Natəvan təntənəsi
Şuşanın
“Məclisi-üns” yaradıcısı
Beynəlxalq Muğam Mərkəzində...
Qədim və müasir paytaxtımızın ədəbi-mədəni
tərcümeyi-halına yazılan
daha bir əlamətdar gün: 14 sentyabr 2012.
Həmin gün nəbzi
hər sahədə hər dürlü gözəllik və inkişaf dinamikası notlarıyla döyünən
ölkəmizin bu ululuq məkanında da qələbəlik idi. Yüksək çinli hökumət və dövlət adamları, sənət biliciləri, sənətsevərlər
gəncliyində “Dürrü-yekta”
(“Tək inci”), ahıllığında “Xan
qızı”, sonralar “Böyük Azərbaycan qızı” adlandırılan
Xurşidbanu Natəvanın
180 illik yubiley mərasiminə toplaşmışdılar.
Saat 16.30. Memarlıq və digər
dizayn elementlərilə
uzun gələcəkçün
də yeni, maraqlı görsənəsi
Beynəlxalq Muğam Mərkəzinin foye və vestibüllərində
qaynar, poetik bir ab-hava. M.F.Axundzadə adına
Milli Kitabxananın burada təşkil etdiyi kitab sərgisi
diqqət mərkəzindədir.
Sərgi
məxsusi bir ədəbi-bədii hücrə,
süjetli bir irfani mənzərə təsiri bağışlayır.
Qədim və müasir kitab, qəzet-jurnal materialları,
rakurs-seçim baxımından
professionallıqla yerləşdirilmiş
fotoşəkillər burada
gözəl bir Natəvan aləmi yaradıb: “Natəvan və “Məclisi-üns” ədəbi məktəbi”,
“Əsərləri”, “Natəvan
bədii ədəbiyyatda”,
“Natəvanın əl
işləri”...
Saat 17.00. Ağzınadək dolu salon və
buradakı qəlblərin
qəlbisinədək ucalan
maraqlar. Tədbirin məna-məramına,
bütöv bir həyat, ailə, ömür-gün dramı
yaşamış yubilyarla
bağlı duyğulara
(“kiminin əvvəli,
kiminin axırı”...)
rəğmən sevgili-sevdalı
alqışlar qopur.
Səhnəarxası bir səs məclis iştirakçılarını
salamlayır, yubiley təntənəsinin başlanışını
bildirir və giriş sözü üçün mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevi səhnəyə dəvət edir. Öz yığcam çıxışında sənət
və sənətkar,
ədib və ədəbi aləm, şair və zaman qarşılıqlarına
toxunan nazir Xurşidbanu Natəvan misralarından, Xan qızının xalq üçün, mədəniyyətimizin
inkişafı naminə
gördüyü işlərdən
maraqlı nümunələr
söyləməklə, bu
gözəl Azərbaycan
şairinin obrazını
yubiley təntənəsi
iştirakçılarının diqqətinə çatdırır.
Tale baxımından olmazın
qüssə-kədərlər yaşamış incə qəlbli Xurşidbanu isminə müasir xalq məhəbbətindən,
ölkə rəhbərliyinin
bütün ədəbiyyat,
mədəniyyət adamları
kimi, Natəvan irsinə də qayğı və sayğı faktlarına toxunur, ünlü şairimizin bugünkü
tədbirdə iştirak
edən törəmələrini,
ümumən sənətə,
sənətkara daim sevgilər bəsləyən
Azərbaycan ictimaiyyətini
bir daha salamlayıb, mərasimə
uğurlar arzulayır.
Aparıcılar səhnəyə çıxıb, tədbir
iştirakçılarını - “əbədi sənətimizin,
böyük mədəniyyətimizin
dəyərli təəssübkeşləri”ni,
“Xan qızı Natəvanımızın incə
qəlbi, kövrək
könlü ilə həmahənglər”i salamlayır
və sözü xanəndə-sazəndələrə verirlər.
Salon “Qarabağ
şikəstəsi”nin
alovlu sədalarına
qərq olur. Gənc çalğıçı və
müğənnilər bir
azdan aparıcıların
“majorlu-minorlu ömür-gün
hekayətləri yaşamış
Natəvan” kimi fikirlərinə öz şaqraq ifaları ilə qüvvət verirlər. Bu şikəstə tədbirə
yeni bir ahəng, ruhi canlanma verir. Aparıcılar da yeni şövqlə dillənirlər.
Söyləyirlər ki, Xan qızı ömrünün
sonlarında təşkil
etdiyi “Məclisi-üns”
yığıncaqlarının birində şeiri - yəni sözü Məcnuna, musiqini Leyliyə timsal edib. “Söz musiqinin aşiqi, musiqi sözün məşuqudur”, - deyib.
Növbəti səhnə aktında
ölməz dramaturq İlyas Əfəndiyevin
“Xurşidbanu Natəvan”
tamaşasından bir parçaya tamaşa edirik. Bu fraqmenti
“Xan qızı və xalq” tərəf-müqabili
kimi də dəyərləndirmək olar.
Belə ki, tamaşa fraqmentində Xan qızı, düşdüyü
son siyasi vəziyyətlə
əlaqədar, qulluqçularından
birini azad edirkən, o, Xurşidbanunun
qarşısında diz
çöküb, xoşbəxtliyini
məhz onun yanında tapdığını
bildirir.
Daha sonra, Natəvan
özünün məşhur
şeirlərindən biriylə
- “Xudahafiz”lə qarşımızdadır.
“Nədəndir səndə əylənməz
güli-dövran, xudahafiz!”
- deyən şair “Mənə həm gəldi getmək növbəti, yaran, xudahafiz!” nidasıyla öz könül dünyasını
dünyanın əzəli-ədəbi
qanunlarına riayətə
səsləyir.
