Sözün dərzisi - Xəyyat Mirzə
Haqq
aşığı
Zaman keçdikcə aşıq ədəbiyyatında
Xəyyat Mirzənin incə ruhlu şeirləri boy verib
görünməkdədir. Xəyyat Mirzə 1885-ci ildə
saz-söz beşiyi olan Tovuzun Bozalqanlı kəndində anadan
olub. Atası Abbasqulu Ağa oğlunu mirzə görmək istəyi
ilə Axund Abdullanın mədrəsəsinə qoysa da,
uşaq yaşlarından saza, sözə böyük sevgisi
olan Mirzə bu sənətin ardınca getmir. Atasının təkidi
ilə xəyyatlığı-dərziliyi öyrənir.
Çox keçmir ki, gözəl şeirləri ilə eldə-obada
Xəyyat Mirzə kimi ad qazanır.
Sənə qurban olum, fələk,
Dağları qardan ayıram!
Bülbüllər oxusun bağda,
Heyvanı nardan ayıram!
Cavanlığında
hündürboylu, enlikürək, yaraşıqlı bir
oğlan olan Mirzə ömrünün gözəl
çağlarında mədrəsədə onunla birgə oxuyan
Axund Ağbaş Abdullanın qızı Dostu xanıma
aşiq olur. Elçilər dəfələrlə axundun
qapısını döysələr də, Axund oruc tutub,
namaz qılmayan, “Məsail”ni bilməyən bir adama qız verməyəcəyini
deyir.
Ağrın alım, namə,
söylə eşidim,
Bizə gətirdiyin xoş xəbərdimi?
Ağ nazik əllərlə, incə
barmaqla,
Səni yazan görüm o dilbərdimi?
Amma elin adəti var, ənənəsi
var, qız evinə on dəfə gedən yenə gedər. Xəyyat
Mirzə Qurani-Kərimi oxumuşdu, ona görə də
Ağbaş Axunda bu dəfə şeir yazıb göndərir.
Ancaq şeiri kağıza yox, axund üçün tikdiyi ləbbadənin
kürəyinə iynə-sapla tikiş vuraraq yazır. Nəhayət,
Xəyyat Mirzənin elçiləri yola düzəlib yenidən
axundun evinin kandarını kəsdirirlər. “Xoş-beş”dən
sonra axund əvvəl dediyini yenə deyir. El arasında
deyildiyi kimi: Nuh deyir, peyğəmbər demir. Xəyyat Mirzənin
göndərdiyi ləbbadəni axunda verirlər. Axund
yaraşıqlı, zövqlə tikilmiş ləbbadəni
alıb şövqlə əyninə geymək istəyəndə,
kürəyində ərəb əlifbası, xəttat
ustalığı ilə yazılmış şeiri
görür:
Elmin xəbərdarı,
mürşüdü-kamil,
Bu dünyanın pür kənarı
neçədir?
Söylə görüm, neçə
buçuq millət var,
Əfzəliylə günahkarı
neçədir?
Bu şeiri oxuyandan sonra Axund Xəyyat
Mirzənin dərin bir şair olduğunu görüb
qızını ona verməyə razı olur.
Başına döndüyüm, vəfalı
dilbər,
Dolan, gəl yanıma sən
şirin, şirin.
Ala gözlərinə, qələm
qaşına
Can qurban edərəm mən
şirin-şirin.
Xəyyat Mirzə şifahi xalq yaradıcılığının bütün formalarında gözəl nümunələr yaratmış sənətkardır. Onun gəraylı, qoşma, müxəmməs, təcnis və divaniləri məna yükünə, axıcılığına, xəlqiliyinə görə ölümsüzdür:
Anlayan anlasın, qanmayan qansın,
Dostun pis gününə sınanam indi.
Qarşıda sən ana,
Ağla məni sən, ana,
Dosta xain baxanın
Ruci olsun sənana.
Folklorşünas alimimiz Rüstəm
Rüstəmzadənin təbirincə
desək, Xəyyat Mirzənin şeirlərində
olan bədiilik, oynaqlıq, ahəngdarlıq
dinləyicini özünə
daha çox cəlb edir.
O şeirlərində
canlı xalq dilindən, zərb-məsəllərdən
yerli-yerində, məharətlə
istifadə eləmişdir:
Pozulubdur mən Mirzənin əsası,
Seyrəqubla qurtarmayıb davası.
Deyirlər ki: “Qabaq qoçun
qisası
Heç buynuzlu qoçda
qalmaz”, əzizim.
Xəyyat Mirzənin “Qandal
Nağı” dastanı
onu həm də bir dastançı
aşıq, sənətkar
kimi məşhurlaşdırıb.
Bu nümunə XIX əsrin sonu, XX əsrin əvvəllərində
yaranmış dastan yaradıcılığının ən qiymətlilərindən
sayılır.
Onun Aşıq Hüseyn Bozalqanlı, Şəkili
Aşıq Molla Cuma, şair Vəli Bozalqanlı, Qazaxlı İsmayıl Katiblə deyişmələri,
hərbə-zorbaları əfsanələşib,
dastanlaşıb, dildən-dilə,
eldən-elə dolaşıb.
Saz-söz adamları ilə
dostluq münasibətləri
Xəyyat Mirzəni bütün Azərbaycana tanıdıb.
Başına döndüyüm, vəfalı
dilbər,
Mən sənin əhdinə
vəfa bağladım.
Götürdüm
əlimə eşq orağını
Dən biçib zülfündən
bafa bağladım.
Xəyyat Mirzə 1922-ci il
dekabrın 25-də vəfat
edir. Şairin qəbri o gündən-bu
günə ziyarətgaha
çevrilir.
Bu dünyada yetişmədim murada
Yaradan, öldürmə, yazığam məni.
Kəşf eyləyib gəzər olsan taparsan
Gələn qışı qara,
yazı qəm məni.
Onun yaradıcılığını
xalq yaşadıb, aşıqlar, ozanlar təbliğ edib. Şeirləri ilk dəfə Rüstəm
Rüstəmzadənin tərtibatı
ilə 1966-cı ildə
işıq üzü
görüb. Xəyyat
Mirzənin yaradıcılığının,
bədii irsinin daha mükəmməl bir nümunəsi isə 2010-cu ildə millət vəkili Qənirə Paşayevanın
ön söz müəllifliyi və Bağban Babanın tərtibçiliyi ilə
işıq üzü
görən “Könlüm
hicran otağı” kitabıdır. Bu kitabda şairin ədəbi inciləri cəmləşib.
Zaman keçdikcə sözün
dərzisi - Xəyyat Mirzənin şeirləri könlümüzü bəzəyir,
onun ölçülü-biçili
söz naxışları
aşıq ədəbiyyatının
gözəl nümunələrdəndir.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 14 sentyabr.- S. 15.