Kitablarımız
Moskvada beynəlxalq sərgidə nümayiş olunub
Sentyabrın 5-10-da XXV Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası
keçirilib. Mötəbər kitab bayramında ölkəmizi
Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat
sektorunun müdiri Çingiz Əlioğlu və
aparıcı məsləhətçisi Elşad Əliyev təmsil
ediblər.
Sentyabrın 5-də 70 ölkənin
təmsil olunduğu, 1500-dən artıq
iştirakçının qatıldığı sərgi-yarmarkanın
rəsmi açılış mərasimi olub. Mərasimdə
Rusiyanın Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə
Federal Agentliyinin rəhbəri M.Seslavinski, Beynəlxalq Kitab Sərgi-Yarmarkaları
Baş Direktorluğunun müdiri N.Ovsyannikov, Belarusun informasiya
nazirinin birinci müavini L.Ananiç və digər vəzifəli
şəxslər, xarici ölkələrin səfirləri
iştirak ediblər.
Sərgidə Azərbaycan, rus,
ingilis dillərində dövlətçiliyimizə, tariximizə,
Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə
həsr olunmuş nəfis tərtibatlı çap məhsulları
böyük maraq doğurub, ziyarətçilərə
ölkəmiz haqqında müxtəlif jurnallar, turistik
xarakterli bukletlər, kitabçalar, xəritələr, CD-lər
hədiyyə olunub, mədəniyyətimizin tarixi və bu
günü, Qarabağ problemi barədə informasiyalar
çatdırılıb.
Sentyabrın 7-də Ç.Əlioğlu
sərgi-yarmarka zamanı MDB çərçivəsində
kitab sərgi-yarmarkaları təşkilatçılarının
və milli kitab palatalarının direktorları
şuralarının yaradılması məqsədilə
keçirilmiş iclasda iştirak edib.
Həmin gün sərginin mətbuat
zalında MDB ölkələrinin IX Beynəlxalq "Kitab sənəti"
müsabiqəsi qaliblərinin təntənəli
mükafatlandırma tədbiri keçirilib. Bu müsabiqədə
bütün iştirakçı ölkələrdən
çox - ikisi I, biri III, ikisi isə xüsusi diplom olmaqla,
beş mükafata layiq görülmüş Azərbaycan
naşirlərinin uğurları yüksək qiymətləndirilib.
Mükafatları almaq üçün səhnəyə dəvət
olunan Ç.Əlioğlu münsiflər heyətinə
naşirlərimiz adından təşəkkürünü
bildirib, Azərbaycan kitab sənətinin inkişaf perspektivlərindən
söz açıb.
Sentyabrın 8-də Azərbaycan
ekspozisiyasında Moskvada yaşayan diaspor üzvlərinin
nümayəndələri, alim və yazıçılarla
görüş keçirilib. Görüşdə Prezident
İlham Əliyevin müvafiq sərəncamları ilə bu
il yubileyləri keçirilən N.Gəncəvi və
M.F.Axundzadə yaradıcılığı haqqında fikir
mübadiləsi aparılıb, yubileylərlə əlaqədar
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr
edilən çap məhsulları nümayiş olunub.
Sərgi-yarmarka öz işini
uğurla başa çatdırdıqdan sonra ekspozisiyaya daxil
olan kitablar Azərbaycanın Rusiyadakı səfirliyinə hədiyyə
edilib.
Mədəniyyət.-
2012.- 14 sentyabr.- S. 4.