“Baxdım
bu dünyanın pəncərəsindən”
Sentyabrın 14-də
yazıçı-dramaturq Aslan Qəhrəmanlının
73 yaşı tamam olur
Azərbaycan
tamaşaçıları onu daha çox “Səni
axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz”
televiziya tamaşalarının müəllifi
kimi tanıyırlar. Üstündən 31
il keçsə də, əfsanəyə
çevrilmiş bu tamaşa hələ də yaddaşlarda,
xatirələrdə yaşayır. Hələ də
Elçinlə Gülnarın sonrakı taleyi
insanları düşündürür.
“Görəsən, indi o haradadır? Toyu oldumu? Bəlkə Vasifə zəng edib soruşum? Yox, soruşmağın mənası yoxdur. Fərli bir cavab verməyəcək, fikirləşəcək ki, Elçinin başı xarab olub... Mən o qızla cəmi beş dəfə görüşmüşəm. Beş dəfə. Amma bu görüşləri ən kiçik təfərrüatına qədər xatırlayıram. Yadımdadır, hər şey bir adi yaz günündən başladı...” (“Səni axtarıram”).
Beləliklə, müsahibimiz Aslan Qəhrəmanlıdır.
- Aslan müəllim, düz 16 il bundan əvvəl sizə “Aslan Qəhrəmanlı kimdir?” sualını vermişdim və siz “Adi bir müəllim, Azərbaycan Dövlət Neft Akademiyasının dosenti. Bir də hərdən yazı-pozu ilə məşğul olan, hekayələr, povestlər yazan bir adam. Bir də böhran şəraitində özünü oda-közə vurub uşaqlarını saxlamaq istəyən bir ata” cavabını vermişdiniz. 16 ildən sonra bu suala necə cavab verərdiniz?
- Neft Akademiyasından çıxmışam. Vergilər Nazirliyinin “Azərbaycanın vergi xəbərləri” aylıq elmi jurnalında 7 il baş redaktor işlədim. Yeddi ilin tamamında, yeddinci ayın yeddisində ərizə yazıb işdən çıxdım. Azərbaycan Universitetinin riyaziyyat və informatika kafedrasında dosent işlədim. Bir müddətdən sonra məni Azərbaycan Universitetinə rektor təyin etdilər. Bir il yarıma yaxın bu vəzifədə işləyəndən sonra təqaüdə çıxdım.
- Vəzifədə işləməyiniz yaradıcılığınıza necə təsir elədi?
- Mənim üçün vəzifənin heç bir əhəmiyyəti yoxdur. Heç vaxt vəzifə dalınca qaçmamışam, əksinə, vəzifədən qaçmışam. Müxtəlif vəzifədə işləməyin yaradıcılığa o mənada təsiri var ki, çox adam tanıyırsan, müxtəlif xarakterli insanlarla qarşılaşırsan, fərqli insan tipləri ilə tanış olursan. Yaradıcı insan üçün bunlar gələcək qəhrəmanlarının həyatdakı prototipidir.
- Yəni obrazlarınızı həyatdan götürürsünüz.
- Mütləq. Başqa cür ola da bilməz. Əsərdəki qəhrəmanlarımın əksəriyyəti tanıdığım adamlardır. Hətta nağıllarımdakı qəhrəmanlar belə o adamların xüsusiyyətlərini daşıyır.
- Siz o xoşbəxt sənətkarlardansınız ki, çox əminliklə “heç vaxt yazdıqlarımdan utanmamışam” deyirsiniz.
- Doğrudan da elədir. Lap elə çap olunmamış yazılarım var ki, mən onu götürürəm, görürəm ki, indi çap elətdirsəm utanmaram. Çünki mən fikirləşdiyimi yazıram, kimin isə xoşuna gəlməsi üçün yazmıram.
- 16 il bundan əvvəl beş kitabınız işıq üzü görmüşdü. Yəqin ki, bu illərdə kitablarınızın da sayı artıb?
- İndiyədək 26 kitabım çıxıb. Ancaq bu kitabların təxminən yarısı bədii əsərlərdir, qalanı isə dərsliklər, dərs vəsaitləri və monoqrafiyalardır.
- Sizin həmmüəllifi olduğunuz “Vergi mədəniyyəti” kitabını görmüşəm. Maraqlı adı var.
