Zirvələrə
doğru
Deyirlər, insan yalnız özünü gerçəkləşdirdiyi
sahədə daha xoşbəxt hiss edir. Haqqında söhbət
açacağım istedadlı musiqiçi, respublikanın Əməkdar
artisti Aygün Zeynalovanı da bu sıraya aid etmək olar.
Orta məktəbi bitirdikdən
sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil
olub, ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Amma musiqiyə
olan həvəsi onu bir an
da rahat buraxmır. Nəhayət,
o, ürəyinin səsi
ilə hərəkət
edir: «Mən mütləq musiqiçi olmalıyam...»
Uşaqlıqdan musiqisevərlər ailəsində böyüyüb
boya-başa çatan
Aygün 16 saylı musiqi məktəbində
fortepiano üzrə təhsil
alıb. Musiqiçi
o illəri belə xatırlayır: “Ustad müəllim Vladimir Pavloviç
Vlasenko (ruhu şad olsun!) musiqi duyumumu
və qabiliyyətimi,
soprano koloratura səsimi
yüksək qiymətləndirərək
kollektiv qarşısında
solo konsertimi təşkil
etdi. Konsertin müsbət qarşılanması
məni bir az da ruhlandırdı. Bundan sonra həyat yolum başqa bir məcraya yönəldi...”
Beləliklə,
müəlliminin tövsiyəsi
ilə 2000-ci ildə Bakı Musiqi Akademiyasında Xalq artisti, professor Xuraman Qasımova Aygün Zeynalovanın ifasını dinləyir. İfanı çox bəyənən
Xuraman xanım onun «solo oxuma» sinfinə - ikinci ixtisas kimi birbaşa
ikinci kursa qəbul edilməsini məsləhət bilir.
Tezliklə Aygün onun sevimli tələbələrindən
birinə çevrilir:
«Taleyimdən çox
razıyam ki, həyat məni gözəl sənətkar,
bacarıqlı pedaqoq,
səmimi insan, Azərbaycanın Xalq artisti, professor Xuraman Qasımova ilə rastlaşdırdı və
indiki nailiyyətlərimin
bünövrəsində məhz
onun zəhmətinin olması məni çox sevindirir və qürurlandırır...»
Uğurun başlanğıcı
Az
müddət sonra Aygün yeni-yeni uğurlara imza atır. 2006-cı ildə Avstriyanın Vyana şəhərində
keçirilən vokalçıların
beynəlxalq müsabiqə
turunun seçim mərhələsi üzrə
jüri nümayəndəsi
tərəfindən Bakıda
dinlənilib bəyənilərək,
«25th International Hans Gabor Belvedere Singing Competition» II turuna dəvət alsa da, ailə
qayğıları onun
bu yarışda iştirakını əngəlləyir.
2007-ci ildə istedadlı
musiqiçi Vokalçıların
Bülbül adına IV Beynəlxalq
müsabiqəsində iştirak
edərək laureat adına layiq görülür. Burada qeyd etmək yerinə düşər ki, o vaxt jüri
sədri olan SSRİ Xalq artisti, mərhum
professor İrina Arxipova
gənc qızın ifasını məxsusi bəyənərək istedadına
yüksək qiymət
vermiş, onun gözəl gələcəyinin
olacağını söyləmişdi.
Söhbət əsnasında sənətçi
Dövlət Akademik
Opera və Balet Teatrı səhnəsində
debütündən də
söz açdı:
“Teatrda ilk çıxışım
2007-ci ildə oldu və çox xoşbəxtəm ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin
«Arşın mal alan» operettasında baş rolu - uşaqlıqdan sevə-sevə
izlədiyim Gülçöhrəni
ifa etdim...”
Elə həmin il
SSRİ Xalq artisti
Yelena Obraztsova Bakıda
keçirdiyi ustad dərslərində Aygün
xanımın da ifasını dinləyərək
ona böyük dəyər verib. Gənc olmasına baxmayaraq, milli vokal sənətimizi
ölkə hüdudlarından
kənarda uğurla təmsil edən Aygün Zeynalovanın
2007-ci ildə Parisdə,
Fransa Senatında gerçəkləşən solo konsertində parlaq ifası auditoriyanın böyük rəğbətini
qazanır. 2008-ci ildə isə Fransanın Şanzelize sarayında təşkil olunmuş Azərbaycan Günləri çərçivəsində
keçirilən konsert
proqramında Aygün
xanım da müvəffəqiyyətlə çıxış edib.
