Turist qəbul etdiyimiz
ölkələrin sırası getdikcə genişlənir
Nahid
Bağırov: “Turistlər üçün
qiymətdən daha çox
yüksək xidmət şərtləri maraqlıdır”
Azərbaycanda turizm
mövsümü yekunlaşmaq
üzrədir. Rəsmi məlumatlara əsasən, bu il ölkəmizə gələn
turistlərin sayında 5-6 faiz artım
müşahidə olunub. Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov bizimlə söhbətində
bu barədə fikirlərini bölüşdü, eyni
zamanda hotellər və turizm
şirkətləri ilə münasibətlərə toxundu.
- Ötən ilə nisbətən bu il Azərbaycana gələn turistlərin sayında əhəmiyyətli artım müşahidə olunub. Bunu ölkəmizdən xaricə istirahətə gedənlərin sayı haqqında da demək olar. 2011-ci ildə Azərbaycandan Türkiyənin bölgələrinə, o cümlədən Antalyaya, Bodruma birbaşa reyslər vardı. Bu il isə Xorvatiya, Gürcüstan da bu sıraya daxil edilmişdi.
- Bu il Azərbaycana əsasən hansı istiqamətlərdən turist axını oldu?
- Əlbəttə ki, Türkiyədən və MDB ölkələrindən daha çox turist qəbul edirik. Amma Avropa ölkələri də istisna deyil. Turist qəbul etdiyimiz ölkələrin sırası getdikcə genişlənir. Bunun da başlıca səbəbi ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlər və Azərbaycanın turizm imkanlarının tanıdılması istiqamətində aparılan işdir.
- Ölkəmizə gələn qonaqlar daha çox hansı bölgələrdə istirahətə üstünlük verirlər?
- Xarici turistlər Şəki, Qəbələ,
İsmayıllı rayonlarına, cənub bölgəsindən
Lənkərana, Masallıya getməyə daha
çox maraq göstərirlər.
Bu il maraqlı bir hal da
müşahidə olunub. Bildiyiniz
kimi, Nabran bölgəsi
çimərlik turizmi həvəskarlarının
ən çox maraq
göstərdiyi yerdir. Amma
bu il Nabrana
gedən turistlərin sayında bir qədər
azalma müşahidə edilib.
Bunun da başlıca
səbəbi Bakı və Abşeron ərazisində
dəniz kənarında yüksək səviyyəli istirahət
mərkəzlərinin fəaliyyətə başlamasıdır.
Məsələn, bu il Bilgəhdə
«Jumeirah Bilgah Beach Hotel»i istifadəyə verilib. Qiymətlər nisbətən yüksək
olsa da, bir çox turistlər istirahət üçün buranı
seçirlər. Çünki insanlar indi xidmət
səviyyəsinə daha
çox önəm verirlər. Onlar üçün qiymətdən daha çox yüksək xidmət şərtləri
maraqlıdır. Turistlərə əyləncə lazımdır.
Onlar istədiklərini harda tapırlarsa, oranı da seçirlər. Ona görə də Nabrandakı istirahət mərkəzləri bunu nəzərə alaraq xidmət səviyyələrini
bir qədər də artırmalıdırlar.
Bu, bazar iqtisadiyyatının
tələbidir. Rəqabət artdıqca, keyfiyyət də yüksəlir.
Kimin təklif etdiyi xidmət dünya standartlarına cavab verirsə, turistlər də ora daha
çox maraq göstərirlər.
- Azərbaycan
Turizm Assosiasiyası yeni yarananda hotellərin və turizm şirkətlərinin
bu quruma üzv olması ilə bağlı problemlər mövcud idi. Onlar, belə demək
mümkünsə, quruma
o qədər də güvənmirdilər. Hazırda vəziyyət
necədir, üzvlərinizin
sayı artırmı?
- Assosiasiyanın
üzvlərinin sayı
artır. Yeni yaradılan bütün
hotellər AZTA-ya üzv olublar. Çünki əlaqələr qurmaq, müştəri cəlb etmək üçün mütləq
bizim quruma üzv olmaq lazımdır. Turizm şirkətləri
olmadan hotellər özlərinə necə
müştəri cəlb
edə bilərlər?
Əlaqələr yaratmadan fəaliyyət
göstərmək mümkün
deyil. Biz də öz növbəmizdə üzvlərimizin
müştəri cəlb
edə bilməsi, əlaqələr yaratması
üçün müxtəlif
layihələr həyata
keçiririk. Bu yaxınlarda AZTA tərəfindən
Moskvanın aparıcı
şirkət rəhbərlərinin
Azərbaycana infoturu təşkil edildi. Onlar ölkəmizin turizm imkanları ilə, aparıcı turizm şirkətləri,
hotellərlə tanış oldular. Türkiyə turizminin 50-60 faizi
Rusiyadan turist axınına bağlıdır.
