Dahilər
yönətməni –
Üzeyir, Ceyhun və Niyazi kimi ustadların ustadı - Zülfüqar
Hacıbəyli
Üç böyük qardaşdan böyüyü idi Zülfüqar bəy. Sözün
hər iki mənasında böyük
Zülfüqar bəy!..
Zülfüqar Hacıbəyli haqda fikirləşəndə, belə bir mətləb üstdə də köklənmək gərək: Görəsən, o olmasaydı, Üzeyir, Ceyhun, Niyazi (və başqaları) artıq bizə tanış zirvələrə çıxa biləcəkdilərmi? Axı bu dünyada məkansız-binasız bir ədəb-ərkan, əxlaq-irfan məktəbi də var ki, orada “nə - olar, nə - olmaz!” adlı bir fənn keçilir...
Üzeyirlə Ceyhun Bakıya gəlib hər iki mənada böyüyənə qədər Şuşada ataları - zəhmətkeş “Əbdülhüseyn kişinin övladları” kimliyilə bərabər, özlərindən bir-iki bayram böyük “Zülfüqarın qardaşları” kimi də tanınır, ağırlanıb-uğurlanırmışlar. Sonralar dünyanın ən ünlü konsert-tamaşa salonlarında öz incə sənət çubuğu ilə mədəniyyət “hərbə-hədə”ləri edəsi, “imperator-maestro” olası Niyazi balası isə hələ genefondumuzun növbəti korifeylik iddialı hamiləliyində, yaradacağı “dahilər üçbucağı”nın “iki yazaq, bir yadda”sında idi...
1884-cü il aprelin 17-də Şuşada - təbii konservatoriya-şəhərdə anadan olmuş Zülfüqarın Üzeyir və Ceyhunun sənət və şəxsiyyət görüşlərinin, milli-mənəvi baxışlarının formalaşmasında oynadığı «böyük qardaş» rolu haqda sənədlər, söhbətlər, xatiratlar çoxdur. Xüsusən də onun öz publisistik yazıları, xatirə-qeydləri bəhs edir bu barədə. O sənədlər, söhbətlər, elmi-populyar yazılar belə bir ümumi rəy də doğurur ki, Zülfüqar Hacıbəyli professional musiqimizin banisi Üzeyir Hacıbəyli, böyük bəstəkar və dirijor Müslüm Maqomayev, əfsanəvi səhnə ustaları Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski kimi sənət nəhəngləri, milli mədəniyyət fədailəri sırasında məxsusi yer tutur.
Hərfli, notlu
kağızların “təqdimat”ı
Ora təbiət və sənət, bura siyasət və rəyasət şəhəri. Yəni Şuşa və Bakı. Orada bir az uşaqanə, bir az gəncsayağı düşünüb-daşınıb suallaşdırdığı fikirləri burada cavablandırıb “xərc”ləməyin vaxtı çatmışdı.
Hələ uşaqkən öz ailəsi və Şuşanın mədəni mühiti tərəfindən aşılanmış sənət duyğuları Zülfüqarda özünü musiqiyə həsr etmək istəyi yaratmışdı. Eşitdiyi el nəğmələri, xalq mahnıları onun özüylə bərabər böyüyür, sənət əsərlərinə çevrilmək məqamlarını, böyük teatr-səhnə məkanlarını gözləyirdi.
Bəzən də not yaradıcılığına ara verib, düşüncələrini mətbu yazılarla bəyan edirdi. Məsələn, fərdi zövqlə ictimai-milli zövq arasındakı ziddiyyət Zülfüqar Hacıbəyli qələmində belə şərh olunurdu: «1908-ci ildən bəri - yəni «Leyli və Məcnun» adlı ilk Azərbaycan operasının meydana çıxmasından başlayaraq xalqımız ümumən Yaxın Şərq üçün yeni olan bu sənət «dilinə» də yiyələnir, tamaşalarda fəal iştirak edir. Əlbəttə, bu yeni zövqə qarşı xalqda antipatiya yaratmaq heç də yaxşı, inkişaflı gələcək vəd etmir. Bunları yazmağa məni vadar edən odur ki, ilk Azərbaycan operası səhnəyə qoyularkən Nikolay istibdadı dövründə bəslənmiş, böyümüş, tərbiyələnmiş, milli hissini unutmuş bəzi Azərbaycan ziyalıları bu cür yenilik başlanğıcına təhqiranə nəzər ilə baxmağa bünövrə qoydular...»