- Azərbaycanda da, digər sovet respublikalarında olduğu kimi, vergi problemləri yalnız müstəqillik qazanıldıqdan sonra öyrənilməyə başlanıb. Bu kitabı da, iqtisadiyyata və vergilərə aid olan elmi məqalə və dərslikləri də görkəmli alim Akif Musayevlə birlikdə yazmışıq. Vergiyə aid tövsiyələr, məlumatlar, müxtəlif ölkələrdə hansı vergilər olub, vergini neçə yığırlar, necə ödəyirlər, bir sözlə, vergi haqqında bu kitabda çox dəyərli məlumatlar var. Orta məktəb şagirdləri üçün də bizim üç dərsliyimiz işıq üzü görüb. Üçüncü-beşinci sinif şagirdləri üçün “Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı”, yuxarı sinif şagirdləri üçün isə “Vergilər” adlı iki kitabımız çap olunub.
- İlk kitabınız 1971-ci ildə işıq üzü görsə də, on il sonra “Səni axtarıram” televiziya tamaşası müəllif kimi sizi daha çox məşhurlaşdırdı. Artıq tarixə çevrilmiş bu tamaşanın öz tarixi də maraqlıdır.
- O vaxtlar Azərbaycan Dövlət Televiziyası respublikamızda yeganə telekanal idi. Televiziyada “Hekayə axşamı” adlı veriliş vardı və biz də hamı kimi axşamlar bu verilişə baxardıq. Verilişdə iki-üç hekayədən səhnəcik hazırlayardılar. Bir dəfə yenə bu verilişə baxırdıq, gördük ekranda yazıldı: Aslan Qəhrəmanov. “Bir otaqda beş nəfər”. Bu hekayəm “Ədəbiyyat və incəsənət” qəzetində çap olunmuşdu. Hekayə xoşlarına gəlib, götürüb səhnələşdiriblər. Sonra məni axtarıb tapdılar, dedilər, sənin hekayələrin tamaşa üçün əlverişlidir. Xüsusilə də dialoqlar xoşlarına gəlmişdi. Bir neçə hekayəmi səhnələşdirib verdim.
“Səni
axtarıram” mənim sayca yeddinci televiziya tamaşam oldu. Ondan qabaq müxtəlif
rejissorlar altı hekayəm əsasında tamaşa hazırlamışdılar.
Ramiz Həsənoğlunun hazırladığı
tamaşalar daha maraqlı idi. “Bir payız
axşamı” tamaşasında
əsas rollarda Kamal Xudaverdiyevlə Yaşar Nuri çəkilmişdilər. “Müsabiqə” hekayəsinin
motivləri əsasında
hazırlanmış tamaşada
Hamlet Qurbanov, Hamlet Xanızadə
iştirak edirdilər.
Hər iki tamaşa çox uğurlu alınmışdı. Rejissor Tahir
Tahirov “Spektr”i hazırlamışdı. Bu
tamaşada Yaşar Nuri ilə Amaliya
Pənahova oynayırdılar.
Tariyel Vəliyevin və Həsən Əblucun tamaşaları da baxımlı idi.
“Səni
axtarıram” pyes şəklində yazdığım
ilk əsər idi.
Pyesin öz yazılma tarixçəsi
var. Rəhmətlik Tariyel
Vəliyev bir gün dedi ki,
tamaşa hazırlamaq
istəyirəm, iki nəfər üçün
bir pyes yaz. Yazdım. Ədəbi dram redaksiyasının baş redaktoru Nahid Hacızadənin, həmin redaksiyanın redaktorları Aydın Qurbanoğlunun və Həbibə Məmmədxanlının
çox xoşuna gəldi. Tariyel müəllim pyesi oxuyan kimi dedi
ki, Elçin rolunda Yaşarı görürəm. Dedim elə mən də Yaşarı təsəvvür eləmişəm.
Çünki mən cavan vaxtı bir az Yaşara oxşayırdım.
Ancaq Gülnar roluna
aktrisa tapılmadı.
Tariyel müəllim bir ildən sonra hansısa verilişdə Firəngiz
Mütəllibovanı görüb
bəyənmişdi, gəlib
bizə dedi ki, Gülnarı tapmışam.
Tamaşa 1980-ci ilin axırlarında
çəkildi. Həmin ilin
qışı qarlı,
çovğunlu keçirdi.
Montajda Tariyel müəllimlə yanaşı, mən də, Nahid Hacızadə də iştirak edirdik. Elə olurdu ki, səhərə
kimi montaj otağından çıxmırdıq.
Tamaşada o dövr üçün
riskli məqamlar vardı. Nahid Hacızadə də,
televiziyanın rəhbəri
Elşad Quliyev də narahat idilər ki, tamaşa yuxarılarda necə qarşılanacaq.
