Nizami Gəncəvinin 870 illik
yubileyinə hazırlıqla bağlı müşavirə keçirilib
Sentyabrın 29-da dahi şairin ana
yurdu Gəncədə başlanacaq tədbirlərə 20
ölkədən qonaqlar dəvət edilib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin \"Dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870
illik yubileyinin keçirilməsi haqqında\" 2011-ci il 23
dekabr tarixli sərəncamına uyğun olaraq, Mədəniyyət
və Turizm Nazirliyinə Təhsil Nazirliyi, Azərbaycan Milli
Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi
və Gəncə Şəhər İcra Hakimiyyətinin təkliflərini
nəzərə almaqla yubiley tədbirlərinin təşkilinin
təmin edilməsi tapşırılıb. Sərəncamın
icrası ilə bağlı müvafiq tədbirlər
planı tərtib edilib, lazımi işlər həyata
keçirilib.
Sentyabrın 12-də Mədəniyyət
və Turizm, Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər
Akademiyası, Yazıçılar Birliyi və Gəncə
Şəhər İcra Hakimiyyəti nümayəndələrinin
iştirakı ilə keçirilən müşavirədə
yubileyə hazırlıq müzakirə edilib, bir sıra məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Toplantını giriş
sözü ilə açan mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev son illər tanınmış mədəniyyət
xadimlərinin yubileylərinin dövlət səviyyəsində
qeyd olunmasının əhəmiyyətindən
danışıb, mədəniyyətimizin təbliğinə
yönələn bu tədbirlərdə müvafiq
qurumların yaxından iştirakını yüksək qiymətləndirib.
Vurğulanıb ki, bu il dövlət
başçısının müvafiq sərəncamları
ilə bir neçə ədibin yubileyi qeyd edilib, ilin sonunadək
daha bir neçə dövlət səviyyəli tədbirin
keçirilməsi nəzərdə tutulur: “Bu sırada dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin
yubileyinin layiqincə keçirilməsi mühüm əhəmiyyət
daşıyır. Şairin yubileyinə həsr olunmuş
silsilə tədbirlərə Heydər Əliyev Fondunun dəstəyi
və Azərbaycanın İtaliyadakı səfirliyinin
iştirakı ilə Roma şəhərindəki məşhur
\"Villa Borghese\" parkında böyük söz
ustadının abidəsinin açılışı ilə
başlanmışdır. Mərasimdə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
iştirak etmişdir\".
Əbülfəs Qarayev geniş
yubiley tədbirlərinin sentyabrın 29-da şairin ana yurdu Gəncədən
başlanacağını diqqətə çatdırıb.
Mərasimlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
dünyanın 20 ölkəsindən 50-yə yaxın qonaq dəvət
edilib. Bununla yanaşı, yubiley tədbirlərində
yaxından iştirak edən qurumların da dəvət etdiyi
nümayəndələr var.
Tədbirlər proqramından bəhs
edən nazir bildirib ki, Gəncədə, dahi şairin məqbərəsi
önündə geniş yubiley şənliyi təşkil
olunacaq. Bundan əlavə, \"Beynəlxalq Nizami elmi
konfransı\" təşkil ediləcək, Nizami Gəncəvinin
adını daşıyacaq kitabxananın təməli
qoyulacaq, əsərlərindən ibarət sərgi
açılacaq, rəssamlarımızın ədibin əsərlərinin
motivləri əsasında çəkdikləri rəsm əsərləri
nümayiş olunacaq və şəhərin mərkəzində
\"Xəmsə\"yə daxil olan əsərlər əsasında
hazırlanmış ədəbi-bədi kompozisiya göstəriləcək.
Tədbirlər çərçivəsində Gəncə
Şəhər Mərkəzi Kitabxanası ilə dünya
şöhrətli İsgəndəriyyə Kitabxanası
arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.
Böyük ədibə həsr
edilmiş tədbirlər oktyabrın 1-də Bakıda davam etdiriləcək.
Yekun tədbirin Heydər Əliyev Sarayında təntənəli
şəkildə keçirilməsi nəzərdə tutulur.
Sarayın foyesində Nizami Gəncəvi ilə bağlı
kitablardan və rəsm əsərlərindən ibarət sərgi
təşkil olunacaq.
Müşavirədə Mədəniyyət
və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili
və informasiya şöbəsinin müdiri Vaqif Quliyev, yubiley
tədbirlərinin rejissoru Bəhram Osmanov, Azərbaycan Milli
Elmlər Akademiyasının vitse-prezidenti Arif Həşimov, Təhsil
Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov,
Yazıçılar Birliyinin katibi Rəşad Məcid,
M.F.Axundzadə adına Milli Kitabxananın direktoru Kərim
Tahirov, Gəncə Şəhər İcra Hakimiyyəti
başçısının birinci müavini İlham Əlizadə
və başqaları çıxış edərək
yubileyə hazırlıqla bağlı cari məsələlərdən
söz açıblar.
Mədəniyyət.-
2012.- 14 sentyabr.- S. 3.