Təbəssüm və gülüş sənətkarı yad edildi

 

   Hər bir insan, xüsusilə böyük sənətkarlar əvəzolunmazdır. Kimsə onlara bənzəyə bilər, ancaq kimsə onları əvəz edə bilməz. Bu mənada Hacıbaba Bağırov səhnədə özü idi. Yerişi, duruşu, hərəkəti, rəqsi, danışığı, incə yumoru ilə...

  

   Sentyabrın 21-də Muzey Mərkəzində Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə Xalq artisti, görkəmli teatrkino xadimi Hacıbaba Bağırovun 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Əvvəlcə iştirakçılar sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.

   Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Hacıbaba Bağırovla bağlı xatirələrini gecənin iştirakçıları ilə bölüşdü. Nazir müavini qeyd etdi ki, Hacıbaba Bağırov özünəməxsus sənətkar olmaqla yanaşı, həm də özünəməxsus şəxsiyyət idi. “O, oynadığı rollarda tamamilə başqa, həyatda isə tamam ayrı insan idi”, - deyən nazir müavini Xalq artistinin keçdiyi sənət yoluna nəzər saldı.

   Qeyd olundu ki, Hacıbaba Bağırov kiçik yaşlarından teatr sənətinə böyük maraq göstərmiş, orta məktəbi bitirəndən sonra Akademik Milli Dram Teatrının nəzdindəki studiyada sənət korifeylərindən dərslər almışdır. 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq işinə başlayan aktyor sonra fəaliyyətini Gəncə Dövlət Dram Teatrında davam etdirmiş, heç bir çətinlik onun teatra, sənətə olan sevgisini azalda bilməmişdir.

   1962-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunan sənətkar ömrünün sonuna kimi bu sənət ocağında çalışmış, 50-dən artıq obraza həyat vermiş, bu sənət məbədi onun gülüş ustası kimi püxtələşməsində və populyar olmasında böyük rol oynamışdır.

   Teatrın ağır vaxtlarında belə o, teatrdan ayrılmamış, 1989-cu ildən 1996-cı ilədək sənət dostlarını başına yığaraq yaratdığı “Tənqid-təbliğ” teatrında direktor və bədii rəhbər vəzifələrində çalışmışdır. Ancaq Musiqili Komediya Teatrı onun taleyi idi. Hacıbaba Bağırov 1996-cı ildən ömrünün sonuna kimi Musiqili Komediya Teatrında direktor, bədii rəhbər və aktyor kimi fəaliyyətini davam etdirmişdir.

   Nazir müavini Ədalət Vəliyev Azərbaycan teatr sənətinin inkişafında Hacıbaba Bağırovun bir sənətkar kimi xüsusi yeri olduğunuonun zaman-zaman xatırlanacağını bildirdi.

   Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Hacıbaba Bağırovu Azərbaycan kinosunda öz dəst-xətti ilə seçilən sənətkar kimi dəyərləndirdi: “O, hər bir rolu ilə həm insanların üzünə təbəssüm bəxş edir, həm də onları düşündürürdü. Onun hər bir obrazı bu gün istənilən yaşda seviliryaddaşlara həkk olunur”.

   Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadə aktyorun kinoda yaratdığı obrazlarından söz açdı. Bildirildi ki, H.Bağırov ilk dəfə 1964-cü ildə rejissor A.Quliyevin «Ulduz» musiqili kinokomediyasında çəkilmiş, teatrda olduğu kimi, bu filmdə də Möhsün surətini ustalıqla yaratmışdır. Aktyorun kinoda ikinci işi rejissor M.Dadaşovun «Qanun naminə» bədii filmindəki Arif roludur.

   Sənətkarın rejissor A.Babayevin 1975-ci ildə çəkdiyi «Alma almaya bənzər» kinokomediyasındakı Məmmədəli, Z.Abbasovun «Onun bəlalı sevgisi» bədii filmindəki Qaraxalov rolları milli kinomuzun sevilən obrazlarındandır. 1991-ci ildə rejissor C.Quliyevin çəkdiyi «Şirbalanın məhəbbəti» musiqili, rəngli kinokomediyasında aktyor kinoda son rolunu ifa etmişdir.

   Xatirə gecəsində Hacıbaba Bağırovun sənət yoldaşları adından xalq artistləri İlham Namiq Kamal, Nuriyyə Əhmədova çıxış edərək onu əvəzsiz bir sənətkar, həm də əvəzsiz bir insan kimi xatırladılar. Tədbirdə Hacıbaba Bağırovun rol aldığı filmtamaşalardan fraqmentlər nümayiş olundu.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2012.- 26 sentyabr.- S. 5.