Mirzə
Fətəlinin 200 illik yubileyi
doğma şəhərində qeyd olunub
Müxtəlif ölkələrdən
qonaqların qatıldığı yubiley
maraqlı tədbirlərlə yadda
qalıb
Sentyabrın 22-də Şəkidə
görkəmli maarifçi və ictimai xadim, milli dramaturgiyamızın banisi
Mirzə Fətəli Axundzadənin 200 illik
yubileyinə həsr olunmuş bayram tədbirləri keçirilib.
Ədibin ev-muzeyi
əsaslı şəkildə yenidən qurulub
Tədbirlər M.F.Axundzadənin ev-muzeyinin açılışı ilə başlanıb. Respublikanın elm və mədəniyyət xadimlərinin, Milli Məclisin deputatlarının, xarici ölkələrdən dəvət olunmuş qonaqların iştirak etdikləri mərasimi Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq böyük ədib və mütəfəkkirin yubileyinin onun vətənində keçirilməsinin şəhərin mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin böyük ədibin 200 illik yubileyinin keçirilməsi haqqında 2010-cu il 13 aprel tarixli sərəncamına əsasən Şəki şəhərində də əlamətdar hadisəyə geniş hazırlıq işləri görülüb. 2012-ci ilin TÜRKSOY tərəfindən “M.F.Axundzadə ili” elan olunması ilə bağlı yubiley tədbirlərinə türkdilli ölkələrdən - Türkiyə, Qazaxıstan və Rusiya Federasiyası Başqırdıstan Respublikasından qonaqlar, ölkəmizdə fəaliyyət göstərən türkdilli ölkə səfirliklərinin nümayəndələri gəlib.
Mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək M.F.Axundzadənin yubiley tədbirinin təkcə onun vətəni Şəkidə deyil, eləcə də bütün respublikamızda ədəbiyyat, poeziya və söz bayramı olduğunu bildirib. Şəki torpağının çox tanınmış insanlar yetişdirdiyini nəzərə çatdıran natiq Şərqin dahi mütəfəkkiri, milli dramaturgiyamızın banisi M.F.Axundzadənin onların sırasında həmişə seçildiyini vurğulayıb.
Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov qeyd edib ki, Mirzə Fətəlinin yubileyinin geniş səviyyədə qeyd edilməsi Azərbaycan xalqının bu böyük şəxsiyyətinə necə yüksək dəyər verdiyini göstərir.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı böyük ədibin yaradıcılığının və şəxsiyyətinin ölkəmizin hüdudlarından çox-çox kənara çıxdığını, sədasının bütün türk dünyasını əhatə etdiyini vurğulayıblar.
Əməkdar rəssam Teymur Rzayev müəllifi olduğu M.F.Axundzadənin portretini şəhər rəhbərliyinə təqdim edib.
Sonra iştirakçılar muzeylə tanış olublar. Məlumat verilib ki, 2011-ci ilin yanvarında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən başlanılan təmir-bərpa işlərindən sonra ev-muzeyi əsaslı şəkildə yenidən qurulub, burada ekspozisiya zalı, fond və inzibati otaqlardan ibarət yeni inzibati bina inşa edilib. Ekspozisiya zalında ədibin həyat və yaradıcılığına aid 300-ə yaxın eksponat nümayiş etdirilir.
Axundzadə adına mədəniyyət
və istirahət parkında bayram tədbiri
Daha sonra yubiley tədbiri M.F.Axundzadənin adını daşıyan, əsaslı şəkildə yenidən qurulmuş mədəniyyət və istirahət parkında davam etdirilib. Tədbir iştirakçıları dahi mütəfəkkirin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.
AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, millət vəkili Cavanşir Feyziyev, Avrasiya Yazarlar Birliyinin üzvü, Türkiyədə M.F.Axundzadə irsinin tədqiqatçısı İmdad Avşar və başqaları böyük dramaturqun yaradıcılığının ən önəmli məqamlarına toxunublar.
