Sözə
nəfəs verən, can verən idi
Eldəniz
Zeynalov - 75
Onu bu
gün də filmlərdə, televiziya tamaşalarında və
“Mozalan” satirik kinojurnalının süjetlərində tez-tez
görür, aktyorun hər bir çıxışını
səbirsizliklə gözləyir, onun tənqid hədəfinə
çevirdiyi personajlara ürəkdən gülür və bu
gülüşlər bizi dərin düşüncələrə
sövq edir.
Söhbət görkəmli
gülüş ustası, respublikanın Xalq artisti Eldəniz
Zeynalovdan gedir. Onun yaradıcılığı
üç istiqamətdə şaxələnirdi: teatr, kino və
estrada. Bunların da hər biri bir aləm
idi...
75 il əvvəl,
1937-ci il yanvarın 1-də Bakıda, Dağlı məhəlləsində,
indiki A.Şaiq küçəsində hərbçi ailəsində
bir oğlan uşağı dünyaya gəldi. Tamamilə
təsadüf nəticəsində o vaxt bu ailədə qonaq
olan böyük şair Səməd Vurğun uşağın
adını Eldəniz qoydu. O vaxt heç kəsin
ağlına belə gəlməzdi ki, bu uşaq böyüyərək,
dayısı, görkəmli sənətkar, Xalq artisti Həsənağa
Salayevin yolu ilə gedəcək, həyatını sənətə
həsr edəcəkdir.
Vaxtilə Eldənizlə söhbətlərimin
birində o, sənətə necə gəldiyini belə
xatırlayırdı: “Mənim sənətdə müvəffəqiyyətlərimin
əsas səbəbkarı dayım Həsənağa Salayev
olmuşdur. Hər dəfə onun teatr sənəti
haqqında söhbətlərinə qulaq asanda sanki sehrlənirdim.
Evdə onun rol üzərində necə işlədiyinə
heyranlıqla tamaşa edərdim. Sən
demə, qəlbimdən keçən hisləri gözlərimdən
oxuyurmuş. Bir dəfə məni yanına
çağırıb dedi ki, Eldəniz, sənə bir rol
tapşırsaq öhdəsindən gələ bilərsənmi?
Gözləmədiyim bu sual məni bərk
çaşdırdı. Nə deyəcəyimi
bilmədim. Lakin bir neçə gündən
sonra mən artıq teatrda idim”.
Eldəniz səhnə
korifeylərindən M.A.Əliyev, S.Ruhulla, M.Davudova, Ə.Ələkbərov
kimi aktyorlarla səhnəyə çıxır, onlarla tərəf-müqabil
olur. “Sevil” tamaşasında Gündüz
rolunda çıxış edir. Bu
kiçik rol onun həyatında unudulmaz hadisəyə
çevrilir.
O vaxtlar görkəmli aktyor
Ağadadaş Qurbanov Dəmiryolçular klubunda dram dərnəyinə
rəhbərlik edirdi. Bu gün adları teatr və
kino tarixinə yazılmış bir çox
tanınmış sənətkarlar, o cümlədən Eldəniz
həmin dərnəyin üzvü olmuş, aktyorluq sənətinin
əlifbasını burada öyrənmişdi. Buna görə də o, orta məktəbi bitirdikdən
sonra təhsilini harada davam etdirəcəyi barədə
çox götür-qoy etmədi.
1961-ci ildə sənədlərini
M.A.Əliyev adına Azərbaycan Dövlət
İncəsənət İnstitutunun aktyorluq fakültəsinə
verir və qəbul olunur. İnstitutda SSRİ
Xalq artisti Adil İsgəndərovun sinfində oxuyur. Görkəmli sənətkar tələbəsinin
istedadını görüb onu dram teatrına işə dəvət
edir. Eldəniz teatrdakı fəaliyyəti dövründə
100-dən artıq tamaşada, o cümlədən “Almaz”da Mirzə
Səməndər, “Xoşbəxtlər”də Mirzə Qərənfil,
“Vaqif”də İbrahim xan, “Sən həmişə mənimləsən”də
Fərəcov, rejissor Adil İsgəndərovun iki
tamaşasında - “Müfəttiş”də bələdiyyə
rəisi, “Toy”da Kərəmov və s. rollarda
oynamışdır.
O, Mirzəağa Əliyev, Məmmədəli
Vəlixanlı və Möhsün Sənani kimi müqtədir
sənətkarların əhatəsində
böyümüş, gənc aktyorun komediya janrında
püxtələşməsində onların təsiri az olmamışdır.
Eldəniz Zeynalov kimi
sənətkarların istər teatrda, istərsə də
kinoda ifa etdikləri rollara baxanda, belə qənaətə gəlirsən
ki, hər bir istedadlı aktyor istər dramatik, istərsə də
komik rolu eyni səviyyədə oynamağı
bacarmalıdır.
