Anadoluya sığmayan qürur
Rəşad
Nuri Güntəkin maraqlı, məzmunlu əsərləri ilə
Türkiyə ədəbi aləmində çox sevilən
nasirlərdən olub. Yaradıcılığında Anadolu həyatını
ciddi realist, həm də satirik-yumoristik cəhətdən
işıqlandırıb...
O, 1889-cu ildə İstanbulda hərbçi
ailəsində dünyaya gəlib. İbtidai təhsilini
Çanaqqala orta məktəbində alır. Orta təhsilini
isə İzmirdəki Frerler məktəbində başa vurur.
Sonra ali təhsil almaq məqsədilə İstanbul
Universitetinin ədəbiyyat fakültəsinə daxil olur,
1912-ci ildə ali təhsilini başa vurur.
1927-ci ilə qədər
İstanbulda Beşiktaş İttihat və Tərəqqi,
Fatih Vəqfi Kəbir məktəblərində, oğlanlar
liseyi, Ərənköy qızlar liseyində türk və
fransız dillərindən dərs deyir. 1927-ci ildə maarif
müfəttişi vəzifəsinə təyin olunur. 1939-cu
ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə
millət vəkili seçilir. Bununla belə,
yaradıcılıq aləmindən ayrılmamaq
üçün aktiv siyasətlə məşğul olmur.
Daha sonra Türkiyənin Parisdəki səfirliyində mədəniyyət
attaşesi işləyir. 1950-ci ildə Türkiyənin
UNESCO-da təmsilçisi təyin olunur.
İlk əsəri - “Əski Ahbap”
adlı povesti 1917-ci ildə işıq üzü
görür. Həmin dövrdən başlayaraq teatr tənqidi,
araşdırma və hekayə yaradıcılığı
ilə məşğul olur. “Şair”, “Nədim”,
“Böyük məcmua” kimi dərgilərdə əsərlərini
çap etdirir. İlk dəfə 1922-ci ildə hissə-hissə
“Vaxt” (“Vakit”) qəzetində dərc olunan
“Çalıquşu” romanı yazıçıya
böyük şöhrət gətirir.
Rəşad Nuri Güntəkin
müxtəlif janrlarda 100-dən artıq əsərin müəllifidir.
Onlardan 19-u romandır: “Çalıquşu” (1922), “Gizli əl”
(1922), “Damğa” (1924), “Dodaqdan qəlbə” (1925), “Axşam
günəşi” (1926), “Bir qadın düşməni” (1927),
“Atəş gecəsi» (1942), “Qan davası” (1955) və s.
romanlarda yazıçı Türkiyə mühitinin
qaranlıq səhifələrinə işıq tutur. Müəllifin
hekayələri yeddi müxtəlif kitabda toplanıb.
Xüsusilə “Sönmüş ulduzlar” (1927), “Leyli ilə Məcnun”
(1928) adlı hekayələri geniş oxucu marağı
doğurub. “Balıkəsir mühasibəçisi” (1953),
“Tanrıdağ ziyafəti” (1955) kimi dram əsərləri də
diqqətdən kənarda qalmır.
O həm də bədii tərcümə
ilə məşğul olub. Migel de Servantesin “Don Kixot”, Alber
Kamyunun “Yad”, Emil Zolyanın “Həqiqət” romanlarını,
habelə müxtəlif dünya
yazıçılarının hekayələrini türkcəyə
çevirib. Lakin bir sıra əsərləri
sağlığında işıq üzü görməyib.
Ölümündən sonra yazıçının həyat
yoldaşı Hədiyə xanım əsərlərinin
külliyatını nəşr etdirib.
Rəşad Nuri Güntəkin
haqqında Türkiyədə kitablar, monoqrafik tədqiqatlar
yazılıb. Türkiyədə elə bir şəxs tapmaq
olmaz ki, onun əsərlərindən hər hansı birini
oxumasın, yaxud romanlarına çəkilmiş filmləri
seyr etməmiş olsun. O, hələ sağlığında
ikən türk ədəbiyyatının canlı klassikinə
çevrilmişdi.
