Şuşa - Bakı - Milan
- Dünya...
Şuşa ailəsinin növbəti oğlu, Azərbaycan
aləminin təkrarsız bülbülü - Bülbül!
Bir
xeyli fikirləşəndən sonra yazımı bu
başlıqla başladım, sonra da bir xeylaq
düşünüb gördüm, təzə heç nə
yoxdur bu sözlərdə; formaca təkrari, məzmunca təkriri...
Daha sonra, əlli ilə yaxındı dinləməkdən
“boyat”laşdırdığım bu səsin lent
yadigarlarına yenidən qulaq asıb, gördüm bu avaz elə
yenə təzə, yenə yenidir. Gördüm, payız kimi
qızılı, qış təki bəyaz, yaysayağı
qaynar bu səs-səda əbədən üzü bahara,
yönü yazadır...
Bir azdan onun zəngulələrilə
qanadlanan xəyalım da gəzib-dolaşdığı məkanlarda
qəribə əlamətlər tutub, qənimət qənaətlərə
gəldi. Birində belə bir hal-əhval gördü ki,
güllü aləmlərçün ötən təbiət
bülbülləri - nə qədər xoşavaz olsalar da -
birrəng səslənir, qəlib-qalıb cəh-cəhlənir,
bu cəmiyyət Bülbülü isə min bir bəh-bəhlə
(bu “cəh-cəh”-“bəh-bəh” qafiyəsi qələmimi
bir anlığa durdurub, məni indiki xəyallıqdan qırx
il öncəki bir reallığa apardı. O vaxtlar
aşıqlarımızın çoxusu qızdan-gəlindən
həyalı sazımızı orden-medallı sinələri
üstə basıb, bu ağzıdualı xalqı kommunizmə
doğru, Kremlə sarı səsləyirdilər və qələmi
laübalı “xalq düşmənləri” də hərdən
nadinclik edir, belə-belə atmacalar yazırdılar:
“Aşıq Əh-əhov “cəh-cəh”i “bəh-bəh”lə
əvəz etmişdir. Bu, aşiq-aşığın
canını “ah-ah”dan qurtarmışdır”. “Ədəbiyyat
və incəsənət” qəzeti, 1972). Qanadlanan xəyalım
o məkanların başqa birisində duydu ki, damcılar,
şır-şırlar, bulaqlar, küləklər, yarpaqlar...
kimi müxtəlif təbii “alətlər” təbiətin vahid
ana ansamblında eyni nəğmələri, rəqsləri təkrari
bir idilliklə ifa edirlərsə, cəmiyyətin bu canlı
konservatoriyası, ünlü filarmoniyası, monokapellası hər
xalı, hər detalı təkrarsız bir aşiqanə
üyültü, sevilti, pıçıltı, nərilti,
hayıl-mayıltı ilə əyan-bəyanlayır.
Amma çox təəssüf ki,
bütün mahiyyəti, mədəniyyəti, yaradıcı
kompleksilə bənzərsiz olmuş təkrarsız sənətkar
haqda bu yazımda ötən illərkilərdən birində
toxunduğum bir məsələni təkrar verməli oluram. Təəssüfümə
səbəbsə bu ki, bu çoxtərəfli və çox
şərəfli sənətkara başqa bir rakursdan da baxar,
ona dair intəhasız sevgilərimdən bir az da bəhs edib
yüngülləşər, “Sevgili canan”lara, “Sənsiz”lərə,
“Koroğlu” dəlilərinə timsal
tamaşaçı-oxuculara öygülərimin gəzilməmiş
bir talasında da bələdçilik edərdim. Beləliklə;
O,
kim idi?
İnternetdə bəzi adi sənətbazlar
haqda “cikindən-bikinə” tutumlu vikipedik dosyelər verildiyi
halda, bu qeyri-adi sənətkar barədə çox
yığcam məlumat yapılıb. Bu təqdimatın
“epiloq”undakı “tezbazar”lıq, ortalığındakı
dramatik qaçhaqaçlıq bir yana, “proloq”undakı
“qrammatik”lik məni daha çox məyus etdi: “22 iyun 1897,
Xanbağı, (Şuşa) - 26 sentyabr 1961, Bakı”. Əcəba,
demirsizmi birdən, məsələn, hər gün-hər saat
efir-ekranda Qarabağa dair “hələ də susurlar” deyə ərk-görk
edib gileyləndiyimiz BMT-çilər, Minskçilər,
AŞçılar (bütün yadelli başçılar) bu
bəşəri sənətkarın hər hansı bir
ifasından feyzlənib, onun bioqrafiyası ilə də
tanış olmaq istədilər. Belədə nə görəcəklər?
Onun yurdunun - Şuşanın öz qələmimizlə
mötərizəarası işğala da
salınmasınımı? Nədən o “Qırxqız”,
“Topxana”, “Meşəli”, “Cıdır düzü”, “Xankəndi”
toponimlərinin doğma, ekiz qardaşı olan “Xanbağı”
kimi dadlı ad haqda bir qırnıq siyasi-etnik məlumat, bir
abzaslıq ədəbi-publisistik təəssürat verilməsin?
