Qədim hamamların yeni həyatı

 

   Zəngin Şərq memarlığının tərkib hissəsi olan Bakı qədim məscidləri, qalaları və digər tikililəri ilə yanaşı, hamamları ilə də məşhur olub. Təsadüfi deyil ki, Bakı hamamları təkcə memarlıq elementlərinə görə deyil, həm də digər özəllikləri ilə fərqləniblər. Orta əsrlərdə hamamlar sağlamlıq, istirahət, təmizlik kimi elementləri özündə ehtiva edirdi. Bu baxımdan Bakı hamamlarının da özünəməxsus sağlamlıq fəlsəfəsi olub.

  

   Elə bu səbəbdəndir ki, İçərişəhər sakinləri təməli XVIII əsrdə qoyulmuş Ağa Mikayıl və ya el arasında deyildiyi kimi, Məşədi İbad hamamına getmək ənənəsini bu gün də davam etdirirlər. Bir müddət təmirə dayanan hamamın bu yaxınlarda bərpa olunaraq istifadəyə verilməsi onlar üçün sevindirici hadisə oldu. Maraqlıdır, bəs insanları bu hamama cəlb edən nədir? Sakinlər bildirir ki, hamamın quruluşu, istilik sistemi, burada keçmiş hamam qaydalarının qorunub-saxlanılması onları bu məkana cəlb edir.

   Elə bu baxımdan da həftənin bir günü kişilər, bir günü isə qadınlar üçün nəzərdə tutulan hamam təmir olunan kimi sakinlər, necə deyərlər, yenidən öz boxçalarını yığıb üz tutublar bura.

   Əslən İçərişəhərdən olan rəssam Mir Teymur deyir ki, hamam Şamaxı sakini Ağa Mikayılın təşəbbüsü ilə tikilib: “O, dövrünün imkanlı şəxsiyyətlərindən biri olub. Şamaxıda bir çox hamamlar tikdirərək camaatın ixtiyarına verib. Sonradan tale elə gətirir ki, Ağa Mikayıl Bakıya köçməli olur. Onu da qeyd edim ki, zaman-zaman Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra şəhər sakinlərinin bir qismi, o cümlədən ustalar, memarlar Bakıya köçüb. Usta Ağa Mikayıl da onlardan biri olub. Məhz bu səbəbdən hamam Şamaxı memarlıq üslubunda tikilib. Ağa Mikayıl öz pulu ilə hamamı tikdirib məhəllə sakinlərinin ixtiyarına verib. Bakıda bu gün yeganə hamamdır ki, günbəzi var. Ona görə də bu hamam digərlərindən seçilir. Daşları isə Qız Qalasının daşları kimi yığılıb. İnteryeri də yaxşı qurulub”.

   Hazırda Ağa Mikayıl hamamını idarə edən Qorxmaz Xəlilovun sözlərinə görə, əvvəllər hamamın istixanası odunla qızdırılırmış: “Bu istilik isə yeraltı kanallar və divarın içi ilə bütün hamamı qızdırıb tavana qədər qalxırmış. Sonra isə bu ocağın tüstüsü yuyunma otağı üzərində olan baca ilə çölə çıxırmış. Hamamın içində yeraltı kanallar olub, tavanda isə xüsusi bacalar quraşdırılıb. Beləliklə, istilik elə tənzimlənirmiş ki, həm döşəmə, həm də divarlar qızırmış. Bu sistem həm hamama sərinlik verir, həm də hamamın havası dəyişirmiş. Elə buğ da bu yolla çıxırmış. İndi bu sistem tavanda qorunub qalsa da, döşəmədə ləğv edilib. Daha doğrusu, baxımsızlıq üzündən sıradan çıxıb”. Hamamın çöl tərəfində tikilən uzunsov baca döşəmənin istiliyini tənzimləyirmiş. İndi o baca öz funksiyasını itirsə də, özü olduğu kimi qalır».

  

   Bakıya gələn tacirlər gömrükdən sonra hamama göndərilirdilər

  