Ədib yaratdığı
obrazın mənəvi dünyasına daxil olur, onun hiss, həyəcan
və yaşantılarını inandırıcı cizgilərlə
oxucuya təqdim edir. Qəhrəmanlarını xalqın
içərisindən seçir. Məhz buna görə də
o, daima geniş xalq kütləsinin diqqət mərkəzində
olub və sevilib.
Əsərlərində əsas
konflikt kimi seçilmiş fərd və cəmiyyət
qarşıdurması onun yaratdığı qəhrəmanların
taleyini müəyyənləşdirən ən mühüm
amillərdən biridir. Romanlarının bir qismi qəhrəmanlarının
dilindən təsvir olunur. Üslubuna xas olan bu cəhəti
özü belə səciyyələndirir: “Mən qəhrəmanlarımdan
birini seçib onun dilindən danışmağa daha çox
üstünlük verirəm. Bu zaman süjet pozulmur. Əksinə,
əhvalatı anladan qəhrəman vəhdəti mühafizə
edir. Bunun bir yaxşı cəhəti də odur ki, romanda məsuliyyətin
mühüm bir qismini üstündən atmış olursan...”
Rəşad Nuri Güntəkinin
dili ədəbi türkcənin ən mükəmməl
örnəklərindən sayılır.
Yazıçının dəst-xəttinə xas olan sadəlik
və təbiilik, danışıq dili ilə ədəbi
dilin məharətlə qovuşdurulmasından yaranan
üslubunun özünəməxsusluğu diqqət çəkir.
Azərbaycan oxucuları onun
“Çalıquşu”, “Dodaqdan qəlbə”, “Damğa”, “Yarpaq
tökümü”, “Dəyirman” romanları və bir sıra hekayələri
ilə tanış olublar.
Onun
yaradıcılığında “Çalıquşu”
romanının özünəməxsus yeri var.
Yazıçı əsərdə Qurtuluş savaşı
zamanı Anadolunu çoxlu insanları və bölgələri
ilə canlandırmağa çalışıb. Roman Fəridə
ilə Kamranın sevgisi üzərində qurulsa da, müəllif
bu sevgi fonunda Anadolu insanının mənəvi
dünyasının mürəkkəbliyini açıb
göstərib. Beləliklə, türk ədəbiyyatında
roman janrına xüsusi maraq oyandıra bilib.
“Çalıquşu” romanı ümumilikdə türk ədəbiyyatında
nadir görülən bir şöhrət qazanıb və cəmiyyətin
oxuyub-yazan hər təbəqəsi tərəfindən
sevilib.
Yazıçı əsərin
baş qəhrəmanının - Fəridənin timsalında
romantik və idealist türk qadını obrazını
özünəməxsus cizgilərlə yaradıb. Ədib
müsahibələrinin birində deyib ki,
“Çalıquşu” romanını yazmaqda məqsədi xalqın
gözündə oxumuş, təhsilli, sərbəst
düşüncəli türk qızlarına simpatiya oyatmaq
olub.
Rəşad Nuri Güntəkin
yaradıcılığı çox zəngindir və onu bir
yazıda əhatə etmək çətindir. Görkəmli
yazıçı ömrünün müdrik
çağında ağır xəstəliyə - ağciyər
xərçənginə düçar olur. Vaxtilə çətin
həyat keçirən, amma heç zaman qürurunu itirməyən
yazıçı bundan çox təsirlənir. Ancaq həyatdan
ümidini üzmür. Müalicə olunmaq üçün
Londona gedir. 1956-cı il dekabrın 13-də orada vəfat edir.
Nəşi İstanbula gətirilərək Qaracamaat qəbiristanlığında
dəfn edilib.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 21 sentyabr.- S. 15.