Tarixdə
qalan izlər
Gədəbəydə
Siemenslər irsinin öyrənilməsi həm tarix, həm də
turizm baxımından önəm kəsb edir
XIX əsrin
ikinci yarısında Siemens qardaşlarının Gədəbəy
rayonundakı fəaliyyəti son zamanlar KİV-də tez-tez
rast gəlinən mövzulardandır. Həmin dövrdə
tikilmiş müxtəlif təyinatlı binaları - məktəb,
mədəniyyət sarayı, Misəritmə zavodunun inzibati
binası, daş döşəməli yolları və s.
Avropa memarlığının Azərbaycanda təzahürü
kimi qiymətləndirmək olar. Siemens qardaşlarının
Gədəbəydəki fəaliyyəti ilə bağlı
müxtəlif mədəni layihələr həyata
keçirilir. Mövzu ilə əlaqədar həmsöhbətimiz
tədqiqatçı-jurnalist Etibar Nadiroğludur.
- Müəllifi olduğunuz
kitablardan biri “Həyatımızda Siemens izləri” adlanır.
Bu izlər nədən xəbər verir?
- Gədəbəy rayonu zəngin
təbii iqlim şəraiti, əhəmiyyətli faydalı
qazıntı yataqları, o cümlədən qara və
ağ mərmər, mis, qızıl yataqları ilə
çox zəngindir. XIX əsrin 60-cı illərindən XX əsrin
ikinci onilliyinədək burada Siemens qardaşlarına məxsus
olan mədən-zavod kompleksi fəaliyyət göstərib. Bu
dövrdə Qafqazda, bəzi məlumatlara görə,
çar Rusiyası ərazisində ilk elektrik stansiyası, Azərbaycanda
ilk elektroliz laboratoriyası, ilk sənaye tipli dəmir yolu, Dəllər
(Şəmkir)-Gədəbəy neft kəməri, Gəncə-Gədəbəy
teleqraf xətti, Gədəbəy-Şəmkir şosse yolu
istifadə olunub. Həmin dövrdə tikilmiş müxtəlif
təyinatlı binaların özünəməxsus maraqlı
memarlıq layihələri həyata keçirilib, sənaye, təhsil,
turizm, mədəniyyət, səhiyyə sahələrində
mühüm yeniliklər tətbiq olunub. Bunların hər biri
haqqında ayrı-ayrılıqda geniş danışmaq olar.
- XIX əsrin əvvəllərində
Gədəbəydə qış turizminin inkişafı barədə
nə deyə bilərsiniz?
- Siemens qardaşları Gədəbəydə
1864-1914-cü illərdə fəaliyyət göstəriblər.
Tədqiqatlar göstərir ki, o dövrdə Gədəbəydə
qış və yay turizmini özündə ehtiva edən
istirahət məkanları, qış idman növləri, yay
gəzintiləri və s. olub. Qalakənd adlanan ərazidə
xüsusi marşrut olub. Bu kənd haqqında alman mətbuatında
“Qalakənd-Cənnət qala” mövzusunda silsilə yazılar
verilib. Daha çox fəsillərin, xüsusilə də
qışın cəlbedici məqamlarından bəhs olunur.
Araşdırmalar göstərir ki, Gədəbəydə hələ
o dövrdə hokkey, xizək, konki yarışları
keçirilib, bunun üçün meydançalar
yaradılıb. Hətta bəzən yarış qalibləri
zavod rəhbərliyi tərəfindən
mükafatlandırılıb. Bir məqamı da qeyd etmək
istərdim ki, Siemenslərin dövründə Gədəbəydə
kanat yolu mövcud olub, filizin mədəndən zavoda
çatdırılmasında istifadə edilib.
- Ötən ay Gədəbəydə
“Siemenslər Gədəbəydə” sərgi-muzeyi
açıldı. Eksponatların toplanması işi davam
etdirilir?
- Bu gün “Siemens qardaşları”
şirkətinin Gədəbəydə fəaliyyətini təbliğ
edən muzeyin yaradılmasına ehtiyac var. Bu istiqamətdə
“Siemenslər Gədəbəydə” sərgi-muzeyi
iştirakçıların böyük marağına səbəb
oldu. Həmin muzeydə biz Siemenslərin şəxsi əşyalarını,
zavodun iş alətlərini və digər maraqlı
eksponatları təqdim etdik. Siemenslərlə bağlı
maddi-sübutlara bu gün yerli əhalidə də rast gəlmək
olur. Belə bir muzey turizm nöqteyi-nəzərindən də
əhəmiyyətli ola bilər. Sərgi-muzey 7 bölmədən
ibarət idi. “Siemens qardaşları” şirkətinin Gədəbəydə
fəaliyyətini əks etdirən muzeyinin yaradılması
üçün baza mövcuddur. Məxsusi bina olarsa, sərgi-muzey
sırf muzey kimi də fəaliyyət göstərə bilər.
“Siemens qardaşları” şirkətinin Gədəbəydə
yerləşən ofisi təmir olunduqdan sonra muzey binası
kimi də fəaliyyət göstərə bilər.
- Siemenslərin Gədəbəydə
fəaliyyətinin izi olan çoxlu maraqlı memarlıq abidəsinə
rast gəlmək mümkündür. Bu istiqamətdə
araşdırmalar aparılırmı?
- Gədəbəy və Qalakənddə
mis sənayesi ilə məşğul olmuş “Siemens” şirkətinə
məxsus yüzlərlə tikili olmuşdur. Bu tikililərdən
sənaye, həm də yaşayış üçün
istifadə olunub. Həmin tikililər xüsusilə sovet
hakimiyyətinin ilk dövrlərində dağıntılara məruz
qalmışdı. Bununla belə bu tikililərin əksəriyyəti
o dövrdən indiyədək həm inzibati, həm də
yaşayış təyinatında istifadəyə
yaramaqdadır. Gədəbəy rayonunda əksər dövlət
idarələri XX əsrin 60-cı illərinədək məhz
həmin binalarda yerləşirdi. Ümumiyyətlə, bu
istiqamətdə geniş tədqiqat işlərinin aparılmasına
ehtiyac var.
Ceyhun
Mədəniyyət.-
2012.- 11 yanvar.- S. 13.