TÜRKSOY
Mədəniyyət Nazirləri Daimi Şurasının 30-cu
iclası
Başqırdıstanın Ufa
şəhərində türkdilli ölkələrin teatr
festivalı da keçirilib
Xəbər verdiyimiz kimi, Rusiya
Federasiyası Başqırdıstan Respublikasının Ufa
şəhərində TÜRKSOY-a üzv dövlətlərin
Mədəniyyət Nazirləri Daimi Şurasının 30-cu
iclası keçirilib. Azərbaycanın mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev iclasda
iştirak etmək məqsədilə sentyabrın 6-8-də
Başqırdıstanda səfərdə olub.
Səfər
çərçivəsində Vaqif Əliyev 6 sentyabr tarixində
Başqırdıstan Dövlət Pedaqoji Universitetində
TÜRKSOY kafedrasının açılışında
iştirak edib. Kafedranın açılışı
haqqında şəhadətnamə, təşkilatın
bayrağı, quruma üzv və müşahidəçi
qismində daxil olan dövlətlərin bayraqları rektor Rail
Asadullinə təqdim edilib. Mərasimdə TÜRKSOY-un baş katibi Düsen Kaseinova
universitetin fəxri professoru diplomu təqdim olunub.
Həmin gün Ufanın Salavat
Yulayev adına meydanında qurulmuş çadırlarda
(yurtalar) Başqırdıstanın müxtəlif bölgələrinin
mədəni inciləri nümayiş olunub, yerli sənətçilər
qonaqlar qarşısında çıxış ediblər.
Nümayəndə heyətləri başqırd
xalqının milli qəhrəmanı Salavat Yulayevin abidəsini
də ziyarət ediblər.
Meydanda türkdilli ölkələrin
teatrlarının \"Tuqanlıq\" V Beynəlxalq
festivalının açılışı keçirilib. Sənət
bayramında ölkəmizi Gəncə Dövlət Dram
Teatrı təmsil edib.
Başqırdıstanın Konqres
zalının sərgi salonunda TÜRKSOY yaradıcı
laboratoriyasının rəssamlarının
\"Başqırdıstan - Avrasiya incisi\" adlı VI Beynəlxalq
fotosərgisi də böyük maraqla qarşılanıb.
Festival çərçivəsində Başqırdıstan
Dövlət Akademik Teatrının Najib Asanbayevin pyesi əsasında
\"Əhməd Zəki Validi Toqan\" tamaşası təqdim
olunub.
Günün sonunda
Başqırdıstan Respublikasının Prezidenti Rüstəm
Xamitov adından Daimi Şuranın 30-cu iclasının
iştirakçılarına ziyafət verilib.
Sentyabrın 7-də TÜRKSOY Mədəniyyət
Nazirləri Daimi Şurasının 30-cu iclası
keçirilib. İclasda ilk olaraq qurumun baş katibi Düsen
Kaseinov çıxış edib və 2012-ci ilin görkəmli
Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin şərəfinə
\"Mirzə Fətəli Axundzadə ili\" elan
olunduğunu bir daha tədbir
iştirakçılarının diqqətinə
çatdırıb.
Baş katib müəyyən təqvimin
bir gününün “Türk dili və mədəniyyəti
günü” kimi qeyd edilməsinin məqsədəuyğun
olduğunu və 2013-cü ildə Türkiyənin
Eskişehir şəhərinin “Türk dünyasının
paytaxtı” elan edildiyini bildirib.
Azərbaycan nümayəndə heyətinin
rəhbəri Vaqif Əliyev çıxışında
TÜRKSOY-un gələn il 20 illiyinin qeyd olunması ilə
bağlı təklifləri dəstəklədiyini bildirərək
bu tədbirlərin geniş miqyasda keçirilməsinin, beynəlxalq
ictimaiyyətin qurumun işi barəsində daha geniş məlumatlandırılmasının
vacibliyini vurğulayıb.
Vaqif Əliyev Azərbaycanın ən
böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsindən söz açaraq
münaqişə nəticəsində bir milyona yaxın azərbaycanlının
qaçqın və məcburi köçkünə
çevrildiyini iclas iştirakçılarının diqqətinə
çatdırıb.
İclasda Qırğızıstan Respublikasının mədəniyyət və turizm naziri TÜRKSOY-un növbəti müddətə müvəqqəti əlaqələndiricisi seçilib və beləliklə qurumda koordinatorluq Türkiyədən Qırğızıstana keçib. Toplantıda həmçinin TÜRKSOY-a üzv dövlətlərin Mədəniyyət Nazirləri Daimi Şurasının 31-ci iclasının Qırğızıstanda İssık-Kul Forumu zamanı Bişkek şəhərində keçirilməsi qərara alınıb.
İclasın sonunda yekun sənədlər imzalanıb, yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirilib.
Vaqif Əliyev Başqırdıstanın \"Yuldaş\" (\"Öldaş\") radiosuna müsahibə verib.
Tədbirdən sonra nümayəndə heyətlərinin başçılarını Başqırdıstan Respublikasının Baş naziri Azamat İlimbetov qəbul edib. Nümayəndə heyətləri Baş nazirlə birgə Başqırdıstanın Xalq artisti Qatı Suleymanovun 100 illiyinə həsr olunmuş yaradıcılıq gecəsində iştirak ediblər.
Günün
sonunda TÜRKSOY-un baş katibi Düsen Kaseinov adından iclas
iştirakçılarına ziyafət verilib.
Mədəniyyət.-
2012.- 14 sentyabr. S. 4.