Sükuta qərq olan mirvari dalğalar

 

   Ötən illərin mahnıları

    

   İnsan həyata gəldiyi gündən mübarizələrdə, döyüşlərdə yaşayır ömrünü. Kimi şan-şöhrət dalınca qaçır, kimi mənəviyyat dünyasını zənginləşdirir, kimisi də başqalarının ömrünə qatır ömrünü. Ona verilən ömrü başqaları üçün yaşayır. Bəzi sənət adamlarının parlaq səhnələrin arxasındakı solğun həyatına, ötənlərin məşhur sahiblərinin bu gününə baxanda daim bu qənaət fikirlərimə hakim olur. İçimdən o qədər təəssüf və keşkələr keçir ki, özümü onların lent yazıları, parlaq səhnə həyatının videoyaddaşa köçən kadrları və donuq təbəssümlərin həkk olunduğu fotoları ilə ovuduram.

  

   Əməkdar artist, gözəl qadın, bir zamanların şən-şaqraq, bir az ərkəsöyün, elə bir o qədər də ağıryana müğənnisi, səhnələrin fərqli, şirin səsli Kəmalə Rəhimlisi ilə görüşdə də bu halı yaşadım. Müsahibə boyu ötən illərə boylandıqca kövrələn və bəzən hönkürərək ağlayan Kəmalə xanımın həyat tarixçəsi məni sarsıtdı desəm, daha doğru olar. Amma hər halda ürəyi dolu olduğundan bir az nisgilli, bir az sevincli və bir az da qürurverici keçmişinə boylanmaqdan, onu o illərə, ötən illərin xoş çağlarına səsləməmdən xeyli məmnun qalmışdı. Belə olmasaydı, uzun söhbətimiz əsnasında olub-bitənləri ən xırda detallarınadək xatırlamazdı. Bir vaxtlar «Yatın barı, dalğalar, ay mirvari dalğalar» deyərək coşqun dənizləri ovsunlayan müğənni indi onu sakitləşdirəcək, ovudacaq təsəlliyə, səs-sədaya ehtiyac içində olduğunu dilə gətirdi.

  

   Qalalı qızın səhnə ömrü

  

   Əslən İsmayıllının Lahıc kəndindəndir. Atası o qədim sənətkarlar yurdunda doğulub. Sənəti ilə əlaqədar həyatını Bakının Qala kəndi ilə bağladığından Kəmalə də burada anadan olub. 1952-ci il oktyabrın 5-də gənc ailənin evində gözəl bir qız uşağı dünyaya gəlir. Bənizi və sakit görünüşünə baxıb ona Kəmalə adını verirlər. Beləcə, Qala kəndindəki sakit müəllim ailəsində bir sənətkar yetişməyə başlayır. Hələ lap uşaqlıqdan çalıb-oxumağa böyük marağı olur. Qonum-qonşunun uşaqlarını başına yığıb kiçik «konsertlər» düzənləyər və hər ifasının ardınca ona tamaşa edən uşaqlardan alqış istəyərmiş. Öz dünyasını yaratmış bu qız sənətə, böyük səhnəyə iddialarını bu cür isbat etməyə çalışarmış. Amma, bir çox ailələrdə olduğu kimi, onun da valideynləri qızlarının bu istəyinə qarşı çıxar, onu səhnə, sənət qadağaları ilə böyüdərmişlər. Kəmalə də bu minvalla orta məktəbi bitirib indiki Dillər Universitetinə sənət verərkən artıq sənət arzularının onun üçün bitdiyini düşünürdü. Hesab edirdi ki, ali təhsil alıb atası kimi müəllimlik peşəsinin ardınca gedəcək. Amma bu da olmur. Digər imtahanlardan keçsə də, tarix fənnindən kəsilir.

  

   Sənətə gəlişin ilk akkordları

  

   «Hələ 3-cü sinifdən məktəbdə keçirilən əksər tədbirlərdə çıxış edirdim. Hamı məni balaca müğənni kimi tanıyırdı. Hərçənd valideynlərim buna etiraz edirdi. Amma mənim içimdəki istəklə bacarmadığımı, oxumaq arzumun sonsuzluğunu görüb çarəsiz qaldıqları da olurdu. Məktəbdə rəhmətlik tar müəllimim Cəfər müəllim səsimi sevirdi və oxumağa həvəsləndirirdi. Bu minvalla məktəb, kənd və rayon tədbirlərində oxudum. Sonradan məndə qəribə bir utancaqlıq əmələ gəldi və bir müddət ifaçılıqdan uzaqlaşdım. Amma sənətdən əl çəkmədim. Mərdəkandakı mədəniyyət sarayında musiqi dərsləri alırdım».