Səhnədə bir anlıq
sükut. Xan qızının
səhnəbaşı portretindəki
qüssəli baxışları
ilə bütün salonun hiss-həyəcanlı
nəzərləri üz-üzə,
göz-gözədir. Bu an aparıcılar görünür
və şairin məhzun misraları sədalanır:
Ey dust, yararmı belə
iqrar?
Yar olduğum idi, oldum əğyar...
Sən qeyrilər ilə üns tutdun,
Bilməm niyə yarın
unutdun?
Sən yar ilə zövqdə,
səfadə,
Mən burda - cövr
ilə cəfadə.
Qəhr ilə çəkərdim
ah candan,
“Ah” əl çəkməyir əl,
Natəvandan!..
Bəli, tək elə ailə-məişət ah-ufları,
oğul dağı yox, ictimai-siyasi “ah”ların da əl çəkmədiyi
bu xanım-şair bütün bunlara bir ictimai xadim
dözümüylə tab gətirir,
şəxsi ağrılarını
ellik ovqata tabe etdirərək, insanın mənəvi aləmini nikbinliyə yönəlik stimullaşdırırdı.
Salon bu
ovqat içrə ikən Xalq artisti Vasif Adıgözəlovun
“Natəvan” operasından
məşhur “Qərənfil”
ariyası sədalanır.
Aparıcılar bu ab-havaya uyğun müdaxilələrlə
səhnə dinamikasını
daha da canlandırmağa
çalışırlar. Qeyd edirlər ki, Xan qızı ədəbiyyatımızın çiçəklənməsi, mədəniyyətimizin inkişafı
yolundakı zəhmət
və xidmətlərinə
rəğmən, bəlkə
də bir rəiyyət ömrü yaşayıb. Bu xalqın qədirbilən övladları isə onu zaman-zaman yüksək dərəcələrdə
dəyərləndirmiş, oxuculara, dinləyicilərə,
tamaşaçılara əsl
Xan qızı layiqində, kübar zat ləyaqətində təqdim etmişlər.
Bütün ömrü
uzunu ədəbiyyat, sənət, incəsənət
- bütövlükdə mədəniyyət
aləmimizin misilsiz hamisi, qayğı-sayğıkeşi
olmuş ümummilli lider Heydər Əliyev çıxışlarında,
sənət-səhnə adamlarıyla
yubileyləröncəsi, tədbirlərsoncası
söhbətlərində Natəvanı
da layiqincə dəyərləndirmiş, Şuşamızın
bu canlı qəzəl qızını
tək elə Xan qızı kimi deyil, böyük
Azərbaycan qızı
kimi səciyyələndirmişdir.
Daha nələr eşidirik
Xan qızı haqda? “Natəvan, özünə qədər
dilimizdə çiçəklənən
kişiyanə “Füzuli
eşqi”, “Füzuli kədəri” kimi söz-köz birləşmələrinə
müqəyyəd bir
xanımanə iddiada bulunub”. “O, ədəbiyyatımızın,
mədəniyyətimizin özünəməxsus
bir hücrəsini elə yazıb-yaradıb ki, bu gün
buna “Natəvan sarayı” da demək olar”. “Misralarındakı sevgilər,
poetik kəlamlar, hiss-həyəcanlar göstərir
ki, Natəvan eşqi hər aşiq-məşuq məhəbbətinə
bənzəməyib”...
...Və Xalq artisti Nəzakət
Teymurova öz gözəl səsi və sənətkarlığı
ilə ifa etdiyi “Neyçün gəlməz” mahnısıyla
şair haqda deyilən bu sözləri bir daha doğrultmuş oldu.
Sonra dahi Bülbül
dahi Üzeyir bəyin dahi Nizaminin sözlərinə
yazdığı “Sənsiz”
romansını oxuyur,
məşhur aktyorlar isə füsunkar Şuşamız haqda bir xeyli nisgil-püskürdən
sonra Xan qızının “Ölürəm”
qəzəlini söyləyirlər.
Yenə aparıcılar: “Xeyir-dualarını,
əllərinin sığal-tumarını
gəlimli-gələcəkli uşaqların başından
əskik etməyən
Xan qızı onlardan birinə - gələcək dahimiz Üzeyirə xüsusi nəvazişlər göstərir,
onu “Uzun ömrün akkordları”na
hazırlayır”. Ardınca həmin
filmdən verilən kadrlar Natəvanı bir daha canlı
mərasim iştirakçısına
çevirir. Ardınca
“Arşın mal alan” operettasından Əsgərin ariyası...
Və bu ölməz musiqi parçası o böyük “uşağın”
dahilik möhürü
kimi də səslənir.
Gənc müğənnilərdən birinin ifa etdiyi
“Şuşanın dağları”
mahnısı sonda orijinal bir traktovkada
təqdim edilən “Natəvan” operasının
final səhnəsinə ədəbi-bədii
bir qığılcım
kimi səslənir.
Bu final səhnəsi yubiley
tədbiri quruluşçularının
diqqətəlayiq işi
kimi dəyərləndirildi:
təntənə iştirakçıları
bunu daha sürəkli alqışlarla
qarşıladı.
Və aparıcıların final sözü:
“Natəvan “sevirəm!”,
“yanıram!”, “zar ağlaram!” kimi bütün poetik hiss-həyəcanlarına əməl
etdi, “ölürəm!”indən isə
nakam getdi. Ölmədi! Bu sayaq təntənələrdə yaşadı,
yaşayır və yaşayacaq!..”
Tahir Abbaslı
Mədəniyyət.- 2012.- 12 sentyabr..-
S. 6.