Uşaq kitab karvanı” Astarada

 

   “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Cəlilabad, Masallı, Astara, Lerik və Yardımlı rayonlarında “Uşaq kitab karvanı” adlı tədbir keçirib. Sentyabrın 22-də Astarada təşkil olunan kitab bayramı rəngli görüntülərlə yadda qaldı. Rayon Mədəniyyət evinin qarşısındakı meydan bayramsayağı bəzədilmiş, buraya çoxlu sayda məktəbli, onların valideynləri, müəllimlər toplaşmışdı. Tədbir iştirakçıları əvvəlcə burada təşkil edilmiş kitab sərgisi ilə tanış oldular.

   Mərasimi Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov açaraq Bakıdan gələn qonaqları salamladı, “Uşaq kitab karvanı” layihəsinin əhəmiyyətini, kitabla bağlı maarifləndirmə işinin gücləndirilməsində belə tədbirlərin mühüm rol oynadığını vurğuladı.

   Sonra söz qonaqlara verildi. Yazıçı Nüşabə Məmmədli, tanınmış şairlərdən İlyas Tapdıq, Ələmdar Quluzadə, Qəşəm İsabəyli, “Tumurcuq” qəzetinin redaktoru Səməd Məlikzadə və başqaları Astaraya gəlişlərindən məmnun qaldıqlarını, keçirilən tədbirin maraqlı və yaddaqalan olacağını söylədilər. Yerli şairlərdən Azərbaycan Yazıçılar Birliyinin üzvləri - İlham İlhami, Faiq Həsənov, Sakitə Əliyeva belə əhəmiyyətli tədbirin keçirilməsinə görə Respublika Uşaq Kitabxanasının rəhbərliyinə minnətdarlıq etdilər. Müəlliflər uşaqlar üçün yazdıqları şeirləri oxudular.

   Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Fizurə Quliyeva “Uşaq kitab karvanı”nın Astarada sevinclə qarşılanmasından məmnunluğunu bildirdi. Rayon MKS-nin uşaq şöbəsinə və filiallara 1000 kitab, 2 ədəd kompyuter və fəal oxuculara hədiyyələr təqdim olundu.

   Tədbir çərçivəsində həmçinin V Uşaq Kitab Bilik bayramı da keçirildi, fəal oxuculara rayon MKS-nin fəxri fərmanları və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı rayon komitəsinin hədiyyələri verildi.

   Qabaqcıl mədəniyyət işçisi Cəlal Mədətzadənin rəhbərlik etdiyi “Sevinc” xalq çalğı alətləri ansamblının, müğənnilərin və oğlanlardan ibarət rəqs qrupunun çıxışları, ifa etdikləri şən mahnılar tədbir iştirakçılarına xoş ovqat bəxş etdi.

  

 

   Natəvan Mədətzadə,

   Astara Rayon Mərkəzi

   Kitabxanasının əməkdaşı

 

   Mədəniyyət.- 2012.- 26 sentyabr.- S. 6.