Tarixə
səyahət
Son illər
aparılan arxeoloji qazıntılar nəticəsində
bir çox qədim
tikililər, mədəni irs nümunələri
aşkar edilən Ağsu
rayonuna infotur
“Miras” Mədəni
İrsin Öyrənilməsinə Kömək
İctimai Birliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası və “Heritage
Travel” turizm şirkətinin
birgə təşkilatçılığı ilə
sentyabrın 11-də Ağsu rayonuna infotur təşkil
olundu.
Kütləvi informasiya vasitələri, turizm şirkətləri, Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının iştirak etdiyi infoturun məqsədi orta əsr Ağsu şəhəri ərazisində aparılan arxeoloji tədqiqatların yeni nəticələri, Şıxməzid türbəsi yaxınlığında XVI əsrə aid məscid kompleksində kəşfiyyat işləri barədə ictimaiyyəti məlumatlandırmaq, “Orta əsr Ağsu şəhəri” arxeoloji turizm kompleksi ilə tanışlıq və “Şirvan xəzinəsinə aparan yollar” mədəni irs turlarının təbliği idi. Səfər çərçivəsində təşkil olunan brifinqdə görülmüş işlər və gələcək layihələr haqqında ətraflı məlumat verildi.
* * *
Bakıdan yola düşən avtobusumuzun Ağsu rayonunda ilk dayanacağı “Seyrəngah” çay evi oldu. Bizi Ağsu arxeoloji ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev və Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Novruzov qarşıladı. Çay süfrəsi arxasında keçən görüşdə R.Novruzov bu cür infoturların təşkilinin Ağsu rayonunun arxeoloji turizm imkanlarının təbliği, ümumilikdə tariximizin, mədəni irsimizin öyrənilməsi baxımdan əhəmiyyətini qeyd etdi.
XVI əsrə aid
abidə təsadüf nəticəsində tapılıb
Daha sonra Şıxməzid məscidində arxeoloji kəşfiyyat işləri ilə tanış olmaq üçün həmin əraziyə yollandıq. Ekspedisiyanın rəhbəri Q.Cəbiyev məlumat verdi ki, orta əsrlərə aid tikilinin qalıqları ərazidə sakinlərə verilmiş həyətyanı sahələrdə hamarlama işləri aparılarkən aşkar edilib. Sakinlərin məlumatı əsasında Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən məhəllədə yerləşən türbə ətrafında araşdırmalar aparılıb, qədim abidə olduğu müəyyən edilib. Bununla bağlı ərazidə inşaat işlərinin dayandırılması tövsiyə olunub, həyətyanı sahələrin sahiblərinə isə rayon rəhbərliyi tərəfindən başqa yerdə torpaq sahəsi verilib.
Ekspedisiya tərəfindən abidəni xilas etmək məqsədilə ərazidə ilkin kəşfiyyat qazıntıları aparılarkən səliqə ilə yonulmuş iri ölçülü mədən daşlarından istifadə olunmaqla qiblə istiqamətində tikilən düzbucaqlı formalı binanın bünövrə hissəsi aşkara çıxarılıb. Bina təqribən 400 kvadratmetrə qədər sahəni əhatə edən iri zaldan və nisbətən kiçikölçülü, çoxsaylı otaq-hücrələrdən ibarətdir. Alim deyir ki, aşkar edilən tikinti qalıqlarında həndəsi və nəbati elementlərlə bəzədilmiş nəfis kaşı nümunələrinin üstünlük təşkil etməsi, tikilinin memarlıq xüsusiyyətləri, qiblə istiqamətində inşa edilməsi, ətrafında hər birinin içərisində ocaq qalıqları qeydə alınan otaq-hücrələrin mövcudluğu binanın daha çox məscid olması ehtimalını artırır.
