Mən Azərbaycan turizminin müsəlləh əsgəriyəm

 

Ölkə turizminin dəyərli mütəxəssislərindən olan Fayis Məmmədovun vəfatı onu tanıyan hər kəsi sarsıtdı

Onunla sonuncu dəfə dekabrın sonunda əlaqə saxlamışdım. 2011-ci ilin yekunlarına dair yazı hazırlamalıydım. Ölkəmizdə aparıcı turizm şirkətlərindən biri olan Bakı Turun bir illik fəaliyyətinə dair məlumat almaq istəyirdim. Bir də həmişə olduğu kimi, bu dəfə də Bakı Turun direktoru, Azərbaycanın ƏN FƏAL turizm təmsilçilərindən olan Fayis Məmmədovun fikirlərinə ehtiyacım vardı, Turizm ilinə yekun vurmaq üçün. Adətən mobil telefonuna zəng edəndə filan vaxtdan sonra işdə olacam, otağıma zəng edin deyərdi. Bu dəfə isə indi ölkədə deyiləm, Allah qoysa, dekabrın 28-də Bakıda olacam, nə sualınız olsa, mən hazır dedi.

Vədələşdiyimiz kimi, dekabrın 28-də zəng vurdum, nömrəsinə zəng çatmadı, otağından isə dəstəyi kimsə qaldırmadı. Yəqin hələ qayıtmayıb, eybi yox, bayram tətilindən qayıdandan sonra əlaqə saxlayaram dedim. Amma ağlıma da gəlməzdi ki, 2012-ci ilin ilk yazısını doğrudan da ona həsr edəcəm, bu dəfə fərqli formada, həm də özünün fikirləri olmadan, son dəfə...

Fayis Məmmədov Bakı Tur turizm şirkətinin və Nabranda yerləşən Xəzər turbazasının rəhbəri olmaqla yanaşı, eyni zamanda dəyərli fikirləri, tövsiyələri ilə tanınan turizm mütəxəssislərindən biri idi. Hazırda ölkəmizdə bu sahədə çox ehtiyac duyulan mütəxəssislərdən. Onunla danışmaq, istənilən məsələ ilə bağlı münasibətini öyrənmək hər bir jurnalist üçün çox asan idi. Heç vaxt da fikirlərini söyləməkdən çəkinmirdi. Reallıq nə idi, onu deyirdi. Bəlkə elə buna görə də onu hər yanda görmək mümkün idi: Mədəniyyət və Turizm Nazirliyinin tədbirlərindən tutmuş Həmkarlar İttifaqları Konfederasiyasının, Skal Bakının toplantılarına qədər. Hərdən özündən bu barədə soruşanda zarafatla Mən Azərbaycan turizminin müsəlləh əsgəriyəm, harda axtarsanız, məni orda taparsınız deyib gülərdi.

Hər zaman şux, gülərüz idi. Yəqin elə buna görə də onun uzun müddət çarəsiz xəstəlikdən əziyyət çəkdiyini biləndə dostları, tanışları təəccüb içində idilər. İndi həmkarları, onu yaxından tanıyanlar bu acı xəbərin şokunu yaşayırlar...

* * *

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsi müdirinin müavini - Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov:

- Fayis Məmmədov Azərbaycanın turizm sektorunun ən aktiv nümayəndələrindən biri idi. Daxili turizmin inkişafına mühüm töhfələr vermişdi. Ölkəmizdə ilk beynəlxalq mədəni turizm marşrutu olan Aleksandr Düma Qafqazda marşrutunun yaradıcılarından biri idi. Bu marşrutla bağlı dəyərli təkliflər verərdi. Marşrut boyunca Qəbələdə hotel yaradılıb, yürüşlər təşkil olunub, araşdırmalar aparılıb, bu marşrutun dünya turizm bazarında tanınmasında, onun xarici ölkələrdə keçirilən turizm sərgilərində təşviqində böyük rolu olub. Bundan əlavə, Xalça turu, Şərab yolu kimi beynəlxalq marşrutların və daxili turların yaradılmasında böyük xidmətləri olub. Mədəniyyət və Turizm Nazirliyi ilə yaxından əməkdaşlıq edən, nazirliyin bütün tədbirlərində iştirak edən Fayis Məmmədov həm peşəkar turizm işçisi, həm yaxşı dost idi. O, turizm işçiləri arasında yüksək hörmət qazanan bir insan, turizmlə bağlı bütün layihələrə ilk qoşulan şirkət rəhbərlərindən idi. Onun vəfatı Azərbaycan turizmi üçün ağır itkidir. Allah rəhmət eləsin.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva:

- Fayis Məmmədovla bağlı mənim yalnız işıqlı xatirələrim var. Mən onu az vaxtda tanısam da, bu müddətdə o özünü gözəl insan, yaxşı yol yoldaşı, etibarlı dost, mədəni, ziyalı azərbaycanlı kimi tanıda bilib. O, kömək lazım olanda fikirləşmədən yardım əlini uzada bilən bir insan, düzgün məsləhətlər verən dost idi. Fayis müəllimlə bir neçə dəfə xarici səfərlərdə olmuşduq. Çox gözəl yol yoldaşlığı vardı. Onunla istənilən mövzuda söhbət etmək mümkün idi. Çünki olduqca geniş dünyagörüşünə malik idi. Mən belə düşünürəm ki, turizm sahəsi ilə yalnız belə insanlar məşğul olmalıdır. Təəssüf ki, Fayis Məmmədov dünyasını vaxtsız dəyişdi.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının TurizmEkskursiyalar Şurasının sədr müavini Sabir Rəhimov:

