“Rəngarənglik vasitəsilə birlik

 

   Moldovanın paytaxtı Kişineudakı Ştefan çel Mare adına mərkəzi parkda “Rəngarənglik vasitəsilə birlik” şüarı altında ənənəvi XII etnomədəniyyət festivalı keçirilib.

  

   Festivalın əsas məqsədi Moldovada yaşayan milli azlıqların özünəməxsus xüsusiyyətləri ilə tanış olmaq, mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, habelə xalqlar arasında dostluq münasibətlərini möhkəmləndirməkdir. Tədbirdə 40-dan çox etnik birliyin nümayəndələri iştirak edib. Festival iştirakçıları həmçinin müxtəlif millətlərin xalq yaradıcılığı ustalarının işləri, milli yeməkləri, mahnı və rəqsləri ilə də həvəslə tanış olublar.

   Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresi tərəfindən təşkil edilmiş guşə böyük maraq doğurub. Moldova Prezidenti Nikolae Timofti, dövlət və hökumət rəsmiləri, çoxsaylı ziyarətçilər Azərbaycan sərgisi ilə böyük maraqla tanış olublar.

   Guşədə milli geyimlər, xalçalar və xalça məmulatları, qədim mis qablar və milli musiqi alətləri nümayiş etdirilib. Moldova Azərbaycanlıları Konqresi gənclər təşkilatının rəqs qrupu tamaşaçıları öz əlvan proqramı ilə sevindirib.

   Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev və MAK-nın sədri Vüqar Novruzov qonaqları qarşılayıb sərgi ilə tanış ediblər. Qonaqlara Azərbaycan haqqında müxtəlif kitablar və jurnallar, milli mətbəximizin yeməkləri təqdim olunub.

 

 

  Mədəniyyət.- 2012.- 21 sentyabr.- S. 8.