Mədəniyyət xalqın elçisidir

 

   Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsində mədəniyyət diplomatiyasının uğurları və qarşıda duran vəzifələr müzakirə edilib.

  

   Sentyabrın 21-23-də Bakıda Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin IV müşavirəsi keçirilib. Azərbaycan Diplomatik Akademiyasının yeni istifadəyə verilən tədris kompleksində keçirilən müşavirənin açılışında Prezident İlham Əliyev geniş nitqlə çıxış edib.

   Tədbirin ikinci günü Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, sənaye və energetika naziri Natiq Əliyev, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, sentyabrın 23-də isə Milli Məclisin spikeri Oqtay Əsədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov diplomatik xidmət orqanlarının rəhbərləri qarşısında çıxış ediblər.

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında son illər mədəniyyətimizin dünyada təbliği ilə bağlı görülən işlərdən, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində mədəniyyət diplomatiyasının rolundan danışıb. Nazir bildirib ki, ümummilli lider Heydər Əliyevin tarazlaşdırılmış beynəlxalq siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin mədəniyyət sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində ölkəmiz dünyanın mədəniyyət mərkəzinə çevrilib. Ölkəmizin bu nailiyyətlərində, milli mədəni irsimizin qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti olduqca əhəmiyyətli rol oynayır.

   Bu gün müstəqil Azərbaycanda, siyasisosial-iqtisadi həyatın bütün sahələri kimi, mədəniyyət və turizmöz davamlı və sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan mədəniyyəti ümumdünya səviyyəsində təbliğ olunur, tamaşalarımız, filmlərimiz, kitablarımız, təsviri sənət nümunələrimiz nüfuzlu beynəlxalq festival və müsabiqələrdə uğurla nümayiş etdirilir, ölkənin turizm imkanları dünyaya tanıdılır, mədəniyyət müəssisələrinin maddi-texniki bazası gücləndirilir. Ölkəmizin geosiyasi və geomədəni vəziyyəti, mədəniyyətinin zənginliyi və rəngarəngliyi Azərbaycan dövlətinin xarici siyasətində mədəniyyət amilinin xüsusi önəm daşımasını zəruri edir.

   Nazir Əbülfəs Qarayev çıxışında erməni təcavüzünün milli mədəniyyətimizə vurduğu ziyanı rəqəm və faktlarla nəzərə çatdırıb: “Azərbaycan xalqının çoxəsrlik tarixinin bütün mərhələlərini özündə əks etdirən dünya əhəmiyyətli 9 (6 memarlıq, 3 arxeoloji), ölkə əhəmiyyətli 221 (118 memarlıq, 103 arxeoloji), yerli əhəmiyyətli 399 ( 340 memarlıq, 20 bağ-park, 22 arxeoloji, 17 dekorativ xalq sənəti) abidə işğal altında qalmışdır. Onların böyük bir qismi dağıdılmış, erməniləşdirilmiş, bir qismi isə qarət edilmişdir. Ermənistanın bu təcavüzkar hərəkətlərini həm beynəlxalq təşkilatlar səviyyəsində, həm də ikitərəfli əlaqələrimiz zamanı müzakirə edir, lazımi addımları atırıq”.

   Azərbaycanın mədəniyyət diplomatiyasının beynəlxalq səviyyədə böyük uğurlar qazandığına diqqət çəkən nazir Avropa, Asiya, AmerikaAfrika qitələrinin 70-dən çox ölkəsi ilə, həmçinin BMT, UNESCO, Dünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, İSESCO, MDB, TÜRKSOY, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq qurumlarda mədəniyyət və turizm sahəsində çoxtərəfli və ikitərəfli əməkdaşlığın qurulduğunu, ölkəmizin bu sahədə mövcud beynəlxalq proqram və layihələrə qoşulduğunu, mədəniyyətimizin beynəlxalq aləmdə təbliği istiqamətində əhəmiyyətli işlər görüldüyünü bildirib.

   Çıxışının sonunda nazir ölkəmizin bir çox maddiqeyri-maddi mədəni irs nümunələrinin müxtəlif ölkələrin muzeylərində, arxivlərində, kitabxanalarında saxlanıldığını xatırladaraq bu məsələyə diqqət ayrılmasının vacibliyini vurğulayıb: “Təəssüflə qeyd etməliyəm ki, onların bir çoxu üzərində Azərbaycan adı belə yazılmamış, gah Qafqaz, gah İran, gah da konkret şəhər-kəndin adları qeyd olunmuşdur. Bu gün ölkəmiz öz tarixi irsinə sahib çıxmaq gücündədir və Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət ayırır. Azərbaycanı xaricdə təmsil edən bütün diplomatlardan xahiş edərdim ki, bu istiqamətdə zəruri aparsınlar və əldə etdikləri məlumatları mütəmadi olaraq nazirliyə göndərsinlər. Təbii ki, səfirliklər daxilində mədəniyyət məsələləri ilə məşğul olan diplomatlarımızın bu işə xüsusi diqqət göstərməsi xalqımızın irsinə dünyanın hər yerində sahib çıxmağımıza kömək edəcəkdir. Hesab edirəm ki, Azərbaycan dövlətinin həm xarici ölkələrdə, həm də beynəlxalq təşkilatlar yanında diplomatik nümayəndəlik və səfirliklərimizin rəhbərləri ilə görüşü digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də beynəlxalq əməkdaşlığımızın daha da inkişafına öz töhfəsini verəcək”.

 

 

   Mədəniyyət.- 2012.- 26 sentyabr.- S. 3.