Satirik ruhun
daşıyıcısı
Məmməd Səid Ordubadi - 140
Böyük tarixi romanlara gedən yolu məhz satira
açmalı idi
Bir zamanlar atası Hacı ağa Fəqir Ordubadi “Eləmiş” rədifli qəzəlində
Həq görüm həşrdə bu yar ilə divan eləsin
Ki,
Fəqir cümlə onun cövrünü
divan eləmiş,
- deyərək klassik ənənədən
gələn manevrlərlə yarla haqq-hesabı Tanrıya həvalə
edirdi. Ancaq dövr və tələb dəyişmişdi.
Zalımların divanı “həşrə” qala bilməzdi.
Yoxsa çox mətləblərə gecikər, Hadi kimi “Yox
millətimin xətti...” - deyə dərin təəssüf
hissi keçirərdik...
Cild-cild tarixi romanlar, 30-a yaxın
müxtəlif mövzulu dram əsəri və neçə-neçə
ssenari qələmə alan Məmməd Səid Ordubadinin
geniş ömür səhifəsi heyrətamizdir. Tarixi ədaləti
qoruyub, “daşı tərəziyə düz qoymağın” məsuliyyətini
dərk edən ədib tarixi romana qədər bəlli bir yol
qət etməliydi. Böyük tarixi romanlara gedən yolu məhz
satira “hamarlamalı” idi. Satira xalqı diksindirib
ayıltmalıydı ki, o özünü tanıya, tarixini,
etnik-mədəni sistemini dərk edə bilsin.
Bu satira meydanında Mirzə Cəlillərə, Sabirlərə, Əli Nəzmilərə qahmar çıxmamaq vətəndaşlıqdan olmazdı. Ordubadi də kəskin satirik qələmi ilə “arizi qəmlər əlindən” başını itirən soydaşlarının acınacaqlı vəziyyətini gündəmə gətirirdi.
Xalqın gələcək taleyinə
həssas münasibət
Məktəbi cəhalət dərdinin dərmanı, mərifət bağının xiyabanı hesab edən Məhəmməd Tağı Sidqi kimi bir “maarif carçısı”nın “xeyrül-əməl”i Məmməd Səid Ordubadi üçün meyar olmalıydı. Həmyerlisinin millət sevgisi, xalqın gələcək taleyinə olan həssas münasibəti onun da həyat amalına çevrilirdi. Fikir və düşüncələrin ancaq misra və beytlərlə ifadə olunduğu dönəmlərdə nisar olunmuş formada (roman, povest və s.) uzaq keçmişimizi özündə əks etdirən qalın-qalın əsərləri oxumağa sadə kütlənin gücü yetməzdi. Xalqın dərdini onun qulağına yatan, sadə dildə səslənən nəzmlə (satira ilə) qələmə almaqla zalımlara, millət dəllallarına divan tutmaq olardı.
Ordubadi qələmini sınadığı bütün ədəbi növlərdə, müxtəlif janrlarda istəyinə çatıb. İrili-xırdalı bütün bədii nümunələrində ədəbiyyatın ali missiyasını ciddi düşünüb-daşınıb. Daha çox böyük tarixi romanların, dram əsərlərinin müəllifi kimi tanınıb tədqiq olunan bu görkəmli sənətkarın satira yaradıcılığının da tədqiqə ehtiyacı var.
Onun tənqidi-realist publisistikası, qələmə aldığı onlarla satirası ümummilli inkişafın əsas problemlərini ifadə edən ədəbi nümunələrdir.
Bəlli olduğu kimi, böyük ədibin taleyi mürəkkəb və ziddiyyətli məqamlarla zəngindir. O, xalqımızın başına gətirilən bəlaların canlı şahidi idi. Qəsbkar erməni millətçiləri tərəfindən (məlum havadarlarının açıq-aşkar köməyi ilə) türk-müsəlman əhalinin qanına qəltan olunduğu “Qanlı sənələr”in ağrı-acısını köksündə yaşadırdı. Yaxşı dərk edirdi ki, millət elliklə ayağa qalxmalı, əl-ələ verib varlığını təsdiqləməlidir. Satiralarının da əsas mövzu-mündəricəsi məhz xalqın milli oyanışı, özünüdərk məsələlərindən ibarət idi. Ədib “Nələriz biz” adlı satirasında milli təəssübkeşliyin ürəkaçan səviyyədə olmamasını diqqətə çatdırırdı:
Yox zərrəcə fərqi bizə millət dala qalsa,
Biganə qarıncatək ayaq altına salsa,
Diksinməriz hərgiz yanımızda top atılsa,
Zira həpimiz bircə yığın kurü-karız biz,
Mən anlamıram, dəhrdə axır nələriz biz?
Müəllif həmfikirlərindən fərqli olaraq, açıq şəkildə üsyan edirdi ki, mənfur ermənilər tapdığını silah-sursata verib türklərin başına olmazın oyunlar açırlar. Ordubadi də bunların müqabilində hamılıqla “xabi-qəflətdən” hələ də “bidar” olmayan millətin məlum gedişatda uğursuzluğa düçar olacağından qorxurdu:
Möhtac deyil millətimiz topü-tüfəngə,
Sərf eyləməz pulları bu hərbi-cəfəngə.
Verdik pulu həp nəşəli tiryak ilə bəngə...