"Səni axtarıram"
1981-ci ilin əvvəllərində
efirə getdi, “letuçka”ya 5-10 dəqiqə
qalmış Mərkəzi
Komitədən zəng
gəldi ki, tamaşa yaxşı tamaşadır, xoşumuza
gəldi. Doğrudan da
uğurlu bir tamaşa oldu və böyük səs-küy yaratdı.
- 31 ildən sonra deyə bilərsinizmi tamaşanın
uğuru nədə idi?
- Tamaşada pyes, rejissor işi, aktyorlar, musiqi bir-birini tamamlayırdı. Bütün məşqlərdə
və çəkilişlərdə
özüm də iştirak etmişdim.
Tariyel Vəliyev olduqca həssas, məsuliyyətli,
yüksək zövqlü
bir rejissor idi. Hər kadrın üstündə
əsirdi, tamaşaya musiqi seçəndə onun necə düşünüb-daşındığını,
dəfələrlə seçim
etdiyini yaxşı xatırlayıram. Tamaşadan sonra
televiziyaya o qədər
məktublar gəlirdi
ki, oxuyub qurtara bilmirdik. Tariyel müəllimin bir “diplomat”ı vardı, məktubları ona doldurub aparırdı evə. Tamaşaçılar məktub yazıb
qəhrəmanların sonrakı
taleyi ilə maraqlanırdılar. Televiziyanın rəhbərliyindən təklif
gəldi ki, bu tamaşanın davamını yazmaq lazımdır. Çətin deyildi, həyat həmişə davam edir. Beləliklə, ikinci hissə
- “Bağışla” və
üçüncü hissə
- “Səndən xəbərsiz”
yarandı.
- Elə bu son illərə kimi tamaşaçılar
Elçinlə Gülnarın
trilogiyadan sonrakı taleyini gözləyirdilər.
- Belə bir məsələ var idi. Sovetlər dağılandan
sonra bu tamaşanın davamını
çəkmək istədilər.
Dedim ki, lazım olsa yazaram. Ancaq maddi vəsait
olmadığından bu
arzu gerçəkləşmədi.
Bir neçə il əvvəl
yenə təşəbbüs
oldu, bu dəfə mən istəmədim, dedim ki, çox keçib, daha gecdir.
- Qəhrəmanlarınızdan
sizə daha yaxın olanı hansıdır?
- Hərəsinin
öz yeri var. Elçin müəllimi daha çox istəyirəm.
- Çexov deyirdi ki, ədəbiyyat
ağrının özüdür.
Bu gün ədəbiyyat
o ağrıları daşıya
bilirmi?
- Ədəbiyyat
ağrıları həmişə
daşıyıb, amma
hansı səviyyədə
daşımağı var. Elə
vaxt olub ki, o ağrıları çiyninə alıb, bükülə-bükülə daşıyıb, elə vaxtlar olub ki,
əyləncə kimi
daşıyıb. Müxtəlif
yazıçıların, dövrlərin ədəbiyyatı
var. Puşkin dövrü,
Tolstoy dövrü, Dostoyevski
dövrü... Ədəbiyyat elə bil əvvəlki
missiyasını itirib.
Ancaq yenə də o ağrıları daşımağa
çalışır.
- Hər yazıçının özünəməxsus
yazı üsulu var. Siz necə yazırsınız?
- Qəhrəmanlarımı
gözümün qabağına
gətirirəm, deyirəm,
filanı xoşbəxt
olacaq, filanı öləcək. Yazıram, sonra
baxıb görürəm
ki, “öldürmək”
istədiyim qəhrəman
əsərin sonunda sağ-salamatdır. Yazdığım fikirləşdiyim kimi alınmır.
- Bilirik ki, hazırda memuar yazırsınız.
Bu barədə nə deyərdiniz?
- Xatirələrimi
yazıram. Bəzi hissələri çap
olunub. Bu klassik formada memuar deyil, xırda
miniatür hekayələrdir.
Adı da belədir: “Baxdım bu dünyanın pəncərəsindən”
- İllər
öncə özünüzə
nə arzulayardınız
sualına “Dözüm!”
cavabını vermişdiniz.
Ömrünüzün 73-cü payızında özünüzə nə
arzulayardınız?
- Dözüm,
bir də cansağlığı.
Redaksiyamızın qonağı olan Aslan müəllimi yola salanda sevimli yazıçımızdan “Bir də qismət olarsa, 16 ildən sonra görüşərik” diləyi ilə ayrıldım. Gülüb, arzuma qoşuldu.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 14 sentyabr.- S. 10.