Görkəmli sənətkar
milli kinomuzun inkişafında böyük rol oynayıb. İlk dəfə 1963-cü ildə rejissor Adil
İsgəndərovun “Əhməd haradadır?” musiqili komediyasında
rəngsaz Əhməd rolunda çəkilmişdir. Bu şən, cavan rəngsaz oğlan öz hərəkətləri,
şirin danışığı ilə
tamaşaçıda xoş əhval-ruhiyyə oyadır.
Onun iş yoldaşı ağbəniz qızla sevgi-məhəbbət
münasibətləri hər dəfə ekranda
gülüşlə müşayiət olunur.
Eldəniz bundan sonra
kinoda nə qədər baş və epizodik rol oynasa da, rəngsaz
Əhməd heç vaxt yaddan çıxmır, hər dəfə
yada düşəndə tamaşaçının
simasına təbəssüm qonur.
Görkəmli aktyor müəllimi
Adil İsgəndərovun xeyir-duası ilə 30-dan artıq
filmdə, o cümlədən “İyirmialtılar”
tarixi-inqilabi filmində komissar Vəzirov, “Yaşamaq gözəldir,
qardaşım” romantik kinopovestində Mustafa Sübhi, “O
qızı tapın” detektiv filmində Səyavuş,
“Ömrün səhifələri” kinoalmanaxındakı “Rəqiblər”
novellasında Eldəniz, “Mən nəğmə qoşuram”
uşaq filmində sədr, “Qızıl uçurum”
melodramında Nuru bəy və digər filmlərdə
irili-xırdalı rollarda çəkilmişdir.
Lakin onun kinoda ilk
böyük rolu “Bir cənub şəhərində” (1969)
sosial kinopovestində olmuşdur. Burada
qaldırılan sosial problemlərə görə ekran əsəri
keçmiş Sovetlər İttifaqında böyük səs-küyə
səbəb oldu, eyni zamanda əsl hadisəyə çevrildi.
Müəlliflər burada insanın mənən köləlikdən
azad olmasının çətin proses olduğunu fəhlə
gənclərdən Tofiq, Murad və digər qəhrəmanların
simasında göstərməyə çalışmışlar.
Tofiq Muradın
bacısına nişanlanmışdır. Lakin sonradan o, başqası ilə evləndiyi
üçün Murad tərəfindən cəzalandırılmalıdır,
bu biabırçılıq qanla yuyulmalıdır. Nə
Tofiq, nə də Murad keçmişin hələ də
mövcud olan, sağlam zəkadan uzaq iyrənc qanunlarına
uymurlar. Ona görə də bu dramatik
münaqişədə qan axıdılmır. Beləliklə də, yeni düşüncə tərzi,
yeni əxlaqi münasibətlər, qarşılıqlı əlaqələr
qalib gəlir. E.Zeynalov bu cür mürəkkəb
və kəskin hadisələrin burulğanında
özünü itirməyib çıxış yolu tapan fəhlə-gəncin
- Tofiqin obrazını sənətkarlıqla yaratmış,
Azərbaycan kinosuna yeni qəhrəman gətirmişdir.
Bu aktyor
üçün müəyyən amplua sərhədi yoxdur.
Kinoda əsasən komik rollarda çəkilsə
də, teatrda dramatik rolların da öhdəsindən
ustalıqla gəlirdi. Bu, yaradıcılıq
şövqü idi. O, “Yeddi oğul istərəm” tarixi
inqilabi filmində kəndli Kazımı, “Həyat bizi
sınayır” kinopovestində Məsini, “Yol əhvalatı”
kinokomediyasında şikayətçini, “Babamızın
babasının babası” kinokomediyasında həkimi, “Əzablı
yollar” kino-nağılında Divi eyni həvəslə ürəkdən
oynamışdır.
“Yeddi oğul istərəm”
filmindəki kəndli Kazım epizodik roldur. Bolşeviklərin düşməni olan Gəray bəy
Peykanlı kəndinə hücum edəndə evin damında
yellənən şura hökumətinin bayrağını
Kazıma çıxartdırır. Komsomolçuların
başçısı Bəxtiyar isə əksinə
bayrağı evin damına sancmağı Kazıma əmr
edir. Aktyor bu çox kiçik personajı
özünəməxsus ifa tərzi ilə elə məharətlə
oynayır ki, onun rolunun belə tez qurtarmasına təəssüf
edirsən.
“Yol əhvalatı”
kinokomediyasında iki gəncin sevgi-məhəbbət sərgüzəştləri
fonunda yaşayışımıza mane olan, fırıldaq
yolu ilə qazanc əldə etməyə çalışan,
öz vəzifə borcundan şəxsi işləri
üçün istifadə edən tüfeylilər tənqid
atəşinə tutulur.
Bu filmdə evini təmir
etmək üçün evlər idarəsinə tez-tez gəlib-gedən,
həmişə də əliboş qayıdan şikayətçi
rolunda Eldəniz Zeynalovu görürük. Onun bu rolu digər
rollarından bir qədər fərqlidir: şikayətçi
daha çox qorxaqdır, yaltaqdır, hətta hirslənməyi
belə bacarmır, bir sözlə, belələrinə
“yazıq adamdır” deyirlər.
