Sankt-Peterburqda Azərbaycan Günü

 

   Rusiyalı sənətçilər Azərbaycan mahnı və rəqslərini ifa ediblər

  

   Yanvarın 8-də Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun təşkilatçılığı ilə bu şəhərdə Azərbaycan Günü keçirilib.

 

   Tədbir çərçivəsində təşkil olunmuş yarmarkada ölkəmizin kənd təsərrüfatı məhsulları, Azərbaycan milli mətbəxinin nümunələri və müxtəlif suvenirlər nümayiş etdirilib.

   Baş konsul Qüdsi Osmanov tədbirdə çıxış edərək, Azərbaycanın yeni əsrdə siyasi-iqtisadi nailiyyətləri, Azərbaycan ilə Rusiya arasında dostluq münasibətləri və Rusiyadakı Azərbaycan icmasının rolu barədə geniş məlumat verib.

   Tədbirin sonunda Sankt-Peterburqun Mariinski Teatrının artistləri görkəmli Azərbaycan bəstəkarı Polad Bülbüloğlunun və SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Rəşid Behbudovun mahnılarını və milli rəqslərimizi ifa ediblər.

   Qeyd edək ki, Sankt-Peterburq Hökumətinin 2006-cı il tarixli qərarı ilə hökumətin iqtisadi inkişaf, sənaye siyasəti və ticarəti komitəsi hər Yeni il ərəfəsində şəhər sakinləri və qonaqlar üçün “Sankt-Peterburq Milad Yarmarkası” keçirilir.

   Yanvarın 14-dək davam edən yarmarkada Sankt-Peterburq şəhərində yaşayan xarici ölkələrin nümayəndələri iştirak edirlər. Tədbir çərçivəsində hər bir ölkənin günü keçirilir.

 

 

   Mədəniyyət.- 2012.- 11 yanvar.- S. 4.