Xarici media təmsilçilərinə
ölkəmizin turizm imkanları
haqqında məlumat verilib
Sentyabrın 7-də mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev “İpək Yolunun tamı:
kulinariya, mədəniyyət və turizm” beynəlxalq
konfransını izləmək üçün
paytaxtımıza gəlmiş ABŞ, Böyük Britaniya,
Almaniya, İspaniya, İrlandiya və digər ölkələrin
media nümayəndələri ilə görüşdü.
“Jumeirah Bilgah Beach Hotel”də
gerçəkləşən görüşdə xarici
KİV təmsilçilərinə Azərbaycanın qədim
mədəni irsi və turizm potensialı haqqında geniş məlumat
verildi.
Ölkəmizdə mədəni
sahəyə yönəlmiş dövlət
qayğısından söz açan nazir qeyd etdi ki, son illər
bir çox mədəniyyət ocaqları əsaslı təmir
edilib və müasir avadanlıqla təchiz olunub.
Azərbaycanda turizmin
inkişafı istiqamətində görülmüş
işlərdən danışan nazir bildirdi ki, son 10 ildə
Azərbaycanda bu sahə sürətlə inkişaf edir:
“Paytaxtda və regionlarda infrastruktur qurulur, yeni-yeni hotellər
tikilir, turistlərin qəbulu və yerləşdirilməsində
mövcud problemlər aradan qaldırılır. Ölkəmiz
turizm sahəsində müxtəlif beynəlxalq təşkilatlarla
əlaqələrini getdikcə genişləndirir. Dünya
Turizm Təşkilatı ilə birgə Bakıda keçirilən
konfrans da həmin əlaqələrin bariz nümunəsidir”.
Əbülfəs Qarayev
xalqımızın milli adət-ənənələri, Novruz
bayramı, xalçaçılıq sənəti,
aşıq sənəti və s. barədə də xarici
KİV təmsilçilərinə məlumat verərək
qeyd etdi ki, bu qeyri-maddi mədəni irs nümunələrimiz
UNESCO və İSESCO-nun müvafiq komitələri tərəfindən
qorunan irs siyahısına salınıb.
Görüşdə viza rejiminin
sadələşdirilməsi, beynəlxalq mədəni layihələrin
reallaşdırılması, xarici KİV-də Azərbaycanın
mədəni həyatına dair mühüm məlumatların
yerləşdirilməsi və digər məsələlər
müzakirə olundu. Sonda nazir xarici ölkələrin
jurnalistlərini maraqlandıran sualları cavablandırdı.
Fəxriyyə
Mədəniyyət.-
2012.- 12 sentyabr.- S. 3.