Seyid Şuşinskinin sonuncu tələbəsi
Süleyman Abdullayev: “Gənc ifaçılara tövsiyəm
budur ki, muğam sənətini həmişə uca tutsunlar. Bu sənət böyük
sənətkarların yadigarı və əmanətidir”
Muğam sənəti
qərinələr, əsrlərdi ki,
xalqımızın geniş sinəsində
təşəkkül tapıb. İti zəkasında
bəslənib, cilalanıb və bugünkü
həyatımızın tərənnümçüsünə
çevrilib. Söz yox, bütün bunlar xalqımızın zaman-zaman
yetirdiyi sənətkarların yüksək
istedadına, digər tərəfdən musiqimizin
zənginliyinə, melodikliyinə dəlalət edir. Muğam sənətimizin
inkişafında ecazkar səsi və intəhasız
zəhməti ilə tanınan sənətkarlardan biri də Əməkdar artist,
Prezident təqaüdçüsü Süleyman Abdullayevdir. Onunla söhbətimizdə öncə musiqi aləminə gəlişi barədə
danışmasını xahiş etdik.
- 1939-cu il fevralın 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olmuşam. Səsim olduğu üçün erkən çağlardan musiqiyə həvəs göstərmişəm. El şənliklərində, toy-düyünlərdə xalq mahnıları, muğam parçalarını oxumuşam. Beləliklə, məndə bu sənətə maraq yarandı. Yavaş-yavaş yeni mahnılar öyrənməyə başladım. Bir dəfə ustad xanəndə Seyid Şuşinski Füzuliyə gəlmişdi. İstedadlı gənclərlə maraqlanırdı. Görkəmli muğam bilicisi Ağabala Abdullayev haqqımda ona məlumat verdi. O da məni çağırtdıraraq ifamı dinləmək istədiyini dedi. Səsimə qulaq asıb çox bəyəndi. Bakıya gəlib burada təhsil almağımı məsləhət gördü. 1960-cı ildə Bakıya gəldim. Asəf Zeynallı adına Musiqi Texnikumunda Seyid Şuşinskinin sinfinə qəbul olundum. 1964-cü ildə təhsilimi müvəffəqiyyətlə başa vurdum. Elə həmin il Dövlət Filarmoniyasının solisti kimi işə düzəldim. Beləliklə, ifaçılıq fəaliyyətimə başladım. 1969-cu ildə Türkiyədə keçirilən ümumdünya festivalının mükafatçısı oldum. Dünyanın müxtəlif ölkələrində qastrol səfərlərində olmuşam. Bu səfərlərdə milli musiqimizi dünya sənətsevərləri qarşısında təbliğ etmişəm.
- Ömrün müdrik çağında və sənətin bu yüksək məqamında muğam sənətinin gələcəyini necə görürsünüz?
- Azərbaycan muğamı çox dərin köklərə malikdir. Nə qədər ki, o köklər öz təravətini itirməyib, muğam sənəti yaşayacaq və yüksək zirvələr fəth edəcək, ifaçılarımızın səsi-sorağı çox-çox uzaqlardan gələcək. Sözsüz ki, bu işdə dövlətin mədəniyyətə, incəsənətə diqqəti çox mühüm rol oynayır. Ötən əsrin 90-cı illərinin əvvəlində respublikamızda mədəniyyətin bir çox sahələri kimi, muğam sənətimiz durğunluq dövrü yaşadı. Amma sonrakı illərdə muğama diqqət və qayğı artdı. Sözə, sənətə və sənətkara qiymət verilir. Bu gün muğam ifaçılığı çox yüksək səviyyədədir. Bunun da əsas səbəbi odur ki, bu müqəddəs sənəti möhtərəm Prezidentimiz İlham Əliyev və onun xanımı, millət vəkili Mehriban Əliyeva dəstəkləyir. Dövlətimiz həm muğama, həm də onu ifa edənlərə hər cür qayğı göstərir. Sənətkarı xalqın məhəbbəti və dövlətin qayğısı yaşadır. Bu gün gəncliyə geniş meydan açılıb. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğam sənətimizin qorunması, gənc ifaçılar arasında muğam müsabiqələrinin keçirilməsi yeni ifaçılar nəslinin yetişməsinə mühüm zəmin yaradır. Gənc ifaçılara tövsiyəm budur ki, bu sənəti həmişə uca tutsunlar. Daim axtarışda olsunlar. Bu sənət böyük sənətkarların yadigarı və əmanətidir.
- Bu yaxınlarda Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar artist” fəxri adına layiq görüldünüz...
- Bu sərəncama görə möhtərəm Prezidentə minnətdarlığımı bildirirəm. Dövlətimiz sənətdə xidmətləri olan insanları hər zaman qiymətləndirir. Mənim də xalq qarşısında az-çox xidmətlərim var. Onu da deyim ki, 1998-ci ildən ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Prezident təqaüdü alıram.
