Teatr
sənəti tariximizdən: Soltan Dadaşov
Musiqili teatrımızın görkəmli sənətkarı,
ilk ali təhsilli musiqili komediya rejissorumuz Soltan Baba oğlu
Dadaşov 1906-cı ildə Bakıda anadan olub. O, əvvəl
molla yanında ibtidai dini təhsil alır. Yazıb-oxumağa həvəsi
atasının diqqətindən yayınmır. Onu rus-tatar məktəbinə
qoyur.
Məktəbdə əlaçı
olan Soltan müəllimlərin sevimlisinə çevrilir. Sonra
təhsilini realnı məktəbdə davam etdirir. Məktəbdə
keçirilən şənliklərdə fəallıq
göstərir. Klassik şairlərimizin ədəbi irsini dərindən
mənimsəyir. Qiraət ustası kimi tanınır. Dram dərnəyi
yaradır. Şagird yoldaşları ilə Mirzə Fətəli
Axundzadənin, Nəcəf bəy Vəzirovun əsərlərindən
parçalar seçib tamaşalar hazırlayır. Özü
də səhnədə həvəskar aktyor-ifaçı kimi
çıxışlar edir.
1920-1921-ci illərdə Soltan
Dadaşov Bakıdakı “Mərkəzi fəhlə klubu”nun
dram dərnəyinin ən fəal üzvü olur. Təbliğat
və təşviqat briqadalarının tərkibində Azərbaycanın
əksər rayonlarında olur. 1923-cü ildə milli səhnə
mədəniyyətimizi ixtisaslı kadrlarla təmin etmək məqsədilə
Bakı Teatr Məktəbi (Texnikumu) açılır. Soltan
Dadaşov məktəbin ilk məzunlarından biri olur. Eyni
zamanda 1924-cü ildə Milli Dram Teatrının
yardımçı heyətində aktyorluq edir. Bakı Teatr Məktəbini
əla qiymətlərlə başa vurur. Onun həssas musiqi
duyumu və Milli Dram Teatrının səhnəsindəki sərbəst
yaradıcılıq cəhdləri yüksək qiymətləndirilir.
O həm də rus dilini yaxşı bilirdi. Bu fərdi keyfiyyətləri
nəzərə alınır və sənət müəllimi
Aleksandr Tuqanovun zəmanəti ilə 1927-ci ildə təhsilini
davam etdirmək üçün Moskvaya göndərilir. Mərkəzi
Teatr Texnikumunda dörd il oxuyur, Aleksey Popov, Andrey Petrovski, Boris
Suşkeviç kimi məşhur pedaqoqlardan sənət dərsi
alır.
1931-ci ildə təhsilini başa
vurub musiqili teatr rejissoru kimi Bakıya qayıdır. Opera
Teatrında quruluşçu rejissor kimi işə düzəlir.
O, teatrda çalışan ilk peşəkar və ali təhsil
almış azərbaycanlı rejissor idi. Soltan Dadaşov cəsarətli,
novator rejissor olub, onun klassik muğam operalarımıza,
operettalarımıza verdiyi quruluşlar hər zaman zəngin
milli koloriti ilə seçilib. “Əsli və Kərəm”
operasına monumental səpgili, lirik-romantik ruhda quruluşu
birinci dəfə Soltan Dadaşov verib.
Teatrda 38 illik rejissorluğu
dövründə Üzeyir Hacıbəylinin “O olmasın, bu
olsun”, “Arşın mal alan”, “Leyli və Məcnun” (bir neçə
quruluşda), Müslüm Maqomayevin “Nərgiz”, “Şah
İsmayıl” (bir neçə quruluşda), Zülfüqar
Hacıbəyovun “Aşıq Qərib” (iki quruluşda),
Cüzeppe Verdinin “Riqoletto”, “Traviata”, Soltan Hacıbəyovun
“Gülşən” (balet), Rujero Leonkovallonun “Məzhəkəçilər”
əsərlərinə quruluş verir.