- Fayis müəllim çox işgüzar və fəal işçi idi. Onunla 1986-cı ildən Respublika TurizmEkskursiyalar Şurasında bir yerdə işləmişik. Sonralar o, Azərbaycanda ilk özəl turizm şirkətlərindən olan Bakı Tur şirkətini yaratdı. Turizm sahəsini dərindən bilirdi. İxtisasca bu sahənin adamı olmasa da, işləyə-işləyə təcrübə toplamışdı. Savadlı insan idi. Tez-tez qəzetlərdə, jurnallarda, tədbirlərdə çıxışlar edirdi, maraqlı təkliflər verirdi. Onun görəcəyi işlər hələ qarşıda idi. 54 yaş nə yaşdır ki... Onun ölümü bizim üçün böyük itkidir.

Skal Bakı klubunun prezidenti, Millennium turizm şirkətinin rəhbəri Ruslan Quliyev:

- Fayis müəllim mənim həmkarım olmaqdan çox, yaxın dostum idi. Eyni zamanda isə turizm sahəsində müəllimim idi. Çətinlik çəkdiyim məsələlərdə bir ağsaqqal kimi məsləhətlərini istəyərdim, o isə hər zaman yanımda olardı, kömək edərdi. Fayis Məmmədovun fəaliyyətinin əsas istiqaməti Azərbaycanın turizm imkanlarının, mədəni irsinin tanıtımına yönəlmişdi. Xarici səfərlərində keçirdiyi görüşlərdə heç vaxt düşünmürdü ki, təkcə öz şirkətinin fəaliyyəti ilə bağlı danışsın. Təmasda olduğu insanlara daima Azərbaycanın turizm məkanları, mədəni irsi, turizm marşrutları haqqında məlumat verirdi. O, Azərbaycanda gəlmə turizmin inkişafında müstəsna xidmətləri olan bir insandır. Fayis müəllimin bir sözü vardı, həmişə deyirdi ki, turizm sahəsində peşəkarlar çalışmalıdır. Bu fikri əsas tutaraq kadr hazırlığına ciddi önəm verirdi.

Fayis Məmmədov Skal İnternational Bakunun yaradılmasında, qeydiyyatdan keçməsində də çox böyük rolu olmuş bir insandır. 2012-ci il üçün ideyaları, planları vardı. Onun davamçıları olaraq biz Azərbaycan turizminin inkişafına yönəlik bütün arzularını həyata keçirəcəyik. Ailəsinə, yaxınlarına, Azərbaycanın turizm ictimaiyyətinə başsağlığı verirəm.

İnfotour.az turizm saytının direktoru Kamran Qədirov:

- Mənim üçün Fayis Məmmədov haqqında keçmiş zamanda danışmaq çox ağırdır. Çünki o mənə hər zaman dəstək verən bir insan idi. Saytı ilk yaratdığım vaxtlardan həmişə öz dəyərli tövsiyələri ilə mənə yol göstərib. Fayis müəllim elə insan idi ki, ona hörmət etməmək, onun böyüklüyünü görməmək qeyri-mümkün idi. Biz jurnalistlər onun simasında hər zaman bizə açıq olan, bizi maraqlandıran suallara istədiyimiz vaxtda cavab ala biləcəyimiz bir mütəxəssisi itirdik. Allah rəhmət eləsin.

* * *

Onun haqqında çox danışmaq, çox yazmaq olar. Amma mən bu yazını elə burada saxlamaq istəyirəm, yarımçıq... Fayis Məmmədovun sona çatmayan işləri, başladığı və dəstək verdiyi, amma nəticəsini görmədiyi layihələri, bir də yarımçıq qalan ömrü kimi...

Qəbri nurla dolsun.

Fəxriyyə Abdullayeva

* * *

Fayis Davud oğlu Məmmədov

Azərbaycan turizminə ağır itki üz vermişdir. 2012-ci il yanvarın 7-də bütün əməli həyatını Azərbaycanda turizmin inkişafına həsr etmiş insan, Bakı-Tur Turizm Agentliyi MMC-nin direktoru, Skal İnternational Bakunun qurucularından biri Fayis Davud oğlu Məmmədov dünyasını dəyişmişdir.

Fayis Məmmədov 1957-ci il noyabrın 12-də Qəbələ rayonunun Vəndam kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Ali məktəbi bitirdikdən sonra 1986-cı ildən 1992-ci ilədək Respublika TurizmEkskursiyalar Şurasında müxtəlif məsul vəzifələrdə çalışmışdır.

1992-ci ildən Azərbaycanda ən iri turoperatorlardan olan Bakı-Tur Turizm Agentliyi şirkətinə rəhbərlik edirdi. Onun rəhbərliyi altında bu təşkilat bir sıra uğurlu layihələrə imza atmış, Azərbaycanın turizm və mədəni irsinin beynəlxalq arenada təbliğində aktiv fəaliyyət göstərmiş, kadr hazırlığı məsələsinə öz töhfəsini vermişdir.

Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2007-ci il tarixli sərəncamı ilə Fayis Məmmədov respublikamızın sosial-ictimai həyatında göstərdiyi xidmətlərinə görə Tərəqqi medalı ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

 

Mədəniyyət.- 2012.- 11 yanvar.- S. 7.