Qeyd edək ki, vaxtilə Azərbaycanda tədqiqatlar aparmış arxeoloq Cəmil Aleksandroviç Nasifinin 1926-cı ilə aid məlumatında Ağsuda Şamaxı Cümə məscidinə bənzər böyük məscidin olması barədə qeyd var. Rayonun yaşlı sakinlərinin dediyinə görə, Şıxməzid məscidi və türbəsi 1930-cu ildə sovet rejimi tərəfindən həyata keçirilən “mədəni inqilab” zamanı dağıdılmışdır.
İlkin tədqiqatlar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri, o cümlədən Şirvanşah Qazi bəy və I Təhmasibin hakimiyyəti illərində Şamaxıda zərb olunmuş sikkələr Ağsu şəhərinin Şıxməzid məhəlləsindəki məscidin XVI əsrin ortalarında tikildiyini deməyə əsas verir. Ərazidə arxeoloji tədqiqatlar davam etdiriləcək.
Tarixi abidələrə biganə qalanlar
da var
Əfsuslar olsun ki, ərazinin xüsusi mühafizə lentləri ilə bağlanmasına və qorunması ilə bağlı yerli orqanlara müvafiq xəbərdarlıq olunmasına baxmayaraq, burada su və kanalizasiya xətti üçün xəndək qazan inşaatçılar tərəfindən abidə ciddi dağıntıya məruz qalıb. Qafar Cəbiyevin sözlərinə görə, bu barədə ekspedisiya rəhbərliyi tərəfindən aidiyyəti orqanlara həm şifahi, həm də yazılı məlumat verilib: “İnşaatçılar hətta arxeoloqların tədqiq etdikləri tikinti kompleksinə aid divar, mədəni təbəqə və istehsalat qalıqlarının bir qismini ekskavatorla dağıdaraq ətrafa səpələyiblər. Axı bu bizim tariximizdir. Biz tariximizə biganə qalmamalıyıq”.
1,5 hektar sahədə
10 mindən artıq maddi-mədəniyyət nümunəsi
Növbəti dayanacağımızda “Orta əsr Ağsu şəhəri” arxeoloji turizm kompleksi ilə tanış oluruq. “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli deyir ki, burada arxeoloji tədqiqatlar 2010-cu ilin martında başlanıb. 40 hektar sahə şərti qazıntı sahələrinə ayrılıb. III, IV, V, VI və VII qazıntı sahələrində işlər başa çatıb. Binada maraqlı arxeoloji turizm kompleksi yaradılıb: “Ərazi 40 hektar olsa da, biz üç il ərzində onun yalnız 1,5 hektarını öyrənə bilmişik. Həmin ərazilərdə bərpa və konservasiya işləri aparılıb və bu proses davam etməkdədir. Bu müddətdə 10 mindən yuxarı maddi-mədəniyyət nümunəsi aşkar olunub ki, arxeoloji turizm kompleksində onların bir hissəsi nümayiş olunur. Digər eksponatlar isə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib”.
F.Xəlillinin sözlərinə görə, orta əsr Ağsu şəhər yerində aparılan araşdırmaların nəticələri artıq beynəlxalq səviyyədə təbliğ olunur: “Bu ilin aprel ayında “Tarixi şəhərlərimizdə kərpic memarlığı” adlı beynəlxalq konfrans keçirdik. 1-5 oktyabr tarixlərində Ağsu şəhərində daha bir beynəlxalq tədbir - IV Beynəlxalq Avrasiya arxeologiyası konfransı keçiriləcək. Konfransda arxeoloji turizmin inkişafı və perspektivləri müzakirə olunacaq. Tədbirə Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Çin, İtaliyadan alimlər dəvət olunub”.
