Müqəddəs
mələk
Milli musiqi alətlərimiz
Qədim
musiqi alətlərindən olan cəngin ilk nümunələrinə
Anadolu, Mesopotamiya və Misirdə rast gəlinib. Quruluş etibarı ilə sadə,
formasına görə arfaya bənzəyən
simli-yaylı musiqi aləti barədə
Şərq əfsanələrində söz
açılır, onun ilahi
qüvvə tərəfindən yaradıldığı deyilir. Hətta onu «Müqəddəs
mələk» də adlandırırdılar.
Cəng sözünün "tutmaq", "yapışmaq" mənasını verdiyini güman etmək olar. Orta əsrlərdə (XVI əsrin ikinci yarısınadək) Azərbaycanda çox geniş yayılmış qədim musiqi alətlərindən biri də cəng olmuşdur. Onun üzünə ceyran və ya balıq dərisi çəkilir, simləri ipək və ya bağırsaqdan hazırlanırmış. Cəngin uzunsov və qövsşəkilli hissəsi çanağı təşkil edir. Çanağın açıq üzünə balıq dərisi çəkilir, aşağı tərəfinə bərkidilmiş uzunsov hissə isə qol rolunu oynayır. Bu hissədə aşıqlar yerləşdirilir. Simlərin bir ucu çanaq hissədə dəri üzərinə yerləşdirilmiş metal ilgəklərə, o biri isə taxta aşıqlara bağlanılır. Cəngin ilk nümunəsinin 6-9 simli olduğu məlumdur.
Bərpa olunmuş alətin bağırsaqdan və ipək sapdan hazırlanmış 30 simi var.
Yazılı mənbələrdə və miniatür sənət əsərlərində onun haqqında məlumat olduqca çoxdur. Dahi Azərbaycan şairi Nizami Gəncəvi əsasən qadınların ifa etdiyi bu aləti belə təsvir edir:
Sazın ipək telli xoş avaz almış,
Cəngin qulağına halqalar salmış
Zil pərdədən qalxan nəğmələr gözəl
Cəngin ətəyində nazlanır qəzəl.
Cəng alıb əlinə o dilbər pəri,
Söylədi çəkdiyi əziyyətləri.
Yayıldı cəng səsi, düşdü hər yanə,
Nalə aşiqləri etdi divanə.
Mülahizələrə görə, cəng ox və yay ovçuluq silahının törəməsidir. Türk xalqları musiqisinin tədqiqatçısı doktor Fərrux Şumer "Qədim türklərin musiqisi və rəqsləri" adlı məqaləsində Altay kurqanlarında aparılan qazıntılar zamanı tapılan mədəniyyət abidələri arasında iki cəngin xüsusilə böyük maraq kəsb etdiyini yazır.
Azərbaycan arxeoloqlarının araşdırmalarından belə məlum olur ki, cəngin ölkəmizdə ilk nümunələri eramızdan əvvələ aid edilir. Azərbaycanın qədim mədəniyyət mərkəzi olmuş Bərdə şəhəri yaxınlığında Şatırlar kəndi ətrafında aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl IV-III əsrlərə aid üzərində cəng çalan qadın fiquru təsvir edilmiş saxsı qablar tapılmışdır. Qablar həmin dövrə aid yerli istehsalın məhsuludur.
Bu alətin müxtəlif növləri olmuşdur. İfa tərzi arfada olduğu kimidir, alət sağ və sol əllərin barmaqları ilə çalınır. Zərif və incə səsli cəng əsasən saray məclislərində ifa olunub.
Tarixi mənbələrdən belə məlum olur ki, orta əsrlərdə Azərbaycanda istifadə olunmuş cəngin 18-24 simi olmuşdur. XIV əsr görkəmli Azərbaycan musiqişünası Əbdülqadir Marağayi "Məqasid-əl-əlhan" əsərində cəng haqqında yazır: "Bu məşhur alətdir. Onun üzünə dəri çəkilir və sim əvəzinə sap bağlanır. Sazdan istifadə edənlər həmin sapları pərdələr adlandırırlar. Bəzən ona 24 sim bağlayırlar".
Xatırladaq ki, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq doktoru, Qədim Musiqi Alətləri Ansamblının rəhbəri Məcnun Kərimov musiqi xəzinəmizin 11 incisini bərpa edərək onlara yeni həyat verib. Bu alətlər arasında cəng də var. Üçillik zəhmətin nəticəsində ərsəyə gələn alət 31 simdən ibarətdir. Məcnun müəllim deyir ki, cəng Nizaminin, Füzulinin çox sevdiyi musiqi aləti olub.
Bərpa olunmuş alətin ümumi hündürlüyü 930 mm, çanağının hündürlüyü 850 mm, qolunun uzunluğu 665 mm-dir. Xromatik sıraya malik 30 səsdən ibarətdir. Diapazonu kiçik oktavanın "sol" səsindən ikinci oktavanın "si" səsinə kimidir. Cəng solo və ansambl aləti sayılır.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 26 sentyabr.- S. 13.