Naxçıvan
buzxanaları
Qədim
abidələrimiz
Naxçıvan memarlıq məktəbindən söz
açarkən ilk növbədə öz dövrlərinin
görkəmli şəxsiyyətlərinin xatirəsinə
ucaldılan türbələr yada düşür. Lakin yerli
memarlar möhtəşəm sənət əsərləri
ilə yanaşı, əhalinin praktik istifadəsi
üçün nəzərdə tutulan, eyni zamanda,
özünəməxsus memarlıq nümunələri olan
tikililər də inşa ediblər. Muxtar Respublikanın ərazisində
tikilən buzxanalar belə nümunələrdəndir.
Qədim
buzxanaların ən böyüyü Naxçıvandadır
Azərbaycanın müxtəlif
bölgələrində buzxanalar qədim memarlıq abidələri
kimi bