azərbaycanın əyalət şəhərlərindən
birində baş verir. Filmdə orta məktəb
müəllimi Abbasla onun həyat yoldaşı Vəfanın
məişət qayğılarından
bəhs olunur.
Aktyor, qrim ustası
və müəllim.
O, günün saatlarını
da belə bölür: Səhnə,
qrim otağı və auditoriya...
Təranə Vahid
Mədəniyyət.-
2012.- 12 sentyabr.- S. 12.