Hələ bu gün də “mətin bolşevik”lər haqda fəxrlə
(“Əməyi güllər açan Sərdarı,
Bünyadı var”) oxuduğumuz halda, niyə burada
yazılmasın ki, bu ilahi səsi, dahi müğənnini bir əslən-nəslən
qarabağlı ana anamız Qarabağın bir ocağından
digərinə qonaq gedərkən məhz o Xanbağında
dünyaya gətirib, gələcək “rəqiblik
ehtimalından” səs-səsə vermiş bülbüllərin
cəh-cəh sədaları altında doğub. Nə
üçün hər hansı bir ədəbi-üslubi
qurğu ilə vurğulanmasın ki, bu qədər sənət
ağaları yetirən o torpaq, nə əcəb özlərini
buranın kökən etnosu adlandıran o dığaların
bircəciyinə belə sənət südü əmizdirməmiş
olsun?!.
Bəli, mədəniyyətimizin
bu ecazkar səs, avaz, poetik hənirti, folkloranə
üyültü, professional nərilti, bəşəri dinlənti
- bir sözlə, sənətstan, opera, musiqi, vokalstan obrazı
hər yerdə, hər nüansda onun özünə layiq təqdim,
təfsir və təmsil edilməlidir. Çünki o, bu
gün çoxlarının rəsmi titul kimi
daşıdığı “Xalq artisti” adını xalqın
Bülbülü nam-nişanında daşıyıb və əbədən
də daşıyacaq.
O, kim idi? Özündə çox
geniş mətləblər ehtiva edən bu suala çox
konkret cavab verməli olsaq, belə də demək olar:
Ayrıca
sənətkarlıq erası...
Bülbülün professor, musiqi
folkloru tədqiqatçısı, professional vokal məktəbimizin
banisi olması öz yerində, onun ümumi fəaliyyət
faktları, yenilikçi yaradıcılıq aləmi,
ifaçılıq taktları ayrıca bir institutdur. Onun
oxuyacağı hər hansı bir mahnının, təsnifin,
ariyanın ilk sözünə qədərki sədaları
bitkin bir elmi-populyar “giriş”dir. Hər biri beş-üç
dəqiqə çəkən bu şifahi əsərlərin
ilk misrasına verdiyi xarakter “məqsədli aspirantura”dır. O
əsərlərin son sətir-bəndlərində çilədiyi
vüsali zəngulələr müdafiəyə ehtiyacı
olmayan “dissertasiya”lardır.
Bir kərə Bülbül haqda
bir televiziya verilişinə hər “növ” intellekt, səviyyə
zümrələrilə birgə baxırdım. Bu
böyük mərasim sahibinin özü də böyük
adam idi, qonaqlıq təşkil etdiyi otağı, televizor
cihazı da.
Bu böyük, geniş otaq-salonda
böyüklərin bir qulağı və bir gözü
ekranda olsa da, əsasən, öz aləmlərində idilər.
Balaca bir qızcığazsa döşəmədən
tapıb, üfürə-üfürə başı üzərində
o yan-bu yana qovduğu zərif, pırpız bir
tükcüyün dalınca qaçmaqda idi. Bülbül isə
“Səndən ayrı” ariyasındakı hicr dolu zəngulələrlə
qoç Koroğlunu xas aşiqlik oduna yandırır, “ah,
Nigarım!” - deyə dad döyürdü. Ariyanın ən yuxa
bir məqamında dörd-beş yaşlı o
qızcığaz öz məşğuliyyət “qov”unu
qovmaqda ola-ola, məclisin aşağı başında
oturmuş anasını çox ucadan səsləyərək:
“Ana, ana, o kişi ölür, qoymuyun onu ölməyə,
yazıxdı!” - dedi.
