Masallıda Beynəlxalq Folklor Festivalı keçirilib
Mədəniyyət və
Turizm Nazirliyinin “Xalq Yaradıcılığı
Paytaxtları” proqramına
uyğun olaraq, 2012-ci ildə “Azərbaycanın
Folklor Paytaxtı” elan olunmuş Masallı şəhəri
sentyabrın 7-dən 9-dək möhtəşəm bir tədbirə - Beynəlxalq
Folklor Festivalına ev sahibliyi edib.
Mədəniyyət və
Turizm Nazirliyi və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə keçirilən
festivalda Azərbaycan,
Rusiya, Türkiyə, İran və Latviyanın 20-yə yaxın
folklor kollektivi iştirak edirdi.
Sentyabrın 7-də Masallı şəhərindəki Heydər
Əliyev Parkının
qarşısındakı meydanda
folklor bayramının
açılış mərasimi
keçirilib. Mərasimdə
mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Masallı
Rayon İcra Hakimiyyətinin
başçısı Rafil
Hüseynov, Milli Məclisin deputatları
Elmira Axundova, Nəriman
Əliyev, Rusiya, Türkiyə, Yaponiya, Qazaxıstan və Latviyanın ölkəmizdəki
səfirliklərinin nümayəndələri
iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə
ümummilli lider Heydər Əliyevin abidəsi önünə
gül dəstələri
düzərək xatirəsini
ehtiramla yad ediblər.
Bayram libasında bəzənmiş
meydanda tribuna qurulub, yerə xalı-xalça sərilib.
Festival iştirakçıları
ilə tanışlıq
buradan başlanıb.
Meydandan Azərbaycan bayrağı
ilə keçən folklor kollektivləri (Naxçıvanın “Yallı”,
Masallının veteran və
gənclərdən ibarət
"Halay" ansamblları),
festivalın xarici qonaqları alqışlarla
qarşılanıb.
Meydanda folklor kollektivlərinin
paradı və nümunəvi çıxışları
olub. Rusiya Federasiyası Dağıstan
Respublikasının “Şavla"
(“Şölə”) folklor
ansamblının təqdim
etdiyi şux, qıvraq rəqsləri İran İslam Respublikası nümayəndələrinin
çıxışları əvəzləyib. El sənətkarlarının saz-söz
ustalığı, ürəkləri
oxşayan məharətləri
alqışlanıb. Kabardin-Balkar (Rusiya Federasiyası) folklor kollektivinin təqdim etdiyi rəqslər də tədbirə rəng qatıb. Latviyanın folklor kollektivinin
buynuz formalı çalğı aləti
xalqın qonaqpərvərlik
rəmzi kimi nümayiş etdirilib.
Qardaş Türkiyə folklorçuları
bitkin bir rəqs kompozisiyası nümayiş etdiriblər.
Sevgi, məhəbbət, qəhrəmanlıq
süjetində birləşən
kompozisiyadakı nəğmələr,
rəqslər sürəkli
alqışlar doğurub.
İlk təqdimat Masallının
gənclərdən ibarət
rəqs kollektivinin gözəllik, cəsurluq,
qəhrəmanlıq ifadə
edən rəqsi ilə yekunlaşıb.
Sonra tədbir Masallı şəhərindəki Nizami
Gəncəvi adına mədəniyyət
və istirahət parkında davam edib. Açıq meydanda təşkil edilmiş sərgidə qonaqlar yerli rəssamların əsərləri,
rayon tarix-diyarşünaslıq muzeyinin eksponatları, xalq tətbiqi sənəti nümunələri,
qədim dulusçuluq
məişət əşyaları,
milli mətbəxin nümunələri ilə
yaxından tanış
olublar.
Masallının
Ərkivan kəndindən
dulusçu Cəsarət
Nuriyevin nümayiş
etdirdiyi gil və qumdan hazırlanmış onlarca
məişət əşysı,
sandıqçı Şərafət
Əzizovun əl işləri, Boradigah kəndindən sənətkar
Taleh Ağayevin düzəltdiyi qılınclar,
müxtəlif döymələr,
samovarlar, Yaqub Məmmədovun tikdiyi papaqlar festival iştirakçılarının
dərin marağına
səbəb olub. Ərkivanlı Əbülfət
Nuriyevin suvenirləri kiçik həcmli olduğundan çeşidləri
çoxdur. Sərgidə
Musakücə həsirçiləri
dədə-baba adətlərini,
Təhmasib Məcidov çəkdiyi rəsm əsərlərini, Əntiqə
Tağıyeva Masallı
tarix-diyarşünaslıq muzeyinin eksponatlarını
nümayiş etdirib.
Axşam saatlarında Masallı şəhərindəki Nizami
Gəncəvi adına
mədəniyyət və
istirahət parkında
festivalın rəsmi açılışı olub.
Masallı Rayon
İcra Hakimiyyətinin
başçısı Rafil
Hüseynov Azərbaycanın
qədim və zəngin folklor irsinə malik olduğunu vurğulayaraq bu böyük xəzinəmizin dünyaya
tanıdılmasında Prezident
İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini
qeyd edib. Qobustan qayalarının ritmlərindən, ana laylaları, ata öyüdlərindən süzülüb
gələn qədim folklorumuzun Masallıda da qorunub saxlanıldığını,
inkişaf etdirildiyini bildirib.
Mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədliyeva
festival iştirakçılarını nazir Əbülfəs Qarayevin adından salamlayıb. Folklor bayramının məqsədindən
danışan nazir müavini tədbirin dünya mədəniyyətlərinin
yaxınlaşmasına töhfə
olduğunu vurğulayıb.
Festivalın keçirilməsi
üçün yaxşı
şərait yaradıldığına
görə rayon rəhbərliyinə
minnətdarlığını bildirib.
Çıxışlardan
sonra konsert proqramı təqdim olunub.
Beynəlxalq festivalın iştirakçıları
sentyabrın 8-də rayonun
Boradigah qəsəbəsində
və Şərəfə
kəndində konsert proqramı ilə çıxış ediblər.
Üç gün davam edən sənət bayramı sentyabrın 9-da
Masallı Olimpiya İdman Kompleksində yekunlaşıb. Çıxış
edənlər isti qarşılanmaya, yüksək
qonaqpərvərliyə, təşkilatçılığa
görə bütün
masallılılara minnətdarlıqlarını
bildiriblər.
Festivalın yekun konsertində Rusiya, İran, Türkiyə, Latviyadan gələn sənətçilər,
o cümlədən Naxçıvan
və Masallının
folklor qrupları möhtəşəm konsert
proqramı ilə çıxış edərək,
bir daha məharətlərini nümayiş
etdiriblər.
Bu ilin may ayında Bakıda keçirilən “Eurovision-2012” müsabiqəsində
Latviyanı təmsil etmiş Anmarinin ifasında bəstəkar Polad Bülbüloğlunun
“Gəl, ey səhər!” mahnısının
Azərbaycan dilində
səslənməsi tamaşaçılar
tərəfindən böyük
hərarətlə qarşılanıb.
Xatırladaq ki, latviyalı müğənni
"Sarı gəlin"
Azərbaycan xalq mahnısını öz repertuarına daxil edəndən sonra ölkəmizdə daha da məşhurlaşıb.
Sonda tədbirdə iştirak etmiş bütün kollektivlərə Azərbaycanın
qədim tarixini və mədəniyyətini
əks etdirən xatirə hədiyyələri
təqdim edilib.
Mədəniyyət.-
2012.- 12 sentyabr.- S. 5.