Daxili turizmin inkişafına həsr olunmuş layihə

 

   Sentyabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində Təhsil Nazirliyi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi, Dünya Azərbaycanlı Gənclər Birliyi və “Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyinin birgə hazırladığı “Ölkədaxili turizmin inkişafı” layihəsinin təqdimatı keçirilib.

   Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru Alik Məmmədov bildirib ki, layihənin məqsədi Azərbaycanın mədəni irsinin qorunması, ölkəmizin tarixi, mədəniyyəti, coğrafiyası, iqtisadi inkişafı, sülh və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində təbliğat işlərinin aparılmasıdır.

   “Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Cəmilə Abdullayeva layihə haqqında geniş məlumat verib: “Layihə yeniyetmələrdə və gənclərdə Vətənə, xalqa, milli-mənəvi dəyərlərimizə hörmət və məhəbbət hislərinin daha da gücləndirilməsi, onların azərbaycançılıq ruhunda tərbiyəsi, bilik, bacarıq və qabiliyyətlərinin üzə çıxarılması, ekoloji tərbiyənin genişləndirilməsi, diyarşünaslığın, daxili turizmin inkişaf etdirilməsi məqsədi daşıyır».

   Layihə çərçivəsində təlim və istirahət məqsədli bir çox məşğələ, ekskursiya, yürüş və səyahətlərin təşkili nəzərdə tutulub. Onun sözlərinə görə, keçiriləcək tədbirlər çərçivəsində gənclər mədəniyyət və incəsənətimizlə, ölkəmizin təbiəti ilə daha yaxından tanış olacaq, turizm ləvazimatlarından istifadə qaydalarına yiyələnəcəklər. Bütün bu işlər məktəblilərin yay sağlamlıq düşərgələrində turizm-diyarşünaslıq işinə böyük fayda verəcək.

   Qeyd edək ki, layihə 2013-cü il sentyabrın 15-dək davam edəcək.

 

 

   Fəxriyyə

 

  Mədəniyyət.- 2012.- 28 sentyabr.- S. 9.