- Respublikanın mədəni həyatında təcrübəli muğam ustası kimi tanınırsınız. Xalqımız da, dövlətimiz də sənətinizi yüksək qiymətləndirir. Belə olan halda nədən musiqi, təhsil ocaqlarının biri ilə əlaqə qurmamısınız?
- Çox haqlı sualdır. Hələ xeyli əvvəl Asəf Zeynallı adına Musiqi Kollecindən orada dərs demək barədə dəvət almışdım. Sonra Xalq artisti Arif Babayev təşəbbüs göstərdi, məni Azərbaycan Milli Konservatoriyasında çalışmağa dəvət etdi. Düzünü desəm, bütün bunların baş tutmamasına səbəb öz səhlənkarlığım olub.
- Ömrün bu müdriklik zirvəsindən geri baxarkən nələri xatırlayırsınız?
- İyirmi ildir vətənimizin bir hissəsi nankor qonşularımız tərəfindən işğala məruz qalıb. Hər gün, hər an işğal altındakı doğma torpaqlarımızı, yurd yerlərimizi, orada keçirdiyimiz günləri yada salıram. Cəbhə xəttindəki hərbçilərimiz, doğma yurd-yuvalarından didərgin düşən bacı-qardaşlarımız qarşısında bir çox konsertlərdə yaxından iştirak edirəm, sənətimlə onların istək və duyğularına şərik olmağa çalışıram.
- Söhbətinizdən məlum oldu ki, görkəmli muğam biliciləri Seyid Şuşinski müəlliminiz olub. Eşitdiyimizə görə, vaxtilə Xan Şuşinski də səsinizi bəyənib. Bu görkəmli sənətkarlar haqqında bir xatirə danışa bilərsinizmi?
- Səhv etmirəmsə, 1965-ci il idi. Hərbi Komissarlıqdan əsgərliyə çağırılmışdım. Bunu Seyid Şuşinskiyə bildirdim. O, mənimlə hərbi komissarlığa getdi. Hərbi komissar bizi çox gözəl qarşıladı. Ondan nə üçün gəldiyini soruşdu. Seyid də bildirdi ki, bəs Süleymanı əsgərliyə aparmaq istəyirsiniz. Amma o, əsgərliyə getsə səsi korlana bilər. Hərbi komissar dedi ki, bu yaxınlarda bacımın xeyir işi olacaq. Süleymanı da götürüb gələrsən toya. Orada oxuyar, səsi xoşuma gəlsə baxarıq. Elə də etdik. Toyda xeyli oxudum. Səsimi bəyəndiyini bildirdi. Beləliklə, mən Seyid Şuşinskinin sayəsində əsgərliyə getmədim. Onu da deyim ki, mən və Əməkdar artist Sabir Mirzəyev Seyid Şuşinskinin sonuncu tələbələri olmuşuq.
Bir dəfə də efirdə Xalq artisti Rübabə Muradova ilə canlı oxuyurduq. “Segah” üstə belə bir qəzəl oxudum:
Dil açanda anamın hər sözünə can demişəm,
Bu gözəl
yurduma Azərbaycan demişəm.
Kim bölüb
Azəri yurdun Şimal ilə Cənuba,
Götürülsün yer üzündən,
belə hicran demişəm.
Həmin günün səhəri
Teleradio Komitəsinin sədri Ənvər Əlibəyli məni yanına çağırdı
və oxumağıma
irad tutdu. Efirdə çıxışıma altı
ay qadağa qoyuldu.
Bu hadisədən üç gün keçmişdi. Eşitdim ki,
məni Xan Şuşinski axtarır.
Tez onun yanına getdim. Dedi, Süleyman, Ali Sovetin sədri Məmməd İsgəndərov səninlə
maraqlanıb. Bir yerdə
onun yanına gedəcəyik. Onun qəbulunda
olduq. Bizi çox yaxşı
qarşıladı. Bildirdi ki,
Xan, sən bu ölkədə təksən. Ancaq o gün
bu gənc oxudu, xoşum gəldi. Biz həmin hadisəni ona danışdıq.
O, Ənvər Əlibəyliyə
zəng etdi. Ogünkü oxumağımdan
xoşu gəldiyini dedi. Ondan sonra həmin
qadağa götürüldü.
- Fəaliyyətiniz
dövründə daha
çox hansı şairin əsərlərinə
müraciət etmiziniz?
Bəstəkarlardan kiminlə yaradıcılıq
əlaqələriniz olub?
- Oxuduğum muğamlarda Sədi Şirazi, Hafiz, Süleyman
Rüstəm, Əliağa
Vahidin əsərlərinə
daha çox müraciət etmişəm.
Bəstəkarlardan isə demək
olar ki, Bəhram Nəsibovla daha çox işləmişəm. Qeyd edim
ki, Bəhram qeyri-adi, fitri istedad sahibi idi. O, həm şair, bəstəkar idi, həm də
tarda gözəl ifa edirdi.
- Maraqlı müsahibə üçün
sağ olun.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 26 sentyabr.- S. 11.