Yazılmamış
sonluğa ağı
Kabus illərin
salnaməsi
Və ya nur
saçan ömrün
kor taleyi
O, xalqına elm, ürfan vermək naminə həyatın ən ağır məşəqqətlərinə
dözdü, gözünün
nurunu əritdi. Vətən, millət sevdasının ən ağır cəzasını
gözləri ilə çəkdi, onları xalqının taleyinə,
tərəqqisinə fəda
etdi. Ömrünü dünya işığına
həsrət başa vurmaqla həm də gözləmədiyi
ağrılara, sarsıntılara
üsyan etdi, həyatının mənasını,
səadətini, qadın,
ana, yurddaş sevgisini ona xor
görmələrini içinə
sindirə bilmədi.
Ağladı, ağladı və
sonda gözlərinin nurundan məhrum oldu.
«Böyük imperiya»nın, xalqlara, millətlərə
azadlıq, firavanlıq
«gətirən» rejimin,
quduz repressiya azarının növbəti
qurbanı da o oldu. Maarif qaranquşu, təhsil
bələdçisi Məryəm
Bayrəməlibəyova-Məlikyeqanova.
Azərbaycan Xalq Cümhuriyyətinin
görkəmli dövlət
xadimi Cavad bəy Məlikyeqanovun xanımı, sevimli müəllimə, xalqının
əndər ziyalı
qadınlarından, əsl
fədailərindən biri.
Cənub mirvarisinin təhsil elçisi
O, 1898-ci ildə
Lənkəranda dünyaya
göz açmışdı.
Soyuq yanvar günlərində tanınmış
müəllim, ziyalı
Teymur bəy Bayraməlibəyovun ocağına
istilik, hərarət,
bahar nəfəsi gətirən bu qızcığaza Məryəm
adını verən ata beləcə, onunla bağlı arzu və istəklərini
də dilə gətirmişdi. Dövrünün qabaqcıl düşüncə
sahibinin evində böyüyən 9 uşaqdan
biri də Məryəm idi. Amma qardaş-bacılarından
bir az
fərqli düşüncəli,
daha azadfikirli və cəsarətli idi. Bunu atası hələ
o uşaq ikən sezmişdi. Əslində, yaşadığı dövrün ötkəm bir xanım üçün nə qədər çətin
olacağını anlasa
da, qızının bu xasiyyətinə, qoçaqlığına sevinmişdi
də.
Yaşadığı dövrün çətinliklərinə,
maddi və mənəvi sıxıntılarına
rəğmən bütün
övladlarının təhsil
almasına nail olan ata ələlxüsus da Məryəmin taleyində mühüm rol oynamışdı.
Elə buna görə o da atasının yolunu davam etdirməklə
insanları maarif işığına toplamaq
kimi bir şərəfli işə
atılmaq qərarına
gəlir.
1905-11-ci illərdə Bakıda böyük mesenat Hacı Zeynalabdin Tağıyevin yaratdığı
müsəlman qızlar
məktəbində oxuyan
Məryəm orta təhsilini “Müqəddəs
Nina" məktəbində tamamlayır. Sonra ali təhsil
almaq məqsədilə
Moskvaya yollanır və orada Tibb
İnstitutuna daxil olur. Amma həm təhsil
haqqı, həm də yaşayış məsrəfləri gənc
tələbə üçün
problemə çevrilir.
Lakin ağıllı və çevik düşüncəli
Məryəm vəziyyətdən
çıxış yolunu
taparaq təhsil və yaşayış məsrəflərini qarşılaması
xahişi ilə Bakının məşhur
milyonçusu Murtuza Muxtarova məktub ünvanlayır. Neft
sahibkarından müsbət
cavab alan
Məryəmin bu sevinci uzun sürmür.
1917-ci ildə Rusiyada başlayan məlum inqilab onu Moskvanı tərk etməyə məcbur edir. Ali təhsilini yarımçıq
qoyub Bakıya qayıdır.
Amma bu onu
sarsıtmır
Bakıya qayıdan gənc qız müxtəlif iş təklifləri alsa da, əsas
missiyasını yerinə
yetirmək - bilik və bacarığını
başqalarına öyrətmək
üçün doğma
şəhəri Lənkərana
qayıtmağa qərar
verir. Burada qızları təhsilə
cəlb etmək üçün məktəb
yaratmalı idi. Təbii ki, bu işin
çətinliyini də
dərk edirdi. Amma böyük arzular onu doğma şəhərinə apardı.
Burada qapı-qapı gəzib qızları bir araya toplamağa, elmin, təhsilin onlar üçün əhəmiyyətini hər
kəsə anlatmağa
çalışır. Beləcə,
bütün çətinliklərə
rəğmən qızlardan
ibarət məktəb
açmağa müvəffəq
olur.
Məryəm xanımın xatirələrini
vərəqləyərkən onun keçdiyi yolun mürəkkəbliyini
bu məqamda daha aydın sezmək olur. Çox çətinliklə də
olsa, 10-12 qız uşağını bir araya gətirib 1918-ci ildə arzusunda olduğu məktəbini açır. Balaca məktəbdə özünə
böyük dünya,
sonsuz arzular kəhkəşanı yaradan
müəllimin maarifçilik,
mütərəqqi ideyalarından
rişələnən 10-12 qızdan biri də Azərbaycan səhnəsinin ilk qadınlarından
olan görkəmli sənətkar, Xalq artisti Həqiqət Rzayeva idi. O, uşaqlıq illəri ilə bağlı xatirələrində sevimli
müəlliməsi barədə
deyirdi: “Məryəm xanım qızları məktəbə cəlb etmək üçün özü də çadrada gəzirdi. Biz təkcə yazmaq,
oxumaq öyrənmirdik,
eyni zamanda səhnəciklər hazırlayıb
valideynlərimiz qarşısında
çıxış edirdik.