Dərin milli düşüncə sahibi olan Zülfüqar Hacıbəyli həmin dırnaqarası ziyalıların nihilist fikirlərindən, Nuhdəbi münasibətlərindən çəkinməyərək, dövrün ictimai-mədəni səs-sədalarına operativ və kəskin reaksiyalar verir, bir-birinin ardınca maraqlı operettalar, opera, kompozisiya və digər janrlı əsərlər yaradır. Kiçik qardaşı Üzeyir bəyin «O olmasın, bu olsun», «Arşın mal alan» kimi dahiyanə operettaları ilə birgə Azərbaycan tamaşaçısı Zülfüqar bəyin «Məşədi Xudu», «Əlli yaşında cavan», «Evliykən subay», «On bir yaşlı arvad» və başqa operettalarını da çox maraqla qarşılayır, alqışlayırdı. «Kənd qızı», «Əsgər nəğməsi» və s. mahnıları dövrün dillər-dinləm əzbəri idi. Bu əsərlər də Azərbaycan professional bəstəkar yaradıcılığının “ilk nümunələr”i sırasında idi.
Zülfüqar Hacıbəyli yaradıcılığının əhəmiyyəti həm də qədim Azərbaycan musiqi ənənələrinin yenilənmə, zənginləşmə və inkişafı prosesini sürətləndirməsində idi. Onun fortepiano ilə simfonik orkestr üçün yazdığı «Azərbaycan qadınının rəqsi», bəstəkar Zakir Bağırovla birgə işlədiyi «Kantata» uzun illər ictimai zövq meyarı kimi səsləndirilib.
Zülfüqar Hacıbəylinin adı ilk Azərbaycan operasından 7 il sonra - 1915-ci ildə yazdığı «Aşıq Qərib»lə mədəniyyət tariximizə gözəl bir opera müəllifi kimi də düşür. Bütün bunlar - bu təvazökar, məhsuldar, vətənpərvər bəstəkarımızın mədəniyyət aləmindəki xidmətləri, gec və az da olsa, qiymətləndirilir; 1943-cü ildə Əməkdar incəsənət xadimi fəxri adı, 1946-cı ildə «Şərəf» nişanı ordeni ilə təltif edilir.
Onun özü isə, xalqımızın sabahını göz önünə (və fikir altına) alaraq, o dövrkü “partiya və hökumətimiz”i daha böyük sənət hədiyyələri ilə təltif edib. O təltifatlar çoxdur, çoxusunu hamı bilir, biri isə maraqlı bir replikadır ki, bunu eşidən beş-üç bəndədən biri də bəndənizdir.
“Bu dünyaya tezikmişdim, o dünyaya gecikdim...”
Bəzən “mənbə”lər şifahi
formatda da olur. Yəni, dırnaq işarəsi
içərisində verdiyim
yuxarıdakı “sitat”ı
heç kəs heç bir mənbə-məxəzdə axtarmasın
- tapılmayacaq. Sadəcə, Zülfüqar Hacıbəyli
bu sözləri
1949-cu ildə xəstəxanada
müalicə olunarkən,
19 yaşlı bir şəfqət bacısına
deyib. Həmin şəfqət bacısı isə bunu (sonralar baş həkim işləyərkən) 1989-cu ildə
telemüsahibəmiz zamanı
mənə danışmışdı.
Zülfüqar
Hacıbəyli xəstəxanada
olduğu günlərdə
tez-tez ona baş çəkən (xidməti və hüsn-rəğbəti mənada)
həmin şəfqət
bacısı məşhur
bəstəkarın maraqlı
söhbətlərinə qulaq
asar, əsərlərini,
mahnılarını çox
sevdiyini bildirər, hərdən də Üzeyir bəyin o vaxtlar dillər əzbəri, müharibədən
çıxmış könüllərin
həzin-hərarət məlhəmi
olan “Şəfqət
bacısı” mahnısını
zümzümə edərmiş.
Günlərin bir günü də o şəfqət bacısı
Üzeyir bəyin daha məşhur, daha populyar olmasıyla
ilgili, Zülfüqar bəyə belə bir sual verir:
«Ay Zülfüqar əmi,
rəhmətlik Üzeyir
bəy Sizdən neçə yaş böyük idi ki?» Mətləbi
anlayan Zülfüqar Hacıbəyli hələ
ili çıxmamış,
məzar torpağı
bərkiməmiş qardaşının
hüznünü yaşasa
da, bu gənc
qızın xatirinə
“incik” bir rola da girib:
“Üzeyirin nə həddi vardı, yaşca da məndən
böyük olaydı?