   O günləri xatırlayan Kəmalə xanım peşəkar səhnəyə gəlişinin də təsadüfən olduğunu deyir: «Günlərin bir günü eşitdim ki, rəhmətlik Şəmsi Bədəlbəyli bütün rayonlar üzrə istedadlı səs sahibləri üçün müsabiqə keçirir. Mən də o seçimə qatıldım. Vokal, opera ifaçısı axtarışında olan Şəmsi müəllim səsimə qulaq asdı və bəyəndi. Peşəkar musiqi təhsili almamı məsləhət gördü».

   Elə bu məsləhətlə o, 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam və xalq mahnıları şöbəsinə daxil olur. Burada Əhməd Bakıxanov, Şəmsi Kərimov, Hacıbaba Hüseynov, Nəriman Əliyev və başqa sənətkarlardan dərs alan Kəmalə Rəhimli 1975-ci ildə bu təhsil ocağını uğurla başa vurur.

  

   Peşəkar səhnəyə «Lalə»dən gəldi

  

   Musiqi məktəbində oxuya-oxuya peşəkar səhnəyə can atır: “Artıq ikinci kursda oxusam da, elə bir mahnı, muğam yox idi ki, onu bilməyim. İçim elə coşub-daşırdı ki, elə hey səhnəyə can atırdım. Amma bir istiqamət verən də yox idi. Bir gün bütün utancaqlığımı kənara qoyub bizim məktəbdə tar sinfində dərs deyən Ceyran Haşımovanın yanına gedib ondan səsimə qulaq asmasını istədim. O vaxtlar televiziya ekranından Ceyran xanımın yaratdığı «Lalə» qızlar ansamblının çıxışlarını maraqla izləyirdim və özümü o kollektivin solistləri arasında xəyal edirdim. Ceyran xanım səsimi, ifamı bəyənərək məni ansambla qəbul etdiyini dedi. İnanın ki, sevincimin həddi-hüdudu yox idi. İlk səfərimiz Şəmkir rayonuna oldu. Rayon zəhmətkeşləri qarşısındakı ifam bəyənildi və “Lalə”nin daimi solisti oldum”.

   Sonrakı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olan Kəmalə xanım Ağası Məşədibəyovun rəhbərlik etdiyi ansamblda da çalışıb. 1980-ci ildən korifey sənətkarımız Rəşid Behbudovun dəvəti ilə onunla birgə səhnə fəaliyyəti göstərən müğənni həmin illəri sənət ömrünün ən gözəl xatirəsi hesab edir. Xarici ölkələrə səfərlərini xatırladıqca kövrəlir.

  

   Eniş-yoxuşlu yollar

  

   Beləcə, ömür yollarda, səfərlərdə, tədbirlərdə, konsertlərdə keçir. Artan tamaşaçı sevgisi, ard-arda oxunan məşhur mahnılar müğənnini xalqın gözündə daha da ucaldır. Sənətin bütün çətinliklərinə, maddi-mənəvi sıxıntılarına rəğmən hər səhnəyə çıxışını xoşbəxtliyi, Tanrı hədiyyəsi sayır: «Biz respublikanın, demək olar ki, bütün bölgələrinə səfər edib, ən ucqar kəndlərə qədər gedib çıxmışıq. Daş-kəsəkli yollar, şəraitsiz mehmanxanalar, «alabaş» avtobuslarda qət edilən böyük məsafələr və daha başqa əziyyətlər. Sənət yolları heç vaxt rahat olmur, daim eniş-yoxuşlar insanı müşayiət edir. Amma bunu heç vaxt tamaşaçı hiss etmir. Çünki biz ona içimizdəki ən böyük sevgimizi çatdırıb, fiziki və mənəvi əzabımızı özümüzə saxlamışıq».