Məhz bu uğurların nəticəsidir
ki, musiqiçi hazırda bir çox dövlət tədbirlərində Qara
Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Dövlət Xor Kapellası, Dövlət Simfonik Orkestri ilə müvəffəqiyyətlə
çıxışlar edir
və hər zaman da geniş
tamaşaçı auditoriyası
tərəfindən rəğbətlə
qarşılanıb.
Zəhmət və istedad birləşəndə
Aygün Zeynalova 2010-cu ildən Azərbaycan Dövlət Filarmoniyasında aparıcı
solist kimi çalışır, Bülbül
adına orta ixtisas Musiqi
məktəbində dərs
deyir. 2011-ci ildə
Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının
20 illiyi ilə bağlı tədbirlər
də sənətçi
üçün yaddaqalan
olub. O, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın iştirakı ilə müxtəlif ölkələrdə
- Fransa, Almaniya və son olaraq İtaliyada keçirilən
mədəniyyət tədbirlərində
çıxış edərək
ifaçılıq sənətimizi,
incəsənətimizi layiqincə
təmsil edib.
Noyabrın
29-da isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Vatikanda və Romada Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpa
edilməsinin 20-ci ildönümünə
həsr edilmiş təntənəli mərasimdə
Aygün Zeynalova Xalq artisti Teymur
Göyçayevin dirijorluğu
və Dövlət Kamera Orkestrinin müşayiəti ilə
professor Fərhad Bədəlbəylinin
«Ave Mariya» əsərini
iki dildə (latın və Azərbaycan) və Niyazinin «Arzu» əsərini böyük
məharətlə ifa
edib. Bu ifalar
tələbkar və zövqlü dinləyici auditoriyası tərəfindən
rəğbətlə qarşılanıb.
Bildiyimiz kimi, 2012-ci ildə ölkəmiz önəmli
bir beynəlxalq tədbirə - “Erovision” mahnı müsabiqəsinə
ev sahibliyi
etdi. Bununla bağlı yanvarın
25-də “Buta” sarayında
keçirilən açar
təqdimetmə mərasimində
Aygün Zeynalova Xalq artisti Samir
Cəfərovla birlikdə
duet ifa etdi. Bu beynəlxalq tədbirlə
bağlı Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
təşkil olunan silsilə konsertlərə
mayın 30-da Azərbaycan
Dövlət Filarmoniyasında
Aygün Zeynalovanın
Dövlət Kamera Orkestri ilə birlikdə möhtəşəm
solo konsert proqramı ilə yekun vuruldu.
Bu ilin
iyununda Türkiyənin
Ankara və İzmir şəhərlərində Azərbaycan
Mədəniyyəti Günləri
keçirildi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində
bir çox görkəmli sənət
ustaları ilə birlikdə Aygün Zeynalova da konsertlərdə
solo və duet çıxışlarla
incəsənətimizi layiqincə
təmsil etdi.
Daim gərgin yaradıcı iş qrafiki ilə çalışan
sənətçi bundan
böyük zövq aldığını deyir.
Mütəmadi olaraq yeni layihələr üzərində
çalışır, solo proqramlarla və Dövlət Xor Kapellası ilə birlikdə dünya klassiklərinin əsərlərini
ustalıqla ifa edir. Sənət həyatı ilə
yanaşı, ailə
qayğılarına da
zaman ayırır.
Səhnədə sevilən sənətçi
olmaqla yanaşı, o
həm də gözəl anadır.
Əlbəttə, peşəkar ifaçının
bu fəaliyyəti və zəhməti daim istedadlı insanlara önəm verən dövlətin diqqətindən kənar qalmayıb. O, bu il sentyabrın
14-də Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə “Əməkdar
artist” fəxri adına
layiq görülüb.
Aygün
xanım ona göstərilən etimada
görə ölkə
başçısına dərin
minnətdarlıq və
təşəkkürünü bildirərək bundan sonra da Azərbaycan
incəsənətinə və
mədəniyyətinə layiqincə
xidmət edəcəyini
deyir. Biz də qəzetimiz adından onu təbrik edir, zirvəyə gedən yolda ona daha
böyük uğurlar
arzulayırıq.
Mehparə
Mədəniyyət.-
28 sentyabr.- S. 11.