Kinoda
keçən ömür
Danılmaz həqiqətdir ki, Azərbaycan
kinosunda qadın rollarını ifa edən
aktrisalarımızın səmimi, emosional
yaradıcılıqları həmişə filmlərə
uğur gətirib, milli kinomuzun inkişafına təkan verib.
Bənzərsiz ifa maneralarına, fərdi yaradıcılığına
görə geniş tamaşaçı rəğbəti
qazanan qadın sənətkarlarımızdan biri də
respublikanın Əməkdar artisti Xalidə Quliyevadır.
Xalidə Camal qızı Quliyeva
1952-ci il sentyabrın 24-də Bakıda anadan olub. Orta təhsilini
Bakının Nizami rayonundakı 62 ¹-li orta məktəbdə
alıb. Məktəbin fəal şagirdlərindən biri olan
Xalidə ibtidai sinifdə oxuyarkən musiqiyə, rəqsə,
kinoya maraq göstərib. Hələ o vaxt başa
düşürdü ki, sənət onun daxili
dünyasının əksidir, o, sənətin ardınca getməlidir.
Məktəbi əla qiymətlərlə bitirdikdən sonra
1970-ci ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun dram və kino aktyorluğu fakültəsinə
daxil olur. Tələbəlik illərindən institutun nəzdindəki
“Səda” Tədris Teatrında çalışır, sənət
müəllimləri olan Azərbaycanın görkəmli teatr
və kino rejissoru Adil İsgəndərovdan, Xalq artisti Elmira
Şabanovadan sənətin sirlərini öyrənir.
Xalidə xanımın kinoda
debüt işi görkəmli kinorejissor Tofiq Tağızadənin
1972-ci ildə çəkdiyi “Qızıl qaz” filmində olub.
Aktrisanın filmdə yaratdığı Validə obrazı
onun digər filmlərə dəvət almasına zəmin
olur. Bir il sonra Həsən Seyidbəylinin Azərbaycan
xalqının görkəmli şair və filosofu İmadəddin
Nəsiminin anadan olmasının 600 illiyi münasibətilə
ekranlaşdırdığı tarixi-bioqrafik filmdə Fatimə
roluna çəkilir. Böyük şairə sevgisini
pünhan saxlayan, eyni zamanda, hürufi təriqətçiləri
arasında çox vaxt kişi libasında gəzməyə məcbur
olan, qəlbi daim azadlıq eşqi ilə çırpınan
Fatimənin təzadlı xüsusiyyətləri onun zəngin
daxili aləminin təzahürü idi. Nəsimi ilə Fatimənin
müxtəlif qütblərdə dayanan (səbirli və
çılğın münasibətlərini bəyan edən)
xarakterləri filmin əsas ideya xətlərindən birini
şərh edir. Fatimə
çılğınlığı ilə illərlə
uzanan əqidə mübarizəsinə son verməyə,
açıq döyüşdə ölümə belə
getməyə can atırsa, Nəsimi səbir və
müdrikliyi təlqin edən şeirləri ilə onu sakitləşdirir,
gözəllik və mərdliyi tərənnüm edən
misraları ilə çılğın qızın ürəyinə
nur çiləyir. Beləliklə, personajların coşqun
dialoqu bütün dövrlərdə bəşəriyyətə
hürriyyəti yalnız insanın insana olan sevgisinin bəxş
edəcəyini aşılayır. Nəsiminin qiymətli
söz xəzinəsindən olan şeirləri müqabilində
Fatimənin pafoslu monoloqları nəticə etibarı ilə
filmi ekran poeziyası təsirindən uzaqlaşdırıb,
diqqəti Teymurləng ordusunun Azərbaycanda törətdiyi
qırğın və çaxnaşmaya, insanların
acınacaqlı durumuna yönəldir. Ekran əsərinin
yaradıcı heyətinin digər üzvləri kimi, Xalidə
xanımın da istedadlı oyunu sayəsində “Nəsimi”
filmi 1974-cü ildə Bakıda keçirilən VII
Ümumittifaq kinofestivalında “tarixi mövzuda ən
yaxşı filmə görə” mükafata layiq
görülüb.
Azərbaycan qadınının
tipik xüsusiyyətlərini ekran obrazlarında bacarıqla əks
etdirən Xalidə Quliyeva üçün “Bakıda küləklər
əsir” (rejissor Muxtar Dadaşov; 1974) filmində
yaratdığı Solmaz obrazının fərdi cəhətlərini
göstərmək o qədər də çətin
olmadı. Aktrisa filmdə II Dünya müharibəsində
Bakı neftinə can atan alman faşistlərinin məkrli niyyətlərinə
qarşı mübarizədə fəal iştirak edən,
ön cəbhədə döyüşən azərbaycanlı
qızının mərd obrazını yaradıb.