   Qeyd edək ki, vaxtilə Bakıda xeyli sayda belə hamamların olmasına baxmayaraq, indi onların yalnız adları qalıb. Tarix elmləri doktoru, arxeoloq Kamil İbrahimov orta əsr hamamlarının memarlıq xüsusiyyətlərindən söz açır: “Hamamın tağları, günbəzləri və gözəl darvazası olurdu. İçəridə bir neçə otaqhovuz yerləşirdi. Vaxtilə Bakıda bu qədər hamamın tikilməsi də səbəbsiz deyildi. Çünki şəhərdə təmizliyə, sanitariyagigiyena qaydalarına ciddi əməl olunurdu. Nümunə kimi bir faktı da göstərə bilərəm. Orta əsrlərdə İçərişəhərin iki əsas qapısı - Şamaxı qapısı və Salyan qapısı var idi. Bu qapıların yanında isə gömrükxanahamam yerləşirdi. «İpək yolu» ilə şəhərə gələn karvanlar gömrüyü keçdikdən sonra birbaşa hamama göndərilirdi. Onlara yalnız təmizləndikdən sonra şəhərə girməyə icazə verilirdi. Bu hamamlardan biri İçərişəhərə Qoşa qala qapılarından girərkən solda, Bakı xanlarının evinin yerində, qala divarlarının dibində yer altında qalmaqdadır. Bu adsız hamam təqribən XIV əsrin sonları - XV əsrin əvvəlləri Şirvanşahlar dövlətinin dinclik və əmin-amanlıq dövründə inşa olunub. İçərişəhərin bütün hamamları kimi bu hamam da temperatur rejimini sabit saxlamaq üçün yer altında tikilib. Vaxt keçdikcə torpaq qatının qalınlığı artaraq onu tamam örtüb».    

 

   Hamamlar cəlbedici turizm obyekti ola bilər

  

   Qeyd etdiyimiz kimi, vaxtilə Bakı hamamlarının özəlliyi həm də burada insanların sağlamlığı, istirahəti üçün müxtəlif xidmətlərin çeşidi ilə diqqət çəkib. Bunu mütəxəssislər də təsdiqləyir.

   AMEA-nın Əlyazmalar İnstitutunun Tərcümə və informasiya şöbəsinin müdiri, Azərbaycan Tibb Tarixçiləri Birliyinin sədri Fərid Ələkbərli bildirir ki, vaxtilə hamamlarda təklif edilən xidmətlərin arasında ətirli yağlardan istifadə etməklə masaj xidməti də vardı: «Masaj fizikipsixoloji yorğunluğu aradan qaldırır və qan dövranını yaxşılaşdırırdı. Ondan başqa, bəzi ətirli yağlardan müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə olunurdu. Orta əsr Azərbaycan hamamlarının bir özəlliyi də onda idi ki, burada ayrı-ayır bitkilərdən xüsusi vannalar qəbul edilirdi. Məsələn, kəklikotu yağı revmatizmə qarşı, həna ilə sarımsaq yağı isə herpesə qarşı istifadə edilirdi. Hamamlarda insanların saçını kəsən, onlara həna, vəsmə və başqa təbii boyalar qoyan bərbərlər çalışırdı. Çiməndən və masaj aldıqdan sonra insanlar xüsusi otaqda dincələ bilərdilər. Burada onlara ətirli bitkilərlə (nanə, kəklikotu, qaraqmıx, qızılgül ləçəkləri, hil, mixək və s.) dəmlənmiş çay təklif olunurdu. Bundan başqa, insanlar şirniyyat, isti xörəklər və qəlyan da sifariş edə bilərdilər. Bir sözlə, insanlar hamamdan daha gözəl, sağlam, güclüenerjili çıxırdılar».

   Azərbaycanda fəaliyyət göstərən orta əsr hamamlarının, məsələn, yaxın qonşumuz olan Türkiyədəki hamamlardan fərqinə gəlincə, mütəxəssis istifadə edilən ətriyyatları misal gətirir: «Əslində, Azərbaycan və Türkiyə hamamları arasında o qədər də böyük fərq olmayıb. Qonşu ölkəyə yunan və ərəb təsiri, Azərbaycana isə İran təsiri olub. Bu baxımdan bizim hamamlarda daha çox ətirli bitkilərdən istifadə olunub».

   Bu gün Bakıda qapısı bağlı qalan xeyli hamam var. Qərb ölkələrində, elə yaxın qonşumuz olan Türkiyədə hamamlar həm də turizm obyekti hesab olunur. Hətta onlar öz qədim adətə-ənənəyə malik hamamlarını gələn turistlərə «Türk hamamı» adı ilə təqdim edirlər. Azərbaycanda da bu təcrübədən yararlanaraq hamamları turizm obyektinə çevirmək olar: «İndi hər bir ailənin evində hamam var. Yəni bu sahədə problem yoxdur. Amma qədim tikililərin qorunması vacibdir. Bu gün üçün onları canlandırmaq lazımdır. Hamamlar milli mədəniyyətimizin bir hissəsidir. Bu məkanlarda vaxtilə mövcud olan xidmət növlərini bərpa etmək olar. Çünki bu həm də ənənələrimizin canlandırılması deməkdir. Bu gün Azərbaycan turizm sahəsində güclü inkişaf yolundadır. Bu baxımdan qədim hamamların təmir-bərpa olunaraq turistlərin də maraq göstərdiyi obyektlərə çevrilməsi maraqlı turizm istiqaməti ola bilər”.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2012.- 11 yanvar.- S. 13.