Bu təmiz uşaq səsi, uşaq
sözü o məclisi diriltdi. Buradakı bütün
yar-yoldaşlar, qohum-qardaşlar həm də vətəndaş
oldular. Gözlənilmədən təbii, xəlqi bir konfrans,
milli bir məclis alındı. “Kələm
qonaqlığı”ndan kəlam mərasiminə çevrilən
o yığıncağı “giriş sözü” ilə elə
o qızcığazın atası açdı. Dedi ki,
Bülbülün səsi eşq adlı əbədi müəmmanı
Füzulinin sözünə, Üzeyir bəyin musiqisinə
bir az da qüvvət verməklə, daha da
açıb-aydınlaşdırır. Belə məclislər
üçün hələ naşı olan bir tələbə
qız çəkingən tərzdə buyurdu ki,
Bülbülün səsində bütün ataların - yəni
kişilərin bütün analara - yəni qadınlara nisbətdə
amiranəlik, mənəm-mənəmlik
iddialılığını kompensasiya etmək cövhəri
var. O gözəl tələbə qızla üzbəüz
oturmuş gənc və yaraşıqlı professor dərhal əlavə
etdi: “Demək istəyirsiz ki, Bülbülün səsi məhəbbət
haqda deyilməmiş, yazılmamış bütün fikirləri
ifadə edir, hə?”. Gənc professorun müzakirə obyektinə
tərifdən çox, qarşısındakı gözəl,
canlı qəzəl subyektə yönəlik komplimentə bənzəyən
bu sözlərinin fonunda veriliş aparıcısı
Bülbülün həm də fenomenal professor şöhrətindən,
SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı
laureatı olmasından, 2 dəfə Lenin, 2 dəfə
“Qırmızı Əmək Bayrağı”, “Şərəf
nişanı”, təhsil aldığı İtaliyanın
“Haribaldi” ordenləriylə təltif edilməsindən
danışırdı. Bu uzun titul sadalamasından canı
darıxan ağsaqqal bir sürücü başını
başlara qoşub: “Ay zalım oğlu, bu mükafatlar mənim
onun səsinə vurğunluğumun yanında nəmənə
şeydi?! Kişinin məcunlarından birini də səsləndirin,
dinləyib dirilək də!” - dedi. Bu kələ-kötür
“çıxış”dan sonra “Nuhun gəmisi” timsallı “xalq”
susdu. Hamı yaxşı tanıdığı, düzəltdiyi
əşyalara nəfəsdən başqa hər şey verə
bilən Dəmirçi Aydına baxdı. Dəmirçi
çəkic-zindan sədalı səsiylə çox
qısa, bircə nəqaratlıq nitq elədi: “Bülbüldən
zövq almaq üçün gərək onu dinləyərkən
bir sən olasan, bir də özün...”
O “beynəlzümrə”
yığıncaqda mən də bir-iki kəlmə dedim, amma
deyəsən, ən diqqətcil dinləyicim də elə
özüm oldum. Ərz etdim ki, Bülbül oxuduğu məqamlarda
həm ifaçı olub, həm dinləyici,
tamaşaçı, tənqidçi, təlimçi,
münsif və sair. O, ifa etdiyi mahnı, təsnif mətnlərindəki
zəif söz, misra və bəndlərə ecazkar səsi ilə
elə bir şəkər “iksir”i qatır ki, heç kəs
daha o fikrin mənasına varmır. Sözlər, fikirlər
güclü olanda isə səsinin şaqraqlıq hakimiyyətini,
hicr cəngi-cidalını, vüsal həsrətli emosiyaları
yığışdırıb bir kənara çəkilir,
bütün diqqətləri deklamasiya etdiyi sözlərə
yönəldir. Məsələn, “Bir gün evlərinin lap
qabağından, Titrəyib keçdiyim yadıma
düşdü”üü... a-man, a-man, aay a-maaan...”
Yemək-içmək,
geyinib-kecinib özünü reklam etmək məclislərində
sözün vəziyyətinin necə naqolay olduğunu
hamı bilir. Bu laqeydliyi boynuna alıb etiraf edən bir kəs
isə, deyəsən, hələ anasından olmayıb. Elə
məhz buna görə mən o məclisdə bu ifanı pisdən-yaxşıdan
təqlid də etdim və həzarat da bundan diksinib, bir balaca
diqqətcilliyə vardı. Bu yazıda isə (heyf ki,
yazıda oxumaq olmur)...
Sonuncu
“pərdə”, ikinci məclis...
Otuz bir il öncə Azərbaycan
Radiosunda növbəti “letuçka”. Dövrün məşhur
bir qadın müğənnisinin ötən həftə
televiziya və radioda getmiş “müsibət” konserti haqda
qızğın, müzakirə və mübahisələr
gedir (bəziləri tərəfindən isə məhrəmanə
mədhiyyələr söylənir). Bu zaman qələminin
arxası da, qabağı da yazan redaktorlardan biri qalxıb deyir
ki, bu böyük sənətkar xanım haqda mahnı
yazılmasının vaxtı deyilmi? Yerlərdən səslər:
“Əlbəttə!”, “Hətta gecikmişik” və s. Elə bu
zaman “Xəbərlər” baş redaksiyasının baş
redaktoru Valid Sənani ayağa qalxır və deyir: “Ay
yoldaşlar, nə vaxt o boyda Bülbül haqda mahnı
yazılarsa, ondan sonra bu boyda xanım haqda da
yazıb-yazdırarsız...”
Çoxdan söylənmiş bu
fikir, bu təklif doğru deyilmi, əziz və hörmətli
bəstəkarlarımız? Rəssamlar, heykəltəraşlar
öz həmkarlarının portretini, heykəlini, ədiblər,
aktyorlar öz həmkarlarının surətini yaradırlarsa,
niyə bəstəkarlar, müğənnilər bu normal
“barter”liyə qol qoymasınlar?..
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 26 sentyabr.- S. 6.