Tədbir iştirakçıları parkda təşkil olunmuş kitab sərgisi ilə tanış olub, Qazaxıstanın Karaqanda Dram Teatrı kollektivinin qazax dilində səhnələşdirdiyi “Müsyö Jordan və dərviş Məstəli şah”, Şəki Dövlət Dram Teatrının hazırladığı “Hacı Qara” tamaşalarından səhnəciklərə baxıblar.
Yeni yay teatrında elmi simpozium
Həmin gün yubiley tədbirinin proqramına uyğun olaraq Şəki şəhərində dövlət başçısının tapşırığı ilə yeni inşa edilmiş 600 yerlik yay teatrında AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Mirzə Fətəli Axundzadə-200” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.
Azərbaycan, Türkiyə, Qazaxıstan və digər ölkələrin elm adamlarının iştirak etdiyi tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirib ki, Yaxın Şərq bədii fikir tarixində XII əsr Nizami Gəncəvi, XVI əsr Məhəmməd Füzuli dövrü kimi tanınırsa, XIX əsr, ilk növbədə, M.F.Axundzadənin adı və imzası ilə bağlıdır.
Simpoziumda AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov “Mirzə Fətəli Axundzadə - milli istiqlalımızın dan ulduzu”, AMEA-nın müxbir üzvü Teymur Kərimli “Mirzə Fətəli Axundzadə və klassik ədəbiyyat”, həmçinin AMEA-nın alimlərinin hazırladıqları “Mirzə Fətəli Axundzadə - böyük ədib və mütəfəkkir”, “M.F.Axundzadənin vəhdət fəlsəfəsi” və digər mövzularda məruzələr səslənib. Tədbir konsert proqramı ilə başa çatıb.
Şəkidə ilk
dəfə “Şəhər günü”
Yubiley tədbirinin qonaqları sentyabrın 23-də Şəkinin yaranmasının 2700 illiyi ilə əlaqədar ilk dəfə keçirilən “Şəhər günü”ndə iştirak ediblər. Tədbirdə Prezident İlham Əliyevin “Elə tarixi şəhərlər var ki, onların tariximizdə, Azərbaycanda dövlətçiliyin əsaslarının yaradılmasında xüsusi rolu olub. Şəki o şəhərlərdəndir” sözləri xatırlanıb. Qeyd edilib ki, bu gün Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan unikal bölgə, ölkəmizin mühüm turizm mərkəzidir.
Tədbirdə Şəki Musiqi Kollecinin xor kollektivi maraqlı konsert proqramı ilə çıxış edib. Bayram tədbiri daha sonra şəhərin tarixi məkanlarından birində - Şərq memarlığının nadir incisi, XVIII əsrə aid tarixi-memarlıq abidəsi olan Şəki xanları sarayının həyətində davam etdirilib. Qazaxıstandan gəlmiş “Alkisa” xalq çalğı alətləri orkestrinin, Başqırdıstanın “Sterlitamak” teatrının, Türkiyənin Konya şəhəri Meram bələdiyyəsinin xalq oyunları rəqs qrupunun çıxışları maraqla qarşılanıb.
“Şəhər günü” çərçivəsində XVIII-XIX əsrə aid “Yuxarı Karvansaray” mehmanxana kompleksində rəsm və çiçək sərgisi açılıb.
Həmin gün “Şəki-Saray” hotelində Şəki şəhəri ilə Türkiyənin Konya vilayətinin Meram bələdiyyəsi arasında qardaşlaşma haqqında sənəd imzalanıb.
“Şəhər
günü” tədbirlərinə
“Aşağı Karvansaray” kompleksində
Türkiyənin “Anadolu atəşi” rəqs
ansamblının möhtəşəm konsert
proqramı ilə yekun vurulub.
Mədəniyyət.- 2012.- 26
sentyabr.- S. 9.