Sönməyən
ulduzun nağılı
və
ya «Dan ulduzu»ndan düşən işıq
Azərbaycan
musiqi tarixində silinməz izi olan «Dan ulduzu» kamera instrumental
ansamblı yarandığı vaxtdan populyarlıq qazandı,
tamaşaçıların qəlbinə yol tapdı. Görkəmli
musiqiçi, pianoçu, Əməkdar incəsənət
xadimi Gülarə Əliyeva tərəfindən yaradılan
kollektiv ilk çıxışından insanlar tərəfindən
sevildi. Ansamblın bədii rəhbəri və fortepiano
partiyalarının ifaçısı olan Gülarə
xanım müntəzəm məşqlərin və ansambl
üzvlərinin əzmkarlığı, sənətə sevgisi
sayəsində arzuladığı ansamblı yarada bildi.
Ansambl müxtəlif musiqi kollektivlərinin, qrup və orkestrlərin
mövcud olduğu Azərbaycan musiqi mədəniyyətində
öz sözünü deməyə nail oldu.
Ey
alovlu günlərim...
Musiqiyə olan sevgi heç bir sərhədlə
məhdudlaşmır. Ola bilsin ki, «Dan ulduzu»nun da şöhrət
qazanması və ürəklərə yol tapması məhz
bu hədsiz sevginin nəticəsi idi.
1955-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasını bitirən Gülarə Əliyeva S.
Rüstəmov adına Xalq Çalğı Alətləri
Ansamblına dəvət olunur. Gülarə Əliyeva
dövrünün tanınmış pianoçusu və musiqi
bilicisi idi. Bu ansamblla eyni vaxtda Əhsən Dadaşov adına
Xalq Çalğı Alətləri Ansamblı ilə də
çalışmağa başlayır. Bu illərdə o, bir
neçə əsər də yazır. Eyniadlı muğamlar
əsasında «Şüştər» rapsodiyası, «Humayun»
süitası, «Bayatı-kürd», «Şur» fantaziyaları
Gülarə Əliyevanın həm də bir bəstəkar
kimi yüksək peşəkarlığını üzə
çıxarır, onun milli musiqilərimizi Avropa musiqi alətləri
ilə sintez etmə kimi yüksək zövqündən xəbər
verir.
Xalq çalğı alətləri
ansambllarında çalışdığı vaxtlarda
Gülarə Əliyeva öz ansamblını yaratmaq fikrinə
düşür. Lakin onun yaratmaq istədiyi ansambl özəllikləri
ilə dövrün digər ansambllarından köklü
şəkildə fərqlənəcəkdi. Bu fərq isə
musiqi kollektivinin tərkibi, repertuarı və solistlərində
idi. Burada Gülarə xanımın tanıdığı və
güvəndiyi musiqiçilərlə yanaşı,
tamaşaçıların ilk dəfə məhz bu
ansamblın tərkibində gördüyü və sevdiyi
ifaçılar da oldu.
O
günlər necə də mənə haydılar...
Beləliklə, 1968-ci ildə Gülarə Əliyeva arzusunda olduğu kamera instrumental ansamblını yaratdı. Ansamblın ilk baxış konsertini izləyən dövlət
televiziyasının o vaxtkı
rəhbəri, Xalq şairi Nəbi Xəzri aylı gecəyə xüsusi həzinlik qatan musiqi nümunələrini
təqdim edən kollektivə «Səhərə
yaxın sönən,
səmaya bütün
ulduzlardan çox vurğun olan dan ulduzudur. Musiqiyə bağlı olan və hələ uzun illər sənət səmasında
qalacağına və
parlayacağına inandığım
ansambla da “Dan ulduzu” adını verək», - deyə təklif edir. Beləcə hələ o
zamanlardan yüksək
zövqlü tamaşaçı
statuslu Azərbaycan izləyicisi yeni bir ad, «Dan ulduzu» ilə tanış
oldu. Ansambl tezliklə Azərbaycan
televiziyası və radiosunun ştatına keçirildi. Bu ilk öncə kollektivə olan tamaşaçı marağının, istəyinin,
tələbinin nəticəsi,
sənətin qələbəsi
idi.