Görkəmli kinorejissor və kinodramaturq
Həsən Seyidbəyli müasiri olduğu dövrün
qadınlarının sosial problemlərinə aydınlıq gətirmək
üçün biri-birinin ardınca Azərbaycan
qadınının həyat mövqeyindən bəhs edən
filmlər ekranlaşdırırdı. Bu mənada onun kino
lentləri içərisində “Xoşbəxtlik
qayğıları” xüsusi yer tutur. Bu filmdə o,
qadınların adi məişət problemlərinin məngənəsində
mənəviyyatlarını sıxan səbəblərin
kökünü araşdırır, obrazların şəxsində
keçmişdən miras qalan ənənələrin əsirinə
çevrilən insanları tənqid edir. Xalidə
xanımın dediyinə görə, bu filmdə
yaratdığı Xalidə obrazını müəllif məxsusi
olaraq onun üçün yazmış, obraza da elə onun
öz adını vermişdir. Sonralar sənətdə
çox uğurlar əldə edən aktrisa bu şansın
onun üçün böyük xoşbəxtlik olduğunu
vurğulayır.
Xalidə kasıb ailədə böyüyən
altı uşaqdan biridir. Övladlarını atasız
böyüdən Rüxsarə (aktrisa Şəfiqə Məmmədova)
xanımın tək arzusu onlara ata-baba qaydası ilə cehiz
verib ər evinə yola salmaqdır. Qızlar isə təhsil
alıb cəmiyyət üçün gərəkli vətəndaş
olmağa üstünlük verirlər. Onların fikrincə,
cehizsiz də xoşbəxt olmaq olar. Qızlar
üçün azadlıq təkcə fiziki sərbəstlik
deyil, həm də təhsil almaq, həyatda dəqiq mövqeyi
olmaq deməkdir. Cəmiyyətdə nümunəvi mövqe
tutmaq üçün yüksək mənəvi dəyərləri
əsas götürüb, həyatın bütün sınaqlarından
alnıaçıq çıxan obrazlardan biri də Xalidədir.
Aktrisanın ifasında dəqiq xarakterizə olunan bu personaj
filmdə təsdiqini tapan rejissor ideyasının əyani təzahürüdür.
Xalidə Quliyevanın geniş
yaradıcılıq diapazonu rolların məramını, məqsədini
dəqiq göstərir. Aktrisanın məhsuldar
yaradıcılığı ekran hadisələrini real həyat
faktı kimi qəbul etməyimizə səbəb olub. Xalidə
Quliyevanın kino aktrisası kimi püxtələşməsində
korifey kinorejissorlardan Tofiq Tağızadənin, Muxtar
Dadaşovun, Şamil Mahmudbəyovun, Rasim Ocaqovun böyük
rolu olub. Aktrisanın filmin mövzusunu, mövcud vəziyyəti
təhlil edən peşə bilgisi onun belə böyük sənətkarlarla
işləməsinə imkan yaradıb.
Xalidə xanımın Azərbaycan
kinosunda yaratdığı yaddaqalan və geniş
tamaşaçı rəğbəti qazanan rollarından biri
də “Tütək səsi” filmindəki Milli obrazıdır.
II Dünya müharibəsi illərində arxa cəbhədə
insanların ağır həyat şəraitini əks etdirən
filmdə Milli kəndin poçtalyonudur. Atalarını, ərlərini
və oğullarını ön cəbhəyə yola salan
qız-gəlinlər onların da yerinə işləyib,
sidq-ürəklə əzizlərinin qayıdacağına və
müharibədə qələbə çalacaqlarına
inanırlar. Milli kəndə gələn bütün qara
kağızları gizlədir. Onun fikrincə, həmin illərdə
hər bir ailənin qapısını döyən bu bəlanın
açıqlanması onsuz da aclıqdan və böhrandan əziyyət
çəkən insanların ruh düşkünlüyünə,
hətta ölümünə səbəb ola bilər. Odur ki,
o, çantasında gəzdirdiyi pünhan məktublarda sanki
bütün kəndin yükünü daşıyır. Milli
gənc olsa da, mətindir, mərddir. O, yaxınlarını və
doğmalarını ondan uzaqlaşdıran ölüm xəbərini
deməməklə müharibəyə, hətta ölümə
qalib gəldiyini zənn edir. Onun məsum yalanının
üstünü açan İsfəndiyar kişi (aktyor Məmmədrza
Şeyxzamanov) ilə olan dialoqunda da çantasını bərk-bərk
qucaqlayıb bağrına basan, acı həqiqət
qarşısında aciz qalan Millinin şəxsində dərdləri
uzun illər unudulmayacaq müharibənin insan mənəviyyatına
vurduğu sarsıdıcı zərbələri
görürük. Milli filmin dramatik yükünü
cılız, məğrur çiyinləri üstündə
daşıyan bir obrazdır. Aktrisa obrazın fərdi keyfiyyətlərini
xırdalıqlarına qədər cilaladığına
görə, o, unudulmur, müharibə məfhumunu bizə ətraflı
şərh edir, filmin aparıcı qüvvəsi kimi qəbul
edilir.