O məndən düz
17 ay uşaq idi... - Bunu deyib, kədərli
bir görkəm alan bəstəkar
əlavə edir: - Onunla müqayisədə mən bu dünyaya
tezikmişdim, o dünyaya
isə... gecikdim!”
Dilçalma...
Hə, çətin sözdür.
Amma gümanımca, süftəsi
çətin alınıb-anlaşılan
çox belə sözlər olub. “Əlçalma” ifadəsi
nədirsə, dilçalma
da elə odur. Yəni tamaşaçı yalnız elə əlçalan missiyası
daşıyan sənət
tərəfdaşı deyil;
o, hərdən dil də çalır.
Özü də tək
elə baxdığı
tamaşanın məzmun-məziyyətilə
bağlı yox.
Yəni günlərin bir xoş saatında həmin o şəfqət
bacısı Üzeyir
bəyin kəşməkəşli
tale yolu haqda atasının söylədiklərini
Zülfüqar bəyə
danışır. Özü də
«zəmanə qulaqları»
xofundan xısın-xısın
danışır. Söyləyir
ki: «Zülfüqar əmi, xəbəriniz varmı ki, bir neçə dəfə repressiya qurbanlığından qurtulan
Üzeyir bəyi axırıncı dəfə
də Məmməd Səid Ordubadi xilas edib?»
Özünü heç
nədən xəbərsiz
kimi göstərən
Zülfüqar bəy:
«Necə xilas edib?!» - deyə
soruşanda, şəfqət
bacısı dahi həmvətənlisinə yönəlik
hədsiz sevgisindən
qəhərlənib, böyük
vətəndaş fəxarətilə
sözünə davam
edir: «Heç nə, bizim Üzeyir bəyimizin böyüklüyünü gözü
götürməyən ermənilər
tez-tez Bağırov yoldaşın qulağını
doldururmuşlar ki, bu “muzukant” qatı
millətçidir, xalis
cümhurçu olub, sovetləri görməyə
gözü yoxdur, dostlarıyla da xəlvətə düşəndə
Stalin yoldaşı “bığı
bəy” adlandırır,
day nə bilim, nələr! Yoldaş Bağırov da
boğaza yığılır,
aylarla götür-qoy
edir, Stalin yoldaşın
Moskvada Azərbaycan dekadası zamanı “Koroğlu” operasını
necə yüksək qiymətləndirdiyini xatırlayıb,
heç bir bəhanə tapılmamasından
gərginliklər yaşayır.
“Amma deyəsən bu “bığı bəy” pis danosa
oxşamır, axı...”
- deyə, günlərin
birində qayıdır
ki, yoldaş “Qılınc və qələm”, bəlkə
elə onun “bığı bəy”inə
bir də müraciət edək? Bir “dabro” alıb,
bu ölkədə adı bizdən çox çəkilən
bu “arşın-malçı”nı da aradan götürək?! Ordubadi yoldaş da Bağırova qayıdıb
ki, Hacıbəyovu aradan götürsəniz,
onda gərək bütün teatrların qapılarından qıfıl
asaq. Axı, bütün teatrlarda Hacıbəyovların əsərləri
oynanılır!..»
Bu Hacıbəyovlardan
biri də Zülfüqar bəy idi...
... O Hacıbəyovlardan
ortancılı elə
bir Günəş olub, elə bir işıqla parladı ki, Əbdülhüseyn kişinin
gözünün “ilk ovu”
ilə “sonbeşiyi” zamanın alatoran “boran”larına düşməli,
hərdən parlayıb,
hərdən “sönməli”
oldular. Düzdür, sonralar doğulan maestro öz səs-sədası
ilə “ilk ov”un şöhrət oxunu daş-qaşlarda bərq etdirdi. Ancaq “bığı bəy” proletarizmi “sonbeşik” bəyi qəriblikdə
son mənzilə qərq
etdi.
Və arifi-ərənlər belə
nəql edirdilər ki, belə-belə olaylar üç böyük qardaşdan böyüyünün - Zülfüqar
Hacıbəylinin faydalı
iş əmsalını
yarıbayarı qəhr
edib...
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 28 sentyabr.- S. 7.