Arzusu təmiz, niyyəti təmiz, mehriban insanlar!
«Dan ulduzu»
ansamblı hər zaman öz repertuarı
ilə də diqqəti cəlb edirdi. Gülarə Əliyevanın ifaçılar
qarşısında qoyduğu
şərtlərdən biri
də o idi ki, ansamblın repertuarına yalnız peşəkar bəstəkarların
mahnıları daxil ola bilərdi.
İfalara gəlincə görürük
ki, Azərbaycan musiqisinin unudulmaz nümayəndələrinin əksəriyyətinin
yaradıcılığı müəyyən qədər
də olsa bu ansamblla bağlıdır.
Şövkət Ələkbərova,
Akif İslamzadə,
Flora Kərimova, Yalçın
Rzazadə, Mirzə Babayev, Hüseynağa Hadıyev, Elmira Rəhimova,
Məmmədbağır Bağırzadə,
Xədicə Abbasova, Kəmalə Rəhimli, Ruhəngiz Musəvi, Əli Mirəliyev, Aybəniz Haşımova, Aygün Bayramova. Bu ifaçıların əksəriyyəti məhz
«Dan ulduzu» ilə məşhurlaşdı və
sevildi.
Ansamblın tərkibinin tez-tez
dəyişdiyini deyə
bilmərik. Amma Gülarə Əliyeva istedadlı musiqiçi və ifaçı gördükdə onu mütləq «Dan ulduzu»na dəvət edirdi. Bu sırada
tarzən Zamiq Əliyev, pianoçu Həsənağa Qurbanov və qaboy ifaçısı
Kamil Cəlilovun adlarını çəkə
bilərik. Gənc olmalarına
baxmayaraq, istedadlı olan bu musiqiçiləri
öz ansamblına dəvət etməklə
Gülarə Əliyeva
onlara böyük dəstək oldu və onların sənət yolunun uğurlu bünövrəsini
qoyanlardan birinə çevrildi.
Bizə təzə-təzə
nəğmə deyirsiz...
Avropa və milli musiqi
alətlərini yeni bir səsləndirmədə,
birlikdə, bir ahəngdarlıqla təqdim
etməklə bu sahədə yenilik axtarışında olan Gülarə xanım ansamblına peşəkar
musiqiçilər kimi
tanınan Esmira Babayeva, Minirə Yusifli, Ramiz Əliyev, Fuad Əhmədov, Ələkbər
Ələkbərov, Kamil
Cəlilov, Arif Bayramovu dəvət etdi. «Dan ulduzu»
ansamblının ilk solisti
isə Tacikistanın Xalq artisti, sonralar
bir müddət Bakıda yaşamış
Leyla Şərifova olub. İfaçı Almaniyaya köçdükdən
sonra kollektivə Flora
Kərimova və Yalçın Rzazadə dəvət olunur. Ansamblın
ilk mahnılarının bir
çoxu da məhz bu müğənnilərin
ifasındadır. Bəstəkarlar
da əsasən «Dan ulduzu»na mahnılar
yazırdılar. Çünki bu ansambl musiqi
aləminə yeni nəfəs gətirmişdi.
\"Dan ulduzu\" tezliklə dövlət tədbirləri,
konsertləri, xarici qastrol səfərlərinin
bəzəyinə və
aparıcı musiqi ansamblına çevrildi.
Suriya, Livan, Əlcəzair, İsveçrə,
Almaniya, İtaliya, Hindistan, Finlandiya kimi ölkələr
\"Dan ulduzu\"nun qastrol
səfərinə çıxdığı
dövlətlər oldu.