Məktəbə, “elmə təğrib”
problemlərin açarı idi
Ordubadi bütün bunların əsasında elmsizliyin dayandığını vurğulayırdı. “Oxutmuram, əl çəkin!” deyə haray salıb “Nə ədəb vaxtıdı, qoy söysün...” düşüncəsində olanları “yola gətirmək” birinci şərt idi. Onun sələflərinin də dünyagörüşündə bu tendensiya “olmazsa, olmaz” hesab olunmuşdu. Məktəbə, “elmə təğrib” problemlərin açarı idi. Ordubadi də “Bir söylə görüm” adlı satirasında maarif kəlməsi səslənəndə “qulaqlara qurğuşun!” - deyib uzaqlaşan cühəlanın (cahillərin) dilindən yazırdı:
Məktəb nədi, qoy seyri-səfa eyləsin oğlun,
Bikar gəzib nəşvü-nüma eyləsin oğlun,
Düşdükdə yeri səfki-dima eyləsin oğlun,
Ayda çocuğun etməsə bir qan, nəyə lazım?
Axırda yeri olmasa zindan,
nəyə lazım?
Böyük ədib xüsusilə də qızların təhsildən uzaq, əsarətdə saxlanılmasının
“faydalarından” dəm
vuran “xətti hənalılar”a, “zülmdə
tüğyan eləmişlər”ə
nifrət yağdıraraq
valideynləri ayıq-sayıq
olmağa, zərərli
ənənələrdən xilas olmağa çağırırdı:
Övladına
təlim elə qızlıqdan əsarət,
Tab etsin ərindən nə qədər çəksə
həqarət,
Vur başına, düşsün
gözü, ta eyləsin adət,
Qız taifəsi xürrəmi-xəndan,
nəyə lazım?
Fəryada gəlib olmasa
giryan, nəyə lazım?
Müəllif satiralarında təkcə
öz vətənində
baş verən hadisələrə, ictimai-siyasi
proseslərə münasibət
bildirmirdi. Diqqəti İran,
Osmanlı, çar Rusiyası, İtaliya, Almaniya və digər ölkələrdə
baş verənlərə
- siyasi didişmələr,
reformalar, eləcə
də işğal faktorları və zillətə sürüklənən
məsum insanların taleyinə yönəltməyə
çalışırdı. “Olsun” əsərində çar hökumətinin fitvası ilə erməni-rus silahlı birləşmələrinin Qars
və Ərdahanda törətdikləri soyqırımlarına
biganə qalmamağa çağırırdı:
Qoy Ərdahan əhlindən ucalsın göyə əfğan,
Alsın oların tabını
təsiri-zəmistan.
Amma mən özüm isti otaq, xürrəmi-xəndan,
Qars acları fəryadə gəlib xunciyər olsun,
Övladi-vətən qoy dağılıb
dərbədər olsun.
Mollaxanadan anti-molla düşüncəsinə
Ordubadi ilk təhsilini mollaxanada
almışdı. Bu, dövrün tələbinə
uyğun idi. Ancaq dindən, şəriətdən
ciddi milli-mənəvi
inkişaf naminə yararlanmamaq məqamında
ədibin maarif üçün ayaq açdığı məkanın
adındakı “molla” məfhumuna münasibəti
sonradan tamamilə dəyişmişdi. Vətəndaşlarının xoşbəxt gələcəyi
naminə ziyasını
əsirgəmədən mücadilə
aparan görkəmli şəxsiyyətlərin ideoloji
istiqamətinin əks
qütbündə canfəşanlıq
edən ruhani cinah da var
idi. Mollanəsrəddinçi məfkurənin prinsiplərinə
“hər cəhətdən
müvafiq” olan ədəbi strategiyanı
Ordubadi də uğurla davam etdirirdi.
“Ağbaşlı”,
“qara fikirli”, “fasiq”, “yarımçıq
üləma” və s.
adlarla onsuz da məqsədi-məramı
tam bəlli olmayan sadə camaatı həqiqi İslamdan, imandan caydıran molla cəmiyyətinin iç üzünü açıb göstərən
Ordubadi dini-fanatizmə
qarşı həmişə
hücum vəziyyətində
olmuşdur. Qəyyur-əyyara
(Cəfər Cabbarlıya)
ithaf etdiyi “Mollanın” adlı satirasında mollaların malik olduğu keyfiyyətləri ustalıqla
ifadə etmişdir:
Var əvvəl-axır əllicə
siğəsi, dörtcə
övrəti,
Bulardan özgə var neçə rəfiqeyi-məhəbbəti,
Gecə-gündüzdə
yeddi qüsl olub axundun adəti,
Üsuli-şər
ilə olur bütün ədası mollanın,
Qadındı,
siğədir, əvət,
dua, ricası mollanın...
Məmməd Səid Ordubadi
Azərbaycan ədəbiyyatı
tarixində böyük
satirik kimi qalmasa da, rəvan
üslubu, problemlərə
özünəməxsus yanaşma
tərzi baxımından
tənqidi-realist ruhun daşıyıcısı olduğunu
hələ zamanında
isbatlayıb. Əgər
belə olmasaydı, ustad Mirzə Cəlil “Molla Nəsrəddin” kimi xalq əmanətinin səhifələrini 25 il rahatlıqla ona etibar etməzdi...
Fariz Yunisli
Mədəniyyət.-
2012.- 28 sentyabr.- S. 15.