1972-ci ildən 1990-cı ilədək
mütəmadi olaraq kinoya çəkilən Xalidə
xanımın da, digər həmkarları kimi, sonrakı
dövrdə sənət həyatında bir durğunluq
dövrü başladı. 90-cı illərin əvvəlində
ölkədə baş verən ictimai-siyasi böhran milli
kinomuzun inkişafını da tənəzzülə
uğratdı. Kino karyerasında fasilə yaranan aktrisa isə
yeni rollar yaratmaq istəyirdi.
Nəhayət ki, o, 2007-ci ildən
(“Bəylik dərsi”, bədii televiziya filmi) yenidən filmlərə
dəvət almağa başlayır və ekran fəaliyyətini
yeni bir coşqu ilə davam etdirir. Xalidə xanım hazırda
filmlərin səsləndirilməsində də fəal
iştirak edir.
“Azərbaycanfilm” kinostudiyasında
istehsal edilən filmlərdə yaratdığı Sona müəllimə
(“Asif, Vasif, Ağasif”), Nazlı (“Qoca palıdın
nağılı”), Dadı (“Gedər-gəlməz”), Bənövşə
(“Çətirimiz buludlardır”), Əsli (“Qocalar, qocalar”) və
başqa obrazlar Xalidə Quliyevanın uğurlu ekran
personajlarıdır. Aktrisanın istedadı İran
kinematoqrafçılarının diqqətindən
yayınmayıb. İran kinorejissoru Həsənağa Nəcəfi
çəkdiyi iki filmdə (“İtkin pay”, “Səkkizinci
göy”) ona baş rol olan ana obrazlarını həvalə
edib.
Onu da qeyd edək ki, “Xoşbəxlik
qayğıları” filmindəki Xalidə obrazından sonra “Səkkizinci
göy” filmindəki ana obrazı da məxsusi olaraq Xalidə
Quliyeva üçün yazılmışdır. Obrazların
öhdəsindən bacarıqla gələn aktrisa Həsənağa
Nəcəfinin Qarabağ haqqında çəkəcəyi
yeni filmdə baş rola dəvət alıb. Filmin çəkilişlərinə
hazırlaşan Xalidə Quliyeva yaradıcılıq
imkanlarını təsdiqləyən ekran işlərinə
ardıcıl dəvət almasına sevinir. Yaradıcı
şəxsi yaşadan da onun sənət sevincidir.
Kinoda göstərdiyi xidmətlərə
görə istedadlı aktrisa 2008-ci ildə Azərbaycan
Respublikasının Əməkdar artisti fəxri adına layiq
görülüb. Bu günlərdə 60 yaşını
qeyd edən Xalidə Quliyeva kinoda keçən 40 il ərzində
irili-xırdalı 35-ə yaxın filmdə çəkilib.
Onun kinoda yaratdığı rəngarəng, bənzərsiz
rolları haqqında çox danışmaq olar.
Çünki o, ekranda yalnız aktyorluq istedadını
nümayiş etdirən sənət bilicisi yox,
yaradıcılığı vasitəsilə
tamaşaçıya ürək sözlərini ünvanlayan
səmimi insan təsiri bağışlayıb. Bəlkə də
bu, Xalidə xanımın həyatda da müsbət xarakterli
insan olmasından irəli gəlir. Deməli, nümunəvi həyat
mövqeyi olan rollarının təfsirində Xalidə
xanım elə özünü yaradıb. Sənətinə
uğur gətirən sadə, səmimi insani keyfiyyətlərinin
bərabəri də çoxsaylı tamaşaçı məhəbbətidir.
Şəhla
Bürcəliyeva
Mədəniyyət.-
2012.-26 sentyabr.- S. 12.