Xaricilər Azərbaycan musiqisinin
Qərb musiqi alətlərində səslənməsini
görüb təəccüblərini
gizlədə bilmirdilər.
Ansamblın qazandığı şöhrət tezliklə
dövrün tanınmış
müğənnilərinin də diqqətini çəkir. 1975-ci ildə Xalq artisti Zeynəb Xanlarova ansamblla silsilə dövlət konsertlərində çıxış
edir.
Ansamblın artan şöhrəti
bəstəkarları da
yeni-yeni musiqilər yazmağa sövq edir. Tofiq Quliyev, Elza İbrahimova,
Oqtay Kazımi, Emin Sabitoğlu kimi bəstəkarların
mahnı janrındakı
gözəl nümunələri
fərqli ifa və səsləndirmə
texnikası ilə seçilən «Dan ulduzu»nun
sayəsində tamaşaçı
yaddaşına köçür.
Dinləyicilər
dillər əzbərinə
çevrilən «Sən
olmuşam», «Gecələr
bulaq başı», «Gəl barışaq»,
«Azad, firavan», «Bu gecə»,
«Köçəri quşlar»,
«Mənim dünyam», «Unuda bilmirəm», «Sən yadıma düşəndə», «Durnalar»,
«Mehriban insanlar» kimi bir-birindən gözəl, qulağayatımlı
və yüksək zövqlü mahnıları
bu gün də eyni məhəbbətlə
sevir, dinləyirlər.
Mən də sənə bir qonağam, mənim dünyam, mənim dünyam!
1991-ci ildə Gülarə Əliyevanın faciəli
şəkildə dünyasını
dəyişməsi Azərbaycan
musiqisində ağır
itki oldu. Onun yoxluğu həm ansamblın fəaliyyətində,
həm də musiqimizdə özünü
hiss etdirməyə başladı.
Bu faciədən sonra bir çox
musiqiçilər ansamblı
tərk etdi. Bir sözlə, ansambl əvvəlki parlaqlığını
itirdi. Ümumiyyətlə, 90-cı illərdə respublikada baş verən hadisələr bu ansambla da
təsirini göstərdi.
Gülarə xanımın vəfatından
sonra ansambla Əməkdar incəsənət
xadimi, tanınmış
pianoçu Həsənağa
Qurbanov rəhbərlik
etdi. Onun da dünyasını
dəyişməsindən sonra
Gülarə Əliyevanın
adını daşıyan
«Dan ulduzu»nu yaşatmaq
missiyasını ansamblın
tarzəni, 1982-ci ildən
həyatını bu heyətlə bağlayan Əməkdar artist Tariyel Abbasov öz üzərinə götürdü.
Tariyel müəllim böyük
sənətkarın adını
daşıyan, onun xatirəsinə hörmətlə
yanaşan ansamblın
bu gün də yaşadığını
və yaşayacağını
deyir: «Gülarə xanım dünyasını
dəyişəndən sonra
onun yetirmələri olan bizlər, kollektivin üzvləri qarşımıza məqsəd
qoyduq ki, bu ansamblı yaşadaq. Elə də oldu.
Onun xatirəsi bizim üçün çox əzizdir və bundan sonra da
nəyin bahasına olursa-olsun bu yadigarı qoruyub saxlayacağıq. Çünki o, Azərbaycanda yeganə bir kollektiv yaratmağa
müvəffəq olmuşdu.
Bu elə də asan bir iş
deyil. Gülarə xanımın hər
yeni mahnı üzərində işləməsini
gördükdə insan
heyrətə gəlirdi.
Onun necə gözəl duyumu, incəliyi vardı... O musiqini eşidən kimi artıq beynində orkestrləşdirir
və elə o anda da not bölgüsü
edirdi. Bax ona görə
də o kollektivin ifa etdiyi musiqilər
tam fərqli və axıcı, yüksək
səviyyəli idi.
Çalışıram ki, onun ənənələrini davam
etdirim».
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 11 yanvar.- S. 5.