Uğurlardan uğurlara

 

   Onu çoxdan tanıyıram. Musiqi məktəbləri şagirdləri arasında keçirilən əksər konsert müsabiqələrdə fəal iştirak edərək istedad qabiliyyətini nümayiş etdirir, bacarıqlı klarnet ifaçısı kimi püxtələşir.

  

   Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsindəki 24 saylı onbirillik uşaq musiqi məktəbinin 6-cı sinfində oxuyan Yusif Yusifov ilk uğuruna 2008-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş müsabiqədə nail olub. Bundan sonra nailiyyətləri bir-birini əvəz edən gənc istedad 2011-ci ildə görkəmli musiqiçi Rafiq Babayevin xatirəsinə həsr olunmuş yaradıcılıq gecəsində solo ifası ilə bir daha istedadını sübuta yetirir. Həmin il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə keçirilən uşaq musiqi incəsənət məktəbi şagirdlərinin nəfəsli zərb alətləri üzrə II Respublika müsabiqəsində yüksək səviyyədə çıxış edərək 1-ci dərəcəli diploma laureat adına layiq görülür. Yeniyetmə ifaçının daha bir nailiyyəti ötən ilin iyununda Rusiyanın Samara şəhərində MDB ölkələrinin Uşaq Musiqi Akademiyasında qazandığı diplom olub.

   Bu il yanvarın 21-29-da TÜRKSOY-un Uşaq Simfonik Orkestrinin Türkiyənin Konya, Niğde Kayseri şəhərlərində konsertləri təşkil edilib. Nümayiş etdirdiyi fərdi ifa üslubu sayəsində orkestrə dəvət alan Yusif müəllimi Vaqif Məmmədovla birgə Türkiyəyə gedərək respublikamızı layiqincə təmsil edib.

   Yusif həmçinin Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi uşaq gənclərdən ibarət simfonik orkestrdə Əməkdar incəsənət xadimi Ağaverdi Paşayevin yaratdığı uşaq xalq çalğı alətləri orkestrində uğurla çıxış edir. İfaçı bu ilin aprelində Bakıda keçirilən İslam dünyası gənclərinin klassik musiqi ifaçılarının I Beynəlxalq festival-müsabiqəsində 2-ci yerə layiq görülüb.

   Ötən il Samarada Rusiyanın Xalq artisti Yuri Başmetin himayəsi ilə keçirilmiş MDB ölkələrinin Birinci Uşaq Musiqi Akademiyasında 2011-ci ildə "Yeni adlar" Regionlararası İctimai Xeyriyyə Fondu tərəfindən Moskvada təşkil edilən yaradıcılıq məktəbinin iştirakçılarından olan Yusif burada beynəlxalq müsabiqələr laureatları Aleksandr Buzlov, İqor Fyodorov, Yevgeni Finkilşteyn (Rusiya), Mariza Tansinni, Fulvio Fiori (İtaliya), Tatyana Samuil (Belçika) Rostislav Krimerin (Belarus) kimi tanınmış musiqiçilərdən müxtəlif ixtisaslar üzrə ustad dərsləri alıb.

   Bu dərslərin sənət həyatı üçün böyük əhəmiyyət daşıdığını deyən istedadlı musiqiçinin sorağı bu dəfə həmin yay məktəbindən gəldi. O, ikinci dəfə Rusiya Federasiyasının "Yeni adlar" Regionlararası İctimai Xeyriyyə Fondunun Moskva Suzdal şəhərlərində təşkil edilən (26 iyul - 9 avqust) yaradıcılıq məktəblərində təcrübə keçərək özünün fərdi ifa məharətini tanınmış musiqi xadimlərindən ibarət professor-müəllim heyəti qarşısında nümayiş etdirib.

   Rusiyanın regionlarından, həmçinin MDB, Baltikyanı digər xarici ölkələrdən gənc istedadlar üçün təşkil edilən tədbirə Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə qatılan Yusif onun müəllimi Vaqif Məmmədov səfər təəssüratlarını bizimlə bölüşdülər. Öyrəndik ki, gənc musiqiçi bu il 20 illik yubileyini qeyd edən yay yaradıcılıq məktəbində ölkəmizdən yeganə təmsilçi olub. Yusif bu dəfə həm solo, həm orkestrlə ifasına görə fərqlənərək iki diploma layiq görülüb. İfaçı belə tədbirlərdə iştirakın ona mühüm stimul, istiqamət verdiyini bildirir.

   Müəllimi V.Məmmədov şagirdinin bu səfərə məsuliyyətlə hazırlaşdığını qeyd etdi: «Həm milli, həm dünya xalqlarının musiqi nümunələrindən ibarət dolğun proqram hazırlamışdıq. Lakin vaxt məhdudiyyətinə görə Yusif münsiflər qarşısında yalnız bir əsər - «Qafqaz rəqsi»ni ifa etməli oldu. Onun çalğısı istər iştirakçılar, istərsə də münsiflər tərəfindən alqışlarla qarşılandı».

   Gənc istedadın sənət uğurları ilə yanaşı, iştirak etdiyi tədbirlər də bir-birini əvəz edir. Yusif bu yaxınlarda Özbəkistanın müstəqillik günü ilə bağlı bu ölkədə keçirilən musiqi bayramında da iştirak edib.

   Qəzetimiz çapa hazırlanarkən Yusiflə bağlı daha bir xoş xəbəri aldıq. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2012-ci il tarixli sərəncamına əsasən o da adı gənc istedadlarının “Qızıl kitabı”na yazılmaqla Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.

  

 

   Həmidə

 

   Mədəniyyət.- 2012.- 26 sentyabr.- S. 13.