Xalq artisti Mustafa Mərdanov aktyor sənəti
haqqında demişdir: “Bünövrə möhkəm
qoyulmasa, professional səhnədə işləmək, orijinal
obrazlar yaratmaq çətin olar”.
Eldəniz Zeynalovun
yaratdığı obrazları nəzərdən keçirərkən
bu sözlərdə böyük həqiqət olduğunu bir
daha yəqin edirsən. Aktyorun ekranda
yaratdığı personajlar tamaşaçıların qəlbində
həmişəlik əks etdirilmiş və milli
kinematoqrafın tarixində özünə layiq yer
tutmuşdur. “Bəyin oğurlanması”, “Hər şey
yaxşılığa doğru”, “Yaramaz” və “Musiqili
xaş” filmlərindəki personajları gəlin xatırlayaq.
Bu rollardan hər biri gözəl aktyor
ifaçılığının nümunəsidir.
“Bəyin
oğurlanması” filmində özfəaliyyət dərnəyinin
məşqlərinə zalda tək-tənha oturub tamaşa edən,
komissiya sədrinin rolu çox epizodikdir. Görünməyi
ilə yox olması bir olur. Ancaq bu rolu ifa
edən Eldəniz Zeynalov zalda səs salan şəxsə tərəf
çevrilir, ciddi şəkil alıb “ay yoldaş, bir az sakit
olar?” sözlərini elə tərzdə deyir ki, uzun müddət
nə bu sözlər, nə də komissiya sədrinin görkəmi,
onun mimikası, jesti yaddan çıxmır. Və yaxud onun “Pis oynamırlar, bir az emosiya azdır”
deməsi çox təbii səslənir.
Aktyor “Mozalan” satirik
kinojurnalı fəaliyyətə başlayandan sonra, dəqiq
desək, ikinci sayından bir çox süjetlərində
maraqlı və diqqəti çəkən rollar ifa
etmişdir.
Bundan başqa,
istedadlı sənətkar respublikamızdan kənarda filmlərə
çəkilmiş, “Təyyarələr enmədi” özbək
filmində Yavər, “Mosfilm”də lentə alınan “Dulsineya
Tobosskaya” filmində epizodik rollarda çıxış
etmişdir.
Eldəniz Zeynalov Azərbaycan
televiziyasının “Komediyalar aləminə səyahət” və
“Səhər görüşləri” ədəbi-bədii əyləncəli
proqramlarının daimi iştirakçısı olmuş,
eyni zamanda bir sıra televiziya tamaşalarında
oynamışdır.
Xalq artisti Eldəniz
Zeynalov teatr səhnəsində və kinoda yaratdığı
obrazlara görə 1999-cu ildə “Humay” mükafatına layiq
görülmüşdür.
1988-ci ildə Azərbaycanda
başlanan ictimai-siyasi proseslər teatr və kinoya, ümumən
mədəniyyətə də mənfi təsir etdi. Bu vaxt bekar qalmağı sevməyən, daima
axtarışda olan Eldəniz Zeynalov Respublika Uşaq Fondunun nəzdində
Satira teatr-studiyasını təşkil etdi və onun bədii
rəhbəri oldu. Teatr-studiya müxtəlif
tamaşalarla, səhnəciklərlə internat məktəblərdə,
uşaq evlərində balaca tamaşaçılara pulsuz xidmət
göstərirdi. Eyni zamanda digər təşkilatlarda
çıxışlarından əldə edilən vəsaitin
bir hissəsini Uşaq Fonduna köçürür.
Bundan başqa görkəmli aktyor
respublikamızın şəhər və rayonlarında, habelə
keçmiş Sovetlər İttifaqının bir çox
şəhər və vilayətlərində, o cümlədən
Arxangelskdə, Tümendə, Baykal-Amur magistralının Ulkan
qəsəbəsində keçirilən Azərbaycan kinosu
günlərində iştirak etmişdir.
Yazını şair
Rüfət Zəbioğlunun Eldəniz Zeynalova həsr etdiyi
“Sözə can verən” şeirindən bir parça ilə
bitirmək istəyirəm.
“Mən sözün xətrinə necə
dəyim ki,
Sözə öz canından can verəndir
o.
Sənətkar haqqında nə
söz deyim ki,
Sözə nəfəs
verən, can verəndir o!”
Filmlərində nəfəs
verdiyi, can verdiyi qəhrəmanlar da borclu qalmayıblar. Bu qəhrəmanlar, bu tipajlar öz
yaradıcılarını - Eldəniz Zeynalovu gələcək
nəsillər üçün yaşadırlar.
Aydın
Kazımzadə,
Əməkdar
incəsənət xadimi
Mədəniyyət.- 2012.- 11 yanvar.-
S. 10.