Yaşamaq gözəldir, qardaşım!
Kinorejissor Rafiq Yüzbaşı yubilyardır. Qəribədir.
Əlbəttə, yaş təəccüb
doğurmur. Təbiidir ki,
əgər o, 1937-ci ildə anadan olmuşsa, bu gün onun
75 yaşı vardır. Qəribə başqa
şeydir. Rafiqin 60
yaşı tamam olanda
o, 30 ilə yaxın işlədiyi və
bir-birindən maraqlı filmlər çəkdiyi doğma C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasından artıq ayrı düşmüşdü.
90-cı illərin əvvəlləri idi. Bu elə dövr idi ki, nəinki kinostudiya, ümumilikdə məmləkət dağılırdı, rəhbərliyin səriştəsizliyi, ayrı-ayrı qruplar arasında gedən çəkişmələr, didişmələr ölkənin az qala parçalanmasına gətirib çıxarmışdı. Digər tərəfdən, erməni faşizminin bu pərakəndəlikdən istifadə edərək Azərbaycan torpaqlarını zəbt etməsi əhali arasında çaxnaşmaya səbəb olmuşdu.
Belə bir vaxtda kinostudiyada çalışan yüzlərlə kino işçisi bekarçılıqdan, işsizlikdən pərən-pərən düşmüşdü. O cümlədən də R.Yüzbaşı özünə başqa yerlərdə iş axtarırdı.
Yubiley məqaləsini yazarkən səbəbkarın həyat tarixçəsini qələmə almaq həm yubilyar, həm də oxucu üçün daha xoş olar.
Beləliklə... Rafiq ziyalı ailəsində dünyaya göz açmışdır. Uşaqlıq çağlarından, özünün dediyinə görə, onu müxtəlif peşə adamları, atasının dostları əhatə etmişdir. Rafiqin gələcəkdə jurnalist sənətini seçməsində bu maraqlı adamların, əhatənin rolu az olmamışdır.
Bakıdakı 190 nömrəli orta məktəbdə təhsil aldığı illər, sonra hərbi xidmət və nəhayət, indiki Bakı Dövlət Universitetində unudulmaz tələbəlik dövrü. Gəncliyin ən coşqun və ən gözəl çağları.
Dahi şairimiz Nizami Gəncəvi gənclik haqqında necə də gözəl demişdir:
Həyat aləmidir hər şeydən üstün,
Cavanlıq görünür ən qiymətli gün.
Həyatdan yaxşı şey dünyada nədir?
Gənclikdən gözəl şey bir əfsanədir.
R.Yüzbaşı universitetdə məndən bir kurs aşağıda oxuyurdu. Buna baxmayaraq yaxınlığımız vardı. Çox vaxt müxtəlif tədbirlərdə bir yerdə iştirak edərdik. Ağırtəbiətli oğlan idi. Onun bu təbiətinə görə hərdən zarafata salıb deyirdim: “Rafiq, elə bil atalar “ağır otur, batman gəl” misalını sənə baxıb söyləyiblər”. Mənim zarafatımdan heç vaxt inciməzdi.
O, 1964-cü ildə universiteti bitirəndə mən artıq bir il idi ki, Respublika Kinoprokat İdarəsi nəzdində Azərbaycan və rus dillərində nəşr olunan “Kino yenilikləri” qəzetində çalışırdım. Redaksiyada tərcüməçi yeri boş olduğu üçün onu qəzetdə işləməyə dəvət etdim. Bir il bir yerdə işləməli olduq. Rafiq təkcə bacarıqlı tərcüməçi deyil, həm də səriştəli redaktor kimi özünü göstərdi. Qəzetə məqalə yazmaq üçün “Azərbaycanfilm” kinostudiyasına tez-tez gedən Rafiq bir gün mənə dedi ki, rejissorluq sənəti onun yaman gözünü tutub, orada işləmək istəyir.
Yaxşı deyiblər ki, niyyətin hara, mənzilin də ora. 1965-ci il avqustun 27-də onun əmək kitabçasında belə bir cümlə yazıldı: “Rafiq Yüzbaşı rejissor assistenti vəzifəsinə təyin olunsun”. Bəli, o gündən Rafiq kinostudiyada rejissor assistenti işlədi. Günlərin birində o, Azərbaycan Televiziyasında işləməyi qərara aldı. Və 1966-cı ildən 1975-ci ilə kimi “Azərbaycantelefilm” yaradıcılıq birliyində redaktor vəzifəsində çalışdı. Lakin R.Yüzbaşı rejissor olmaq, filmlər çəkmək istəyirdi. Bu istək, bu arzu ona rahatlıq vermirdi. Nəhayət, o, fikrini televiziyanın sədri Elşad Quliyevə bildirdi və onun xeyir-duası ilə Moskvaya yollandı. Orada ikiillik Ali Ssenaristlər və Kinorejissorlar Kurslarında təhsil aldı.