İki dəfinə
aşkarlanıb
Orta əsr Ağsu şəhər yerində arxeoloji tədqiqatlar bu il də davam edib. Tədqiqatlar şərti olaraq VII qazıntı sahəsi adlandırılan ərazidə aparılıb. Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Elmira Abbasova deyir ki, buradakı iri çökəklik ilk baxışdan hər kəsin diqqətini cəlb edib: “Yerüstü əlamətlər burada hansısa möhtəşəm tikintinin olduğundan xəbər verirdi. Əvvəlcə çökəkliyin şimal və şimal-şərq hissəsində içəri tərəfdən səliqə ilə suvanmış divar qalıqları aşkar olundu. Daha sonra şərq, qərb və cənub divarları, habelə şimal istiqamətindən olan giriş və pilləkənlər açıldı. Beləliklə, orada uzunluğu 34,6, eni 11,7, dərinliyi 7,1, divarlarının qalınlığı 1,9 m, ümumi sahəsi 243 kvadratmetr olan nəhəng tikinti olduğu müəyyənləşdirildi”.
Tikintinin içərisi bütünlüklə bişmiş kərpiclə döşənib. Bu məqsədlə işlənən kərpiclər də tək-tək sayılıb - 4318 ədəd. Tikintinin içərisi təmizlənərkən oradan üstdən düşmüş bir cüt dəyirman daşı, mis qazanlar, vaz, su qabları, qurğuşun güllə nümunələri, güllə istehsalı üçün istifadə olunan qəlib, muncuqlar, müxtəlif təyinatlı digər məişət əşyaları, habelə xarici ölkələrdən gətirilmiş şüşə və çini qablara aid fraqmentlər tapılıb.
Ərazidə həmçinin iki dəfinə aşkar edilib. Gümüş pullardan ibarət dəfinədə 25, qızıl pullardan ibarət dəfinədə isə 37 ədəd sikkə aşkarlanıb. Tapıntıların müqayisəli təhlili əsasında aşkar olunan tikilinin XVIII əsrin ortalarında inşa olunduğunu və paytaxtı Ağsu olan Şirvan xanlığına aid mərkəzi anbar-buzxana olduğunu düşünmək olar. Bu tip binalarda adətən şəhərin ehtiyat ərzaq fondu, xüsusən də xan və xan ailəsinə aid ortaq və digər məhsullar saxlanılırdı. Yaxın gələcəkdə tikilinin bərpası nəzərdə tutulur.
İnfotur iştirakçıları ərazidə tapılan məscidin qalıqları ilə də tanış oldular.
Mədəni irs
və arxeoloji turlara maraq artır
“Heritage Travel” şirkətinin direktoru Rəşad İbrahimov son dövrlərdə yerli turistlərin arxeoloji, mədəni irs turlarına marağının artdığını deyir: “Bu turlara tələbələr daha çox maraq göstərirlər. Təkcə avqust ayında 15-ə qədər tur təşkil etmişik. “Şirvan xəzinəsinə aparan yollar” mədəni irs turları çərçivəsində turlar təşkil edirik. Bu zaman həm də Bakı-Qobustan-Şamaxı-Ağsu-İsmayıllı marşrutu üzrə müxtəlif tarixi abidələr ziyarət olunur. Çalışırıq bu turları təbliğ edək. “Miras” İctimai Birliyi ilə birgə arxeoloji turizmin inkişafı üçün Ağsu ərazisində bu il üç dəfə yay düşərgəsi saldıq. Düşərgədə gənclər iştirak edirdilər. Maraqlananlar qazıntı prosesində də iştirak edirdilər”.
“Millennium Tourism & Congress DMC” şirkətinin əməkdaşı Aygün Abbasova da bu sahənin yeni olduğunu, arxeoloji turizmin inkişafı üçün təbliğatın aparılmasının vacibliyini vurğulayır: “Bu gün dünyada belə turlar geniş yayılıb. Əgər müraciətlər olarsa, müvafiq turlar təşkil edə bilərik. Düşünürəm ki, “Orta əsr Ağsu şəhəri” arxeoloji turizm kompleksi turistlər üçün çox maraqlı bir məkandır. Burada işləri tamamlayaraq turizm məhsulu kimi təbliğ edə bilsək, həm yerli, həm də xarici turistləri bölgəyə cəlb etməyə nail ola bilərik”.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 14 sentyabr.- S. 8.