Xatirələr
işığında
Ağababa Novruzov - 80
Xalqımızın mədəni incisi, əsrlərlə
qorunaraq nəsildən-nəslə ötürülən
muğam sənətinə həmişə böyük maraq
olub. Elə bu səbəbdən də Azərbaycan musiqisi hər
zaman görkəmli muğam ustaları ilə tanınıb.
XX əsr muğam sənətimizdə özünəməxsus
iz qoymuş sənətkarlardan biri də xalqın sevgi və
rəğbətini qazanan ustad ifaçı Ağababa Novruzov
idi. Ömür vəfa etsəydi, bu il 80 yaşını qeyd
edəcəkdi.
Ağababa Əli oğlu Novruzov
1932-ci ildə Xızı rayonunun Qəriban kəndində
anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə və ədəbiyyata
böyük maraq göstərmişdir. 1947-ci ildə ailələri
Bakıya köçür, Ağababa təhsilini burada davam
etdirir. Gecə məktəbində orta təhsili başa
vuraraq sürücülük məktəbinə
yazılır. Bir müddət sürücü işlədikdən
sonra 1952-ci ildə hərbi xidmətə yollanır. Hərbi
xidmətin üçüncü ayında səhhəti
(ürək xəstəliyi) ilə əlaqədar tərxis
edilir.
Musiqiyə, ədəbiyyata olan
marağı, həm də gözəl səsə sahib
olması 50-ci illərin ortalarında onu muğam sənətinə
gətirir. Daha dəqiq desək, o, gözəl səsi
olduğunu bilən musiqiçi dostlarının təkidi ilə
bu addımı atır. Fitri istedadı sayəsində tezliklə
bütün muğamları dəstgah şəklində mənimsəyir
və enişli-yoxuşlu sənət yollarında peşəkar
xanəndə kimi yetişir. 60-cı illərdən başlayaraq
muğamsevərlərin sevimlisinə çevrilir. Xanəndə
əsasən Əməkdar artist Zülfü Adıgözəlovun
məktəbindən bəhrələnmiş və onun layiqli
davamçılarından biri olmuşdur.
Ağababa Novruzovun 80 illiyi ərəfəsində onu yad etmək üçün bir zamanlar çiyin-çiyinə çalışdığı sənət dostları ilə əlaqə saxladıq. Bu gün muğam sənətində öz dəst-xətləri olan sənətkarlarımızdan ustad xanəndə Ağaxan Abdullayev, tarzənlər Valeh Rəhimov və Vamiq Məmmədəliyev onu xoş xatirələrlə yada saldılar. Onu da deyim ki, ailəmizin video arxivində bu sənətkarların neçə-neçə möhtəşəm ifaları qorunub saxlanılır. Hər dəfə bu lentləri izləyəndə insan sənətin necə böyük bir qüvvə olduğunun şahidi olur. Yüksək sənətkarlıq insanın ruhuna, daxili aləminə hoparaq böyük təlatümlər yaradır, desək yanılmarıq. Video lentlərdə həmin xoş, çal-çağırlı, unudulmaz illərdə bu sənətkarların muğam deyişmələri, el şənliklərindəki birgə ifaları buna dəlalət edir ki, onların mərhum sənət dostları haqqında danışmağa ürəkdolusu sözləri var.
* * *
Xalq artisti Ağaxan Abdullayev xanəndəni yad etdiyimizə görə təşəkkürünü bildirərək dedi: “Ağababa Novruzov haqqında danışmaq mənim üçün çox xoşdur. O əsl xanəndə idi. Sözsüz ki, bu gün hər bir ifaçıya ustad, sənətkar demək adət şəklini alıb. Amma Ağababa Novruzov kimi xanəndələrin ustad sənətkar adlandırılmağa tam haqqı vardı. Onun gözəl səs diapazonu var idi. Xanəndələrin səsi iki növə bölünür: pəsxan və zilxan xanəndəlik. Ağababa zilxan xanəndələrdən idi. Onun üstün cəhəti onda idi ki, ədəbiyyatı və qəzəliyyatı gözəl bilirdi. Muğamlarda gözəl qəzəllər seçib istifadə edirdi. Tələffüzü çox aydın və səlis idi. Bir də özünəməxsus qaval çalmağı var idi. Bu xüsusiyyəti onu daha çox fərqləndirirdi. Xanəndə özü-özünü müşayiət etməyi bacarmalıdır. Ağababa bu istedadı ilə də seçilirdi. Muğamlarımızı dürüst, klassik şəkildə çatdırmağı, heç bir əlavələr etməməyi onu xalqa sevdirmişdi. Onun haqqında çox danışmaq olar. Bakıda və respublikamızın rayonlarında onunla el şənliklərində çox olmuşuq. Gözəl “Zabul”, “Rast” oxumağının şahidi olmuşam. “Şur” dəstgahında elə bir “Sarənc” oxuyardı ki, tayı-bərabəri yox idi. İfasını xalqa çatdıra bilirdi. Xüsusən də Abşeron muğamsevərləri onu çox dəyərləndirirdilər. Ümumiyyətlə, xalq arasında böyük hörməti var idi”.