Aşqabad Dövlət Azərbaycan
Teatrı fəaliyyət göstərdiyi vaxtlarda S.Dadaşov həmin
kollektivdə tamaşa hazırlamağa dəvət edilir.
Orada 1938-ci ildə M.Maqomayevin “Şah İsmayıl”
operasını tamaşaya qoyur.
Həmin il Moskvada keçirilən
Azərbaycan ədəbiyyatı və incəsənəti
ongünlüyündə onun quruluş verdiyi “Arşın mal
alan” operettası böyük uğur qazanır. Bundan sonra
Bakıda müstəqil musiqili komediya teatrı
açılır. Teatrın ilk işi kimi Zülfüqar
Hacıbəyovun “Evliykən subay” operettası seçilir.
Operettanın rejissorluğu Soltan Dadaşova
tapşırılır. Əsərin ilk tamaşası 1938-ci
il mayın 30-da “Rote Fane” (indiki “Nizami”) parkının yay
salonunda göstərilir. Tamaşada əsas rolları Məmmədli
Vəlixanlı (Kərbəlayı Hacı), Münəvvər
Kələntərli (Pərzad), Əhməd Qəmərli
(Xosrov bəy), İbrahim Şünasi (Məşədi Səfi),
Heydər Məlikov (Muxtar bəy) oynayır.
Soltan Dadaşov 1941-ci il mayın
21-də Azərbaycan Dövlət Rəqs Ansamblının
ifasında monumental, etno-mədəni xalq mərasim
oyun-tamaşasını hazırlayır. Filarmoniyada göstərilən
tamaşa milli musiqi folkloru xəzinəmizin poetik vüsətini
böyük ustalıqla səhnədə təcəssüm
etdirib. 1945-ci ildə Bakıda ilk dəfə Azərbaycan sirki
yaradılır. Bu dəfə də rejissorluq işi Soltan
Dadaşova tapşırılır. Onun rejissorluğu
proqramlara milli “zorxana”, “qaravəlli”, “hoqqa” oyun
estetikalarının prinsip və formalarını gətirir.
Sirk kollektivi Moskvada, Peterburqda, Minskdə, Riqada, Vilnüsdə,
Tallində çıxış edib. 1967-ci ildə Soltan
Dadaşov sirk proqramında folklorumuzun bütün estetik
gözəlliklərini təcəssüm etdirən xüsusi
“Novruz” proqramı hazırlayır.
Onun rejissorluğu ilə Rusiyanın Dağıstan Muxtar Respublikasındakı Süleyman Stalski adına Ləzgi Dövlət Dram Teatrında M.Xurişlova ilə M.Çistyakovanın “Şahid Sulak” (1960) pyesi tamaşaya hazırlanır. O həmçinin Mirzə Ələkbər Sabirin yaradıcılığının bədii xüsusiyyətlərini və satirasının ictimai mahiyyətini əks etdirən “Keçmişin məişət səhnələri” adlı librettonun müəllifidir. Bəstəkar Vasif Adıgözəlov həmin əsərə musiqili komediya bəstələyir. Əsər 1962-ci ilin mayında rejissor Əliheydər Ələkbərovun quruluşunda Musiqili Komediya Teatrında tamaşaya qoyulur.
Görkəmli musiqili teatr rejissoru pedaqoji fəaliyyətlə də məşğul olub. Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. Milli opera teatrı tarixindən, görkəmli sənətkarların yaradıcılıq yolundan bəhs edən “Azərbaycan Dövlət Opera və Balet Teatrı” adlı kitab və Xalq artisti Hüseynağa Hacıbababəyov barədə monoqrafiya yazıb. Filarmoniyanın mahnı və rəqs ansamblı üçün rəngarəng proqram kompozisiyaları hazırlayıb.
Sənətkarın əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan musiqili teatrının inkişafında xidmətlərinə görə 1940-cı ildə Əməkdar incəsənət xadimi və 1958-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Ali təhsil görmüş ilk milli musiqili teatr rejissorumuz Soltan Dadaşov 1969-cu il sentyabrın 7-də Bakıda vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 19 sentyabr.- S. 14.