Onun başı dərslərə elə qarışır ki, iki ilin necə gəlib-getməsindən də xəbər tutmur. Kurslarda sənətin sirlərinə yiyələnən gənc rejissor 1976-cı ildə “Mosfilm” kinostudiyasında Rusiyanın Xalq artisti, məşhur kinorejissor Y.Karasiqin çəkdiyi “Şəxsi münasibət” bədii filmində təcrübə keçən rejissor vəzifəsində çalışır.
Nəhayət, 1977-ci ildə Rafiq müəllim Bakıya qayıdır və “Azərbaycanfilm” kinostudiyasının nəzdindəki Xronikal-Sənədli və Elmi-Kütləvi Filmlər Birliyində yenidən fəaliyyətini davam etdirir. Kinodan tamam uzaqlaşana, yəni 1993-cü ilə kimi burada onlarla film, o cümlədən “Əhalinin siyahıya alınması” (1978), “Fəhlə həyatının başlanğıcı” (1979), “Uşaqların xoşbəxtlik bayramı” (1980), “Qan qohumluğundan irəli” (1980), “EHM sənayeni idarə edir” (1981), “Şamxor Su-Elektrik Stansiyası” (1981), “Hippokrat andı” (1983), “Bir sinədə iki ürək” (1984), “Yolda adamlar” (1985), “Neftçi-87” (1987), “Vətənin keşiyində” (1988), “Kino yenidənqurmanın astanasında” (1988), “Novruz çələngi” (1988), “Yolunuz uğurlu” (1989), “Çempion” (1990) və s. sənədli, “Çoxcərgəli pambıq əkini sahələrində balanslaşdırılmış yem” (1982), “Qanadlı şəfavericilər” (1990) və s. elmi-kütləvi filmləri çəkmişdir.
Rejissorun 1987-ci ildə yaratdığı “Quşlarda çiçək xəstəliyi” elmi-kütləvi filmi 1988-ci ildə Bişkekdə (Qırğızıstan) keçirilən sənədli və elmi-kütləvi kənd təsərrüfatı filmlərinin X Ümumittifaq kinofestivalında Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına və diplomuna layiq görülmüşdür.
Bu, Rafiq müəllimin yaratdığı filmlərin heç də tam siyahısı deyil. O, “Sovet Azərbaycanı” və “İncəsənət” kinojurnalları üçün yüzlərlə kinosüjet çəkmişdir. Əgər çəkilən filmlərin tarixlərinə və mövzularına diqqət yetirsəniz, aydın görmək olar ki, rejissor necə həvəslə bu kinolentlər üzərində işləmişdir, Azərbaycan kino salnaməsini dəyərli ekran əsərləri ilə zənginləşdirməyə çalışmışdır.
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə 60 illik yubileyi ilə əlaqədar ikinci dəfə “Sosialist Əməyi Qəhrəmanı” adının Kreml sarayında təntənəli surətdə təqdim edilməsi mərasimini əks etdirən “Sovet Azərbaycanı” kinojurnalının xüsusi buraxılışının da rejissoru Rafiq müəllim olmuşdur.
Təəssüflər olsun ki, R.Yüzbaşı 20 ilə yaxındır ki, sevimli peşəsindən ayrı düşmüşdür. Lakin bu illər ərzində milli kinomuzda baş verən prosesləri daim izləmiş, müstəqil Azərbaycan kinosunun sabahının bu günündən də gözəl olacağına şübhə etməmişdir. Anadan olmasının 75 illiyi münasibətilə Rafiq müəllimlə görüşüb söhbət edəndə o, belə bir fikir söylədi: “Mən bu gün film çəkməsəm də, özümü kinodan ayrı təsəvvür etmirəm. Kinoda baş verən hadisələrdən, gedən proseslərdən xəbərdaram. Mənim bu yaşımda ölkəmizdə yaranmış yeni quruma - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv olmağım təsadüfi deyil. Görkəmli sənətkarımız, sevimli aktrisamız Şəfiqə xanım Məmmədovanın rəhbərlik etdiyi bu təşkilatın işində yaxından iştirak etməyi, Azərbaycan kinosunun inkişafı naminə əlimdən gələn köməyi əsirgəməməyi qarşıma məqsəd qoymuşam.
Digər tərəfdən, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən “Bu meydan, bu ekran” müsabiqəsinin hər dəfə ortaya çıxardığı gənc istedadların beynəlxalq kinofestivallarda iştirakı, onların filmlərinin mükafat və diplomlara layiq görülməsi bir kino veteranı kimi məni çox sevindirir. Bəli, estafet etibarlı əllərdədir. Bu, gəlişigözəl sözlər deyil. Bu, həqiqətdir. Bütün bunlara baxıb necə sevinməyəsən”.
Yaşamaq gözəldir, qardaşım! Bu yubiley ilində sənə uzun ömür və cansağlığı arzu edirəm.
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi
Mədəniyyət.-
2012.- 12 sentyabr.- S. 7.