Toplanan vəsait kasıb qızların məktəbə
cəlb olunması üçün sərf edilirdi".
Bir müddət Lənkəranda
yaşayıb qızlara
ilk ibtidai təhsil verən Məryəm xanımın sonrakı həyatı Bakı ilə bağlıdır.
Böyük şəhərdə
böyük amallara doğru
1921-ci ildə o, siyasi hadisələr fonunda xeyli dəyişən Bakıya gəlir. Yenicə formalaşan sovet hökumətinin fəaliyyətində
əsas yer tutan təhsil işinə atılır,
müəllimlik peşəsini
davam etdirir. Paralel olaraq ictimai işlərdə də fəallıq göstərir,
1921-23-cü illərdə Həmkarlar
İttifaqının Qara
şəhərdəki təcrübə
məktəbində çalışır.
Ümumilikdə bu illər ərzində ayrı-ayrı
məktəblərdə, seminarlarda,
texnikumlarda həmkarlar
ittifaqı katibi vəzifəsini icra edir. Bu ictimai-mədəni
aktivliyi sayəsində
1925-ci ildə Bakıda
keçirilən Azərbaycan
Müəllimlərinin I Qurultayının
nümayəndəsi seçilir.
Şəhərin mədəni həyatında
aktiv fəaliyyət göstərən Məryəm
xanımın yazıları
dövrün aparıcı
mətbu orqanlarında
mütəmadi dərc
olunmağa başlayır.
«Şərq qadını",
"Maarif işçisi",
"Yeni məktəb"
dərgilərində təhsil,
təlim-tərbiyə mövzularında
maraqlı çıxışlar
edən ziyalı xanımı tezliklə gözü götürməyənlər
də tapılır.
Kölgəsindən qorxanların
hədəfi
Məryəm xanımın həm artan nüfuzu, şəhərin mədəni
mühitindəki özünəməxsusluğu,
həm də Azərbaycan Xalq Cümhuriyyətinin fəallarından
biri, həyat yoldaşı Cavad bəy Məlikyeqanovun keçmişi onu qarabaqara izləməyə
başlayır. Əslində, bu fitnə-fəsadın kökündə elə məhz Cavad bəyin siyasi fəaliyyəti dururdu.
Qarabağ bəyləri nəslindən
olan Cavad bəy Zaqafqaziya Seyminin müsəlman fraksiyasının üzvlərindən
idi. 1918-ci il mayın 28-də Azərbaycan
Milli Şurasının
üzvü kimi Azərbaycanın İstiqlal
Bəyannaməsinə imza
atmış, Xalq Cümhuriyyətinin qurulmasında
mühüm xidmətlər
göstərmiş, parlamentin
üzvü, Həmkarlar
İttifaqları Təşkilatının
qurucularından biri olmuşdu. Sovetləşmədən sonra onun da adı “qara
siyahı”ya düşmüşdü.
1931-ci ildə “Müsavat”
partiyasının gizli
üzvü olmaqda ittiham edilərək həbsə atıldı,
10 il müddətinə
uzaq şimalda sürgün həyatı
keçirdikdən sonra
elə orada (1942-ci il) vəfat etdi.
Amma bu da quduz rejimin ürəyini
yumşaltmamış, “xalq
düşməni” damğası
vurulmuş Cavad bəyin ailəsinə - xanımına və üç övladına
təzyiqlər daha da artmağa başlamışdı. Gizli
təqiblər, açıq
hədələr, yalan
xarakterli məlumatlar,
uydurma ittihamlar və…
Sürgündə keçən
illər
O da minlərlə Azərbaycan
ziyalısının aqibətini
yaşadı. Uzun-uzadı dindirilmələr,
gülünc ittihamlar,
saxtakarlıqlarla dolu məhkəmə proseslərinin
sonunda "xalq düşməni" adı
ilə uzaq Arxangelskə sürgün
edildi. Səkkiz il məşəqqətlərə,
məhrumiyyət və
təhqirlərə məhkum
bir talenin yükünü çəkdi.
Bütün bu əzablara
göz yaşları,
parçalanan ürəyi
ilə müqavimət
göstərməyə çalışsa
da, gözləri tutuldu, sürgün həyatını dünya
işığından məhrum
olmaq kimi bir ağır cəza ilə başa vurdu.
1948-ci ildə günahsız «günahkar»ın cəza müddəti başa çatdı və o, Bakıya qayıtdı.
Amma əzablar bununla da bitmədi. Uzun illərin övlad həsrətinə baxmayaraq,
ona uşaqları ilə birgə yaşamağa icazə verilmədi. Yalnız 1956-cı ildə bəraət aldıqdan sonra illərlə üzünə,
nəfəsinə həsrət
qaldığı balalarına
qovuşdu. Amma keçən
illər, yaşanan əzablar öz izlərini həyatın bütün məqamlarında
göstərdi. 90 il ömür sürsə də, bu illər Məryəm
xanıma keçdiyi əzablı günləri
unutdura bilmədi. Elə o əzablarla da dünyasını dəyişdi.
Beləcə, vətən, millət
yolunda fədakarlıqlar
içində yaşanmış
ömür başa çatdı.
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 21 sentyabr.- S. 12.