* * *
Əməkdar artist, tarzən Vamiq Məmmədəliyev isə xanəndə ilə bağlı xatirələrində bunları söylədi: “Onun sənətindən əlavə, ilk olaraq insanlığından danışmaq istəyirəm. Ağababa çox müsbət keyfiyyətlərə malik bir insan idi. Ünsiyyətcil, yaxşı mərifət əhli idi. O, bizim evin əziz qonağı, ailəvi dostum idi. Rəhmətlik Ağababa Novruzov, Yaqub Məmmədov, Bakir Haşımov, Hacıbaba Hüseynov, tarzənlərdən Sərvər İbrahimov, Bəhram Mansurov və digər sənət dostlarımız tez-tez bir yerə yığışar, sənətdən, ədəbiyyatdan danışardıq. İndi düşünürəm ki, nə yaxşı bir zamanlar bu insanlarla muğam, ifaçılıq barədə fikir mübadiləsi aparmışıq. Həmin günlərin xoş xatirəsi bu gün Ağababa haqqında danışmağa da imkan verir. Onda xanəndəyə məxsus bütün keyfiyyətlər var idi. İfaçıya lazım olan aşağı, orta və zil səsin üçü də Ağababa müəllimin sənətində birləşmişdi. Seyid Əzimi, Füzulini, Nizamini dürüst bilirdi. Heç vaxt ara qəzəllər ifa etməzdi. Həmişə klassika oxuyardı. Bu gün bir çox gənc xanəndələr Ağababa kimi ustadlardan öyrənməli, onun sənətindən bəhrələnməlidirlər. Çünki hazırda asan, heca vəznində olan qəzəllərə gənclər daha çox üstünlük verirlər. Mən deyərdim ki, əsl sənətkar olmaq üçün belə incə məqamlara diqqət yetirmək lazımdır.
Bir söz var, deyərlər ki, “özünə güvənən xanəndə tarsız, tarzən isə kamançasız olmaz”. Tarzən xanəndəni müşayiət edərkən zövq alarsa, özü də gözəl ifa edəcək. Əgər tarzən xanəndədən zövq almasa, qəti onu müşayiət edə bilməz. Həmişə Ağababa müəllim yanımda olanda istəmişəm ki, həm onun gözəl ifasından zövq alım, həm ifamla onun sənətini qabarıq büruzə verim, sənətinin yüksəkliyini dinləyiciyə çatdırım. O, bütün muğamları gözəl oxuyurdu. Məclislərdə ondan muğam istəyəndə bütün enerjisini həmin dəstgaha həsr edirdi. Xüsusən bizim kənd muğama dəyər verən, xalq sənətini sevən olduğu üçün Ağababa müəllimin də xətrini çox istəyirdilər. Onun haqqında ürək açıqlığı ilə, həvəslə danışıram. İstənilən anda müraciət etdiyin zaman o dəqiqə dostun yanında olardı. Heç soruşmazdı ki, nə baş verib, hara gəlim? Bir zəng vuran kimi özünü dostlarının köməyinə çatdıran insan idi. Onun xətrin həm də ona görə çox istəyirdilər ki, mədəniyyəti yüksək idi. Oturuşunda, danışığında bir sanbal var idi. Heç vaxt ondan bayağı təsnif, bayağı ifa eşitmədim”.
