Muzey icmaları və dövlət qurumları arasında əməkdaşlıq

 

   Bakıda beynəlxalq forum keçirilir

  

   Sentyabrın 24-də Bakıda “Muzey icmaları və dövlət qurumları arasında qeyri-maddi mədəni irsin mühafizəsi və inkişafı üzrə əməkdaşlıq” mövzusunda beynəlxalq forum işə başladı. Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının, Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin, “Azərbaycan Xalçaçıları” İctimai Birliyi və L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiya, Gürcüstan, Ukraynadan nümayəndələr iştirak edirlər.

  

   Bakı Biznes Mərkəzində işə başlayan forumda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizdə UNESCO-nun dəstəyi ilə belə bir tədbirin keçirilməsinin əhəmiyyətini vurğuladı. Nazir müavini Azərbaycanda muzey sahəsinə xüsusi diqqət göstərildiyini bildirdi: “Müstəqillik dövründə ölkəmizdə 50-dən çox yeni muzey açılıb, onlarla muzey binası əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Ötən dövrdə ölkədə muzey işinin dünya standartları səviyyəsində qurulması, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi, mədəni xidmət işinin keyfiyyətinin yüksəldilməsi sahəsində önəmli işlər görülüb”.

   Qeyd olundu ki, Prezident İlham Əliyev tərəfindən 2007-ci ildə imzalanan “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” sərəncam, habelə 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunan «Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı» ölkə rəhbərliyi səviyyəsində bu sahənin diqqət mərkəzində saxlanıldığını göstərir. Bütün bunlar eyni zamanda müasir qloballaşma şəraitində bu sahədə olan yeniliklərin, dünya təcrübəsinin tətbiq edilməsi, muzeylərin inkişafı üçün yeni imkanlar açıb.

   Nazir müavini forumun qarşılıqlı əməkdaşlığa mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi: “Forumda İCOM Azərbaycan Milli Komitəsinin gördüyü işlərlə bağlı geniş məlumatlar veriləcək, qarşılıqlı fikir mübadilələri aparılacaq. Biz istər MDB ölkələri, istərsə də UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı münasibətlərimizin inkişafında maraqlıyıq. Hesab edirəm ki, forum müxtəlif ölkələrdə fəaliyyət göstərən İCOM Milli Komitələri arasında əməkdaşlığın gücləndirilməsinə, muzey sahəsində əməkdaşlığa, təcrübə mübadiləsinin aparılmasına kömək edəcək”.

   UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva ölkəmizin qurumla əməkdaşlığından, həyata keçirilən tədbirlərdən və növbəti illər üçün nəzərdə tutulan layihələrdən söz açdı, tədbirin Azərbaycan-UNESCO əlaqələrinin 20 illiyi çərçivəsində keçirildiyini bildirdi. Qeyd olundu ki, ölkəmizin təşkilatın çoxsaylı qurumlarına və həmin qurumlarda rəhbər vəzifələrə seçilməsi Azərbaycan dövlətinin məqsədyönlü siyasəti, xüsusilə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri qismində səmərəli və uğurlu fəaliyyətinin nəticəsidir. Məhz onun qeyri-maddi mədəni irsin mühafizəsinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi olaraq Azərbaycan muğamı, aşıq sənəti, xalça sənəti və Novruz bayramı müxtəlif illərdə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib: “Heydər Əliyev Fondu tərəfindən təkcə ölkədə deyil, dünyanın müxtəlif regionlarında bir sıra uğurlu layihələr həyata keçirilir. Strasburqda kilsənin bərpası, Haitidə zəlzələdən zərər çəkmiş insanlara yardım kimi xeyriyyə məqsədi daşıyan işləri misal gətirə bilərik. Bütün bunlar çox vacib məsələlərdir və bu xeyriyyə tədbirlərinin UNESCO-Azərbaycan əlaqələrinin genişləndirilməsində böyük əhəmiyyəti vardır”.

