Ölkəmiz
Daşkənddə mətbəx festival-müsabiqəsində
təmsil olunub
Daşkənddə Özbəkistanın Xarici Ölkələrlə
Dostluq Cəmiyyətləri Şurasının təşəbbüsü
ilə “Tasanno-2012” beynəlxalq mətbəx festival-müsabiqəsi
keçirilib.
Festivalda 19 ölkənin Özbəkistandakı
səfirlikləri milli yemək və şirniyyatlarını
təqdim ediblər.
Açılış mərasimində
diplomatik korpus adından çıxış edən Azərbaycanın
Özbəkistandakı səfiri Namiq Abbasov festivalın təşkilatçılarını
təbrik edib. Bu günlərdə Bakıda “İpək
Yolunun tamı: kulinariya, mədəniyyət və turizm”
adlı beynəlxalq konfransın keçirildiyini nəzərə
çatdıran diplomat belə tədbirlərin mədəni əlaqələrin
güclənməsində, beynəlxalq turizm şəbəkəsinin
formalaşmasında əhəmiyyətli rol
oynadığını deyib. Qeyd olunub ki, zəngin mətbəx
mədəniyyətinə malik olan Azərbaycan kulinariya
turizmini inkişaf etdirmək əzmindədir.
Səfirliyimiz üçün
ayrılmış guşədə ölkəmizin tarixi, mədəniyyəti,
iqtisadi inkişafı ilə əlaqədar kitab və
broşürlər, müxtəlif xalçalar, milli məişət
əşyaları nümayiş etdirilib. Milli geyimli qızlar
festivala gətirilən yemək və
şirniyyatlarımız - plov, yarpaq dolması, dovğa,
qutablar, paxlava, şəkərbura haqqında qonaqlara məlumat
verib, onları bu təamları dadmağa dəvət ediblər.
Festival geniş konsert proqramı ilə başa çatıb.
Azərbaycan səfirliyi festival təşkilatçılarının
diplomuna və medalına layiq görülüb. Səfirliyimizə
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşəkkür
məktubu da verilib.
Mədəniyyət.-
2012.- 12 sentyabr.- S. 9.