Biz də potensial
müştərilərimizi qonşu ölkələrdə,
o cümlədən Rusiyada
axtarmalıyıq. Bu ölkənin müvafiq turizm qurumları, şirkətləri ilə
sıx əlaqə qurmalıyıq. Rusiyalı turistlər
ildə bir neçə dəfə xaricə istirahətə gedirlər. Eyni yerlərə səyahət
etməkdən isə
yorulublar. Onlar yeni
istiqamətlər axtarırlar.
Bu baxımdan bu infoturun əhəmiyyəti
böyükdür. Bundan əlavə,
yaxın günlərdə
Moskvada Azərbaycan bazarını təmsil edən hotellərin və turizm şirkətlərinin nümayəndələri
ilə Rusiya turoperatorlarının işgüzar
görüşlərini təşkil
edəcəyik. Bundan
sonra belə görüşləri Qazaxıstanın
Almatı şəhərində,
Kiyevdə və s. keçirməyi planlaşdırırıq.
Çalışacağıq ki, bizə yaxın ölkələrlə
münasibətlərimizi daha
da yaxınlaşdıraq.
- Azərbaycan hotelləri turizm şirkətləri ilə
işləmək ənənəsini
yarada biliblərmi? Bir neçə il əvvəl
bu nüans ölkəmizin turizm sektorunda ən çox müzakirə olunan məsələlərdən
biri idi...
- Əvvəlki
illərlə müqayisədə
demək olar ki, bu problem öz həllini bir qədər tapıb. Biz dəfələrlə mehmanxanaların
və turizm şirkətlərinin nümayəndələrinin
görüşlərini təşkil
etmişik. Əslində hotellər ən ucuz qiyməti turizm şirkətlərinə
təklif etməlidir.
Bizdə
isə əksinə idi. Mehmanxanalar ucuz qiymətləri
başqa qurumlara verirdilər. Turizm şirkətləri
mehmanxanaların daimi müştəriləridir, onların
xidmətlərinin tanıdılmasında
başlıca rol oynayırlar. Onlar bir
zəncirin halqalarıdır.
Biri olmasa, digəri fəaliyyət göstərə
bilməz. Nəhayət, Azərbaycandakı hotellər
də bu reallığı qəbul
ediblər. Hazırda onların
arasında real bazar münasibətləri mövcuddur.
Buna hotellərin və turizm şirkətlərinin bir qurumda - AZTA-da birləşməsi də
çox kömək etdi.
- Bu yaxınlarda
AZTA Amerika Qonaqpərvərlik
Tədrisi İnstitutu
ilə birgə maraqlı bir layihə həyata keçirdi. Bu layihənin
davamı olacaqmı?
- AZTA-nın dəvəti ilə ötən il
Amerika Qonaqpərvərlik
Tədrisi İnstitutunun
(American Hotel and Lodging Educational Institute - AHLEI) bir
qrup əməkdaşı
Azərbaycanda fəaliyyət
göstərən hotellərdə
xidmətin keyfiyyətinin
artırılması məqsədilə
müxtəlif istiqamətlərdə
treninqlər keçdilər.
Biz sözügedən institutla əməkdaşlıq
müqaviləsi imzalamışdıq.
Müqavilənin şərtlərinə əsasən, Amerikadan və Avropadan dəvət edilən müəllimlər Bakı
şəhərində, eyni
zamanda bölgələrdə
yerləşən hotellərin
rəhbərliyinə daxil
olan şəxslər
üçün seminarlar
keçdilər. Biz bu istiqamətdə əməkdaşlığa ötən
ilin sonlarından başlamışıq. Bu
treninqlərin dinləyiciləri
artıq müəllim
kimi digər hotel əməkdaşları üçün
kurslar keçmək imkanındadırlar. Onların seminarlarına
təkcə hotel əməkdaşları
yox, həm də hotel biznesi sahəsində çalışmaq
istəyən vətəndaşlarımız
da qatıla bilərlər. Bir məqamı
da qeyd edim
ki, Amerika Qonaqpərvərlik Tədrisi
İnstitutunun mütəxəssislərinin
təcrübəsindən dünyanın
əksər ölkələrində
yararlanırlar.
Hesab edirəm ki,
ölkəmizin mövcud
turizm potensialı və dövlətin bu sahədə apardığı məqsədyönlü
siyasət bizə imkan verəcək ki, yaxın illərdə Azərbaycanı
maraqlı və yeni bir turizm
istiqaməti kimi dünyada tanıdaq.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 26 sentyabr.- S. 9.