   G.Əfəndiyeva vurğuladı ki, Azərbaycanda qeyri-maddi mədəni irsin qorunub saxlanılmasına xüsusi önəm verilir. Qədim tarixi abidələr bərpa olunur, xalq sənəti ənənələri yaşadılır, inkişaf etdirilir. O, Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində onlarla mədəni, tarixi, arxeoloji abidələrin, mədəni irs nümunələrinin dağıdıldığını təəssüflə qeyd edərək bu məsələdə UNESCO-nun fəal rol oynayacağına ümid etdiyini bildirdi.

   İCOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva «Azərbaycan xalça ənənələrinin dirçəlişi» mövzusunda məruzə ilə çıxış etdi. Qloballaşma dövründə qeyri-maddi mədəni irsin hər bir xalqın özünəməxsusluğunu göstərən amil olduğunu söyləyən məruzəçi vurğuladı ki, Azərbaycan bu sahədə bir sıra beynəlxalq konvensiyalara qoşulub. Artıq Azərbaycan muğamını, aşıq sənətini və incə ornamentlərlə işlənmiş xalçasını dünya sənətsevərləri tanıyır: “Xalça təkcə sənət növü deyil, həm də xalqın özünü ifadə vasitəsi olmuşdur. O həm də mədəni dəyərlər haqqında məlumatları özündə yaşadır. Xalça sənəti Avropa incəsənətində özünəməxsus yer tutur. Bu gün xalça ilə bağlı qədim texnologiyaların mühafizəsinə və nəsildən-nəslə ötürülməsinə tələbat var. Bu, qədim xalçaçılıq məktəbinin yaşaması, istehsalının stimullaşdırılması üçün vacibdir”.

   Sonra Rusiya Mədəniyyət Nazirliyinin Beynəlxalq mədəni əlaqələr departamentinin direktoru Yekaterina Seleznyova “Qeyri-maddi mədəni irs”, İCOM Gürcüstan Milli Komitəsinin sədri İnqa Karaya “Qeyri-maddi mədəni irsin qorunmasında və interpretasiyasında muzeylərin rolu”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova “Cəngin dirçəlişi”, Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova “Qayalarda yazılanlar - Qobustan qoruğunun qayaüstü incəsənət abidələrinin təbliğatında ictimaiyyətin rolu”, Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Əfqan Şəfiyev “Qeyri-maddi mədəni irsin muzeylər vasitəsilə təbliği” mövzusunda çıxış etdilər.

  

   * * *

 

   Forum çərçivəsində iştirakçılar Bakı Biznes Mərkəzinin foyesində Azərbaycanın müasir dekorativ-tətbiqi sənət nümunələrindən ibarət “Ənənələr yaşayır” adlı sərgi ilə də tanış oldular. Sərgidə tikmə ustaları Rəhilə Əhmədova, Mehriban Xəlilzadə, Zərifə Seyidəliyeva, Bədirə Əliyeva, Şəhla Əsgərova, xalçaçı-rəssamlar Eldar Hacıyev, Zemfira İsmayılova, Zahidə Həşimova, zərgər Cəmaləddin Eyyubovun əl işləri nümayiş olunurdu.

   Tədbirdə həmçinin Azərbaycan Milli İncəsənət Muzeyi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Teatr Muzeyi, Səməd Vurğunun ev-muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Xalça Muzeyi tərəfindən nəşr olunmuş buklet, kataloq və kitablar da təqdim olundu.

  

   * * *

 

   Sentyabrın 25-də forum öz işini Azərbaycan Milli İncəsənət Muzeyində davam etdirib. Həmin gün İCOM Rusiya Milli Komitəsi rəyasət heyətinin iclası keçirilib. Qonaqlar muzeyin zəngin ekspozisiyası ilə tanış olublar. Tədbir çərçivəsində Azərbaycanın UNESCO-ya üzv qəbul edilməsinin 20 illik yubileyi də qeyd olunub. Beynəlxalq forum bu gün (26 sentyabr) başa çatacaq.   

 

 

   C.Zərbəliyev

 

   Mədəniyyət.- 2012.- 26 sentyabr.- S. 4.