  

   Az yaşında böyük məsuliyyət

  

   Daim sənət, səhnə üçün alışıb yanan, bütün arzularını buna bağlayan Kəmalənin gənclik illəri çox ağır keçib. 1965-ci ildə atasının dünyasını dəyişməsi və ardınca anasının ağır xəstəliyə tutulması ilə ailənin böyük övladı kimi məsuliyyət də onun üzərində qalır. «Təzəcə ansambla üzv yazılmışdım, artıq hər şey istədiyim kimi getdiyini düşünürdüm ki, anamın vəziyyəti ağırlaşdı. Son nəfəsində 4 bacı-qardaşımı da mənə tapşırdı, böyük bir ailənin məsuliyyətini mənim üzərimə qoyub getdi. Təsəvvür edin ki, 21 yaşında qız və ata-ana qayğısından məhrum bacı-qardaşlar. Mən başladım çalışmağa. Konsertlər və toy məclisləri. İnanın ki, elə olurdu ki, konsertdən çıxıb bir an fasilə vermədən toya qaçırdım. Arada məclislərə gecikdiyim və toy sahiblərinin narazılıq etdiyi anlar da olurdu. Əvvəlki toylar indiki kimi deyildi. 4-5 saat canlı oxumalı idin. Beləcə, mən həm səhnə fəaliyyətimi davam etdirdim, həm də ailəmizə baxdım. Amma onu da deyim ki, mənim üçün səhnə daim müqəddəs olub. Azərbaycan bəstəkarlıq məktəbinin ən məşhur nümayəndələrinin əsərlərini ifa etmişəm».

  

   Kinoya dəvət və sonrakı peşmançılıq

  

   Qısa zamanda məşhurlaşan gözəl simalı qız rejissorların da diqqətini çəkir. Həsən Seyidbəyli və Hüseyn Seyidzadədən filmlərə çəkilmək dəvətləri alsa da, utancaqlığı buna mane olur. İndi müğənni buna görə də təəssüf hissi ilə yaşayır. Deyir, böyük rejissorların mən dəvət olunduğum o filmlərinə baxanda içimdən qəribə bir təəssüf keçir: «Əslində, peşmanam. Amma ümumilikdə bir məqamı da deyim ki, bu sənət özü çox ağırdır. Gərək tamam başqa xarakterli bir adam olasan - dözümlü, bir az sərt olmalısan ki, nələrəsə gedib çıxa biləsən. Yəni öz haqqını istəməyi bacarasan. Mənə görə bu sənət çox ağır oldu. O ağırlığı hələ də çiyinlərimdə daşıyıram”.

  

   Sənət sevgisi bütün sevgiləri arxa plana atdı

  

   Keçmişi xatırlayarkən sevinc və kədər, təəssüf və heyhatlar onu daim müşayiət edir. Bunu hər kəlməsindən hiss etmək olardı. Səhhətində ağır problemlər yaşayan, uzun illərdir ki, bir neçə xəstəlikdən əziyyət çəkən və dava-dərmanların ümidinə qalan sənətçi yenə sözü təəssüf və göz yaşlarına verir: «Xalqımız məni o qədər çox sevirdi ki, mən bu sevgini heç kimə və heç nəyə dəyişmədim. Məşhur kollektivlər hamısı məni öz heyətlərinə dəvət edirdilər. Tanınmış orkestrlər, dünyanın müxtəlif ölkələrinə qastrollar, məşhur səhnələrdə çıxışlar və sonda... hazırda televiziyanın fondunda 150-dən artıq lent yazım var. Sənət tərcümeyi-halım zəngindir. Amma nə olsun ki, şəxsi həyatım... həyatda qazancım bircə övladımdır. Mən indi ona görə yaşayıram. Uzun illər səhnədə keçən ömür mənə həm də ağır xəstəlik verdi. Bu iki hiss - xalq məhəbbətinin verdiyi məmnunluq və mənimlə baş-başa qalan ağrılarım, fiziki məşəqqətlərim məni hər zaman əzablar içinə qərq edir. Amma sonda bir şeylə təsəlli tapıram. Mən xalqımı çox sevirəm və xalqdan da o sevgini hiss edirəm».

   O danışdı, ağladı və susdu. Bu dəm onun ifasında Razim Paşayevin Xalq şairi Məmməd Arazın sözlərinə yazdığı «Bu sevgidə kim uduzdu» mahnısı eşidildi:

  

   Səndən mənə bir ömürlük xatirə,

   Məndən sənə nə qalacaq, bilmirəm.

   Çətin bir də daş üstə daş bitirə,

   Niyə uçdu bu qalacıq, bilmirəm...

  

 

   Həmidə Nizamiqızı

 

  Mədəniyyət.- 2012.- 19 sentyabr.- S. 13.