Sənətdə keçən ömür:

 

   İbrahim Hüseynov

 

   Azərbaycan Dövlət Musiqili Komediya Teatrının tarixi teatrşünaslığımızda az öyrənilmiş sahələrdəndir. Ayrı-ayrı sənətkarların yaradıcılığına həsr olunmuş bir neçə monoqrafiya istisna olunmaqla indiyədək bu teatrın yaradıcılıq yolundan bəhs edən fundamental əsər nəşr olunmayıb.

  

   Uzun illər Musiqili Komediya Teatrında çalışmış, teatrın yüksəlişinə xidmət etmiş, bu yolda can qoymuş, fəqət teatr tarixində təkcə adları çəkilən, yaradıcılığı tədqiq olunmamış Əhməd Anatollu, Aliyə Terequlova, Münəvvər Kələntərli, İbrahim Hüseynov, Əhməd Səfai, Cahan Talışinskaya, Əlihüseyn Qafarlı, Məleykə Şahmərdanova, Kamal Kərimov və başqa sənətkarların hər birinin yaradıcılığı ayrıca tədqiqat mövzusudur.

   Ötən əsrin 40-50-ci illərində Musiqili Komediya Teatrında çalışmış istedadlı sənətkar, Əməkdar artist İbrahim Hüseynovun (İbrahim Şünasi) həyat və yaradıcılığı bugünkü nəsil üçün maraqlıdır. Duzlu, yapışıqlı, təbiətdən fitri istedad sahibi olan aktyorlardan biri kimi teatr tarixinə düşən, zəngin sənət bioqrafiyasına malik olan aktyor çox tez unudulmuş, yaddaşlardan vaxtsız silinmişdir. Onunla bağlı xatirələri olan insanların da çoxu artıq həyatda deyillər. Xalq artisti Yaşar Nuri həmişə minnətdarlıqla xatırlayır ki, 10 yaşı olanda İbrahim Şünasi onun əlindən tutub ilk dəfə A.Məşədibəyovun «Toy kimindir?» tamaşasında səhnəyə çıxarıb.

   İbrahim Hüseynov 1906-cı ildə Bakıda varlı tacir Kərbəlayi Ağahüseynin ailəsində dünyaya gəlib. Uşaq yaşlarından teatr sənətinə böyük maraq göstərib. Ata-anası onun aktyor olmasına razı deyilmiş. Teatra gələnədək müxtəlif peşələrdə çalışan gənc oğlan özfəaliyyət dərnəklərində öz istedad və bacarığını sınamışdır. İ.Hüseynovun fitri istedadını görən teatr rəhbərliyi 1927-ci ildə onu Bakı İşçi Teatrına dəvət edir. O illərdə teatrın repertuarında möhkəm yer tutan «Küləklər şəhəri», «Hind qızı», «Qızıl trenlər» kimi tamaşalarda ilk uğurlarını qazanan aktyor 1932-ci ildə İrəvan şəhərində fəaliyyət göstərən səyyar Azərbaycan teatr truppasına dəvət olunur və bu truppanın tərkibində çox sayda obrazlar yaradır, öz peşəkarlığını daha da cilalayır.

   1935-ci ildə gənc İbrahim çoxdan ürəyində gəzdirdiyi arzusuna çatır və Bakı Teatr texnikumuna daxil olur. Texnikumda Azərbaycanın böyük sənət müəllimlərindən dərs alan və təhsilini uğurla başa vuran aktyor bir müddət estradada çalışır, sonra isə öz həyatını əbədilik olaraq Musiqili Komediya Teatrına bağlayır.

   Realist aktyor məktəbinin yetirməsi olan aktyor Ü.Hacıbəylinin «O olmasın bu olsun»unda Həsən bəy, Z.Hacıbəylinin «Əlli yaşında cavan» komediyasında Şulu, F.Əmirovun «Gözün aydın»ında Tellon, S.Ələsgərovun «Ulduz» əsərində Möhsün, S.Rüstəmovun «Durna» operettasında Dursun, A.Məşədibəyovun «Toy kimindir?» musiqili komediyasında Qoşun kimi parlaq boyalarla işlənmiş yaraşıqlı, tamaşaçı qəlbinə yol tapan komik obrazlar yaradır.

   İ.Hüseynov obraz yaradarkən onun həm zahiri rəsminə, həm də daxili aləminin açılmasına, eləcə də ən xırda detallara da xüsusi diqqət yetirirdi. Özünəməxsus oyun tərzi və şux yumoru ilə zalı bir anda ələ ala bilirdi. Obrazın psixoloji ovqatının açılmasına böyük önəm verirdi. O dövrün tamaşalarından çəkilmiş şəkillərə baxarkən onun necə kamil, bitkin obrazlar ustası olması barədə aydın təsəvvür yaranır.

   Teatr sənətində uğurlarına görə İ.Hüseynov 1943-cü ildə «Əməkdar artist» fəxri adına layiq görülüb, 1959-cu ildə «Şərəf nişanı» ordeni və bir sıra medallarla təltif olunub.

   Aktyor 1961-ci ildə, yaradıcılığının yetkin çağında qəflətən vəfat etmişdir. Tamaşadan sonra evə qayıdan aktyorun vəziyyəti bir anda pisləşir və onun həyatını xilas etmək mümkün olmur. İ.Hüseynovun yurdunda bir oğlu və azyaşlı qızı qalır. Hərbi həkim olan həyat yoldaşı övladlarını böyüdüb, onlara yaxşı təhsil və tərbiyə vermişsə də, İ.Hüseynovun yaradıcılıq irsini əbədiləşdirmək üçün bir iş görə bilməmişdir.

   Musiqili Komediya Teatrının tarixində silinməz iz qoymuş aktyorun həyat və yaradıcılığı dərindən öyrənilməyə və təbliğ olunmağa layiqdir. Ümid edirəm ki, gənc tədqiqatçılar öz diqqətlərini İbrahim Hüseynovun zəngin həyat və yaradıcılıq yolunun tədqiqinə yönəldəcəklər. Biz öz sələflərimizi - teatrlarımızın yaradıcılarını unutmamalı, onları gələcək nəsillərə tanıtmalıyıq.

  

 

   Kəmalə Cəfərzadə,

   Azərbaycan Teatr Xadimləri

   İttifaqının məsul katibi

 

   Mədəniyyət.- 2012.- 11 yanvar.- S. 15.