Uzun illər ustad sənətkarla birlikdə çalışmış tarzən, Əməkdar artist Valeh Rəhimovun xanəndə ilə bağlı xatirələri bitib-tükənmir. Onu da qeyd edim ki, xanəndənin fotoşəkillərini əldə etməkdə Valeh müəllimin bizə böyük köməyi oldu və buna görə ona minnətdarıq. Həmsöhbətim Ağababa Novruzovu 1975-ci ildən tanıdığını dedi: “Ağababa ilk işlədiyim xanəndələrdən biri olub və ömrünün sonuna kimi onunla birlikdə çalışdım. Deyərdim ki, hamıdan çox onunla ünsiyyətdə olan insanlardan biri mən olmuşam. Lirik-dramatik səsinin rəngarəng boyaları var idi. İfasında “Mahur-segah”, “Rast”, “Çahargah” kimi muğamlar gözəl səslənirdi. Səsinin diapazonu çox geniş idi. İfasında lentə alınıb radionun fondunda saxlanılan “Çahargah” muğamı musiqi mədəniyyətimiz tarixinə əvəzsiz töhfədir. O, çox zəngin bir mühitdə püxtələşmişdi. Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Yaqub Məmmədov məktəbindən bəhrələnmişdi. Oxu tərzində qərar tutmuş şəxsiyyətlərdən biri də Aşıq Şakir olmuşdu. Bu ustadların sənətini sintez edərək, mənimsəyərək ifaçılıqda özünü tapmışdı. Bütün bunların nəticəsində Ağababa Novruzov adlı bir sənətkar yetişmişdi. Qəzəl ehtiyatı həddən artıq bol idi. Muğamlarda, Nizaminin, Füzulinin yaradıcılığı ilə yanaşı, Nəbati, Sərraf, Hacı Mail, Raci, Vahid, Seyidağa kimi şairlərin qəzəllərindən də istifadə edərdi.
Ürəyi yumşaq, bir az da əsəbi insan idi. Çox vaxt özü öz ifasından narazı olardı. Xanəndə üçün vacib olan əsas xüsusiyyətlərdən biri də aydın diksiyadır ki, rəhmətlik Ağababa bu cəhətdən təkrarsız idi. O, qəzəlin tələffüzünə, bölünməsinə dəqiqliklə əməl edərdi. Bəzən xanəndələrlə qəzəlləri müzakirə edər, düzgün variantının oxunmasını tələb edərdi. Sənətinin aşiqi idi. Məsuliyyətlə yanaşardı işinə. Gözəl “Dilkeş”, “Vilayəti” oxuyardı. Onun haqqında ancaq xoş xatirələr danışmaq olar. Ən yaxın dostu Yaqub Məmmədov idi. Çox istərdim ki, Ağababanın oxu tərzini bu gün yaşadanlar olsun. O, xanəndəlik sənətimizdə haqqı olan sənətkarlardan biridir. Vaxtilə onun qrammofon valları işıq üzü görmüşdü. Çox arzulardım ki, 80 illiyi ilə bağlı onun müasir albomu işıq üzü görsün, gənc nəsil də onun sənətindən bəhrələnsin”.
* * *
Musiqisevərlərin dərin rəğbətini qazanmış Ağababa Novruzov Azərbaycan Dövlət Konsert Birliyinin solisti olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radiosunun “Qızıl fondu”nda bir sıra lent yazıları qorunub saxlanılır. Tarzən, Xalq artisti Ağasəlim Abdullayevin rəhbərlik etdiyi “Araz” xalq çalğı alətləri ansamblının müşayiəti ilə lentə alınmış “Zabul segah” və “Rast” muğamları səs incilərimiz sırasındadır. Xanəndənin ifasında lentə alınmış “Mahur”, “Orta segah”, “Çahargah” və s. muğamlar dinləyiciləri bu gün də riqqətə gətirir. Onun gözəl qaval çalması, yüksək musiqi duyumu, aydın tələffüzü dinləyicini ram etməkdə əsas “silahı” idi. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ərsəyə gələn “Muğam ensiklopediyası”nda Ağababa Novruzov haqqında da məlumat, sənəti barəsində yüksək fikirlər yer alıb. 80 illiyi ərəfəsində mərhum xanəndə haqqında sizlərə çatdırdığımız bu xoş xatirələr də onun adını bir daha yaddaşlarda təzələdi.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 14 sentyabr.- S. 13.