40
il sənətə xidmətdə
“Azərbaycan Televiziya
və Radio Verilişləri” Qapalı Səhmdar
Cəmiyyətinin Musiqi və əyləncəli
proqramlar redaksiyasının böyük redaktoru Çingiz Abbasov bu günlərdə əmək fəaliyyətinin
40-cı ilinə qədəm qoyur.
Çingiz müəllimi canlı ensiklopediya adlandırmaq olar. Dünyasını dəyişmiş muğam ustalarımız, həmçinin müasir musiqi ifaçılarımız və xanəndələrimiz barədə yazı hazırlayarkən mən də Çingiz müəllimə müraciət etməli oluram. O hər belə müraciətə böyük diqqətlə yanaşaraq ayrı-ayrı sənətkarlarla bağlı bildiyi ən müxtəlif məlumatları (ailə üzvləri və yaxınlarının əlaqə telefonlarınadək) həvəslə çatdırır, hər sənətkarı öz doğması kimi təqdim edir, hazırlanacaq materialın dolğun alınması üçün əlindən gələni əsirgəmir.
1950-ci il yanvarın 24-də Zərdab rayonunda ziyalı ailəsində dünyaya göz açan Çingiz müəllimin atası Qurban kişi rayonun sayılıb-seçilən ağsaqqalarından olub. Rayona gələn bir çox muğam ifaçıları onların evinin qonağı olar, atası ilə dostluq edərmişlər. Atasının musiqiyə, incəsənətə böyük rəğbətinin sayəsində oğlu Çingiz də bu sehrli aləmə vuruldu. 1968-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinə daxil olur və tələbəlik illərində Milli Dram Teatrında işə düzəlir. Burada çalışdığı zaman xalq artistləri İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Səməndər Rzayev, Məmmədrza Şeyxzamanov və dövrün digər tanınmış sənətkarları ilə ünsiyyətdə olması onun gələcək həyat yoluna da iz qoyur.
Anası Fatma xanım oğlunu pəhləvan görmək istəyirmiş. Bir dəfə göyçaylı Çingiz pəhləvanın Zərdabda çıxışına tamaşa edərkən Qurban kişiyə demişdi: “Oğlumuz olsa, adını Çingiz qoyarıq”. Fatma xanım istəyirdi ki, oğlu da Çingiz pəhləvan kimi ağır daşları çiyninə qaldırsın, qəhrəmanlıq göstərsin. Düzdür, Çingiz pəhləvan olmadı, amma deyərdim ki, daşlardan da ağır yükü çiyinlərində gəzdirdi. 1973-cü ildə AzTV-nin musiqi redaksiyasına işə düzəldi və həmin gündən ömrünü muğama, xalq musiqisinə bağladı.
Sənət aləmində onu tanımayan az adama rast gəlmək olar. O, neçə-neçə ustad xanəndəmizin unudulmamasına, unudulanların yad edilməsinə, yaradıcılıq yoluna işıq salınmasına, neçə sənətçinin ilk dəfə tanınmasına vəsilə olub. Elə bu səbəbdən də sənətkarlar çox zaman ona “bizim Çingiz” deyə müraciət edirlər. Sənət dostlarının söylədikləri xoş fikirlər əmək yubilyarına hədiyyə oldu.
Xalq artisti Əlibaba Məmmədov: “Çingiz muğamları, xalq musiqisini, qəzəliyyatı mükəmməl bilir. Redaktor üçün bu çox vacib şərtlərdən biridir”.
Xalq artisti Arif Babayev: “Xalq musiqimizin təbliği sahəsində Çingizin əməyi danılmazdır. Çox qayğıkeş və səmimi bir insandır, xalq musiqimizin böyük dayağıdır”.
Xalq artisti Canəli Əkbərov: “Bizim Çingiz 39 il öncə milli musiqimizə, onun qorunub xalqa çatdırılmasına necə hörmətlə yanaşırdısa, bu gün də eyni həvəslə xalqının xidmətindədir. O, AzTV-də, mən deyərdim ki, musiqiçilərin səlahiyyətli səfiridir”.
Millət vəkili, professor Rafael Hüseynov: “Əzizim Çingiz! Cavid yazıb ki, “Arif odur ki, gülsün içində bahar”. Sənə aiddir bu sözlər. Sən o qədər safsan ki, lap ən soyuq qışda da içərin bahar işığıyla doludur”.
Televiziyanın “qızıl fond”unda qorunub saxlanılan hər bir lent yazısının tarixini az qala əzbərdən bilən Çingiz müəllimin yaddaşında o qədər xatirələr, musiqimizlə bağlı hadisələr yer alıb ki, bunları saatlarla danışsa belə yorulmaz. Ərsəyə gətirdiyi hər bir muğam konsertinin öz tarixçəsi var.
Bizimlə söhbətində də unudulmaz sənətkarlarımızla bağlı xatirələri dilə gəldi: “Mən İslam Rzayev sənətinin vurğunu olmuşam. Bəlkə də İslam sənəti olmasaydı, mən bu gün tamam başqa bir sahədə çalışardım. İslam Rzayevi sevib incəsənətə gəldim. Sonra isə iş prosesində yaxınlaşdıq, möhkəm dost olduq. Hər zaman onu ehtiramla yad edirəm”.
Sonra 1990-cı ilin ağrı-acılı günlərində muğam kompozisiyalarını lentə alarkən keçirdiyi yaşantılardan söz açdı. 18 il əvvəl baş verən bir hadisəni də ürək yanğısı ilə xatırladı: “1994-cü il idi. Məhəmməd Füzulinin 500 illiyi keçirilirdi. O vaxt sədr müavinimiz hörmətli yazıçımız Nahid Hacızadə idi. Nahid müəllim mənə bildirdi ki, tədbirlə əlaqədar musiqi redaksiyası veriliş hazırlamalıdır, verilişin formatını, necə hazırlamağı mənə həvalə etdi. Bir az fikrə gedəndən sonra bildirdim ki, gəlin, belə bir “muğam axşamı” lentə alaq: “Oxuyur Yaqub Məmmədov. Sözləri Məhəmməd Füzulinindir”.
Beləliklə, qərara aldıq ki, növbəti həftə Yaqub müəllimin konsertini lentə yazaq. İşin axırında yollandım xanəndəgilə. Xoşbəxtlikdən evdə idi. Gəlişimin səbəbini bildirəndə “yox, istəmirəm”,- dedi. Təəccüb etdim. Birinci dəfə idi ki, onu belə incik görürdüm. Soruşdum ki, oxumaq istəməməyinin səbəbi nədir? Dedi: “Bağdada kimi aparıblarsa, onlar da gəlib oxusunlar”. Həmin vaxt bir qrup sənət adamı Bağdada getmişdi. Nədənsə Yaqub müəllim unudulmuşdu. Hiss etdim ki, küsüb. Yaşlı insan idi. Könlünü almaq üçün dedim: “Elə mən gəlmişəm ki, səni aparım yazım, görsünlər ki, Füzulini oxuyan burda qalıb”. Rəhmətliyin üzü güldü, sevincək razılıq verdi. Növbəti həftə ifasında “Şur” muğamını video-lentə aldıq. Mərhum sənətkarımız, Əməkdar artist Sabir Novruzovla birlikdə gəlmişdi. Çəkilişdən sonra üzünü mənə tutub dedi: “Sən olmasaydın, bəlkə mən heç vaxt “Şur” muğamını lentə yazdırmazdım. Çox sağ ol”. Onun bu sözləri bu günə kimi yaddaşımdan silinməyib”.
Hazırladığı verilişlərin əksəriyyətində dünyasını dəyişmiş sənətkarları yada salmaqla Çingiz müəllim demək istəyir ki, “bu gün biz onları yaşatmasaq, sonra gələn nəsillər də bizi yaşatmaz”.
“40 illik yaradıcılıq fəaliyyətinizdə nələri əldə etdiniz” sualımı isə belə cavablandırır: “Hesab edirəm ki, illərim boş keçməyib. Milli musiqimizə sevərək xidmət etmişəm. Bu işim sayəsində çoxlu maraqlı insanlarla rastlaşmışam. Sənət adamlarının hörmətini qazanmışam. Bundan da gözəl nə ola bilər. Bu məqamda Xalq artisti Habil Əliyevin bir fikri yadıma düşdü. Televiziya verilişlərinin birində o, belə bir fikir söyləmişdi: “Kamança məni xalqa tanıtdı, sevdirdi, məşhur etdi. Amma mən də kamançaya borclu qalmadım. Onu bir daha xalqa sevdirdim, dünyaya tanıtdım”. Mən də düşünürəm artıq 40 ilə yaxındır ömrümü muğama, xalq musiqisinə həsr etmişəm. Amma muğam da mənə borclu qalmadı. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2006-cı ildə “Tərəqqi” medalına, 2011-ci ildə isə “Əməkdar incəsənət xadimi” adına layiq görüldüm. Bu diqqətə görə ölkə rəhbərinə öz minnətdarlığımı bildirirəm. Eyni zamanda muğam sənətimizə dəstək olub, onu dünyaya tanıtdığına görə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya da dərin təşəkkürümü bildirirəm. O, muğam, xalq musiqisi ilə məşğul olanlara böyük imkanlar yaratdı”.
Çingiz Abbasov həm də mehriban ailə başçısıdır. Həyat yoldaşı Dilşad xanım uzun illərdir dövlət qulluğunda çalışır. Oğlanları Emin və Şirvan atalarının yolunu tutub, sənətlə məşğul olmasalar da, hər ikisi ali təhsil alıb vətənlərinə layiqli övlad kimi böyüyüblər.
Sənətə xidmətdə keçən illərinin 40-cı astanasında arzu edirik ki, Çingiz müəllim qəlbindəki bütün istəkləri həyata keçirə bilsin. Həyatı yaratdığı musiqili verilişlər kimi xoş və rəngarəng keçsin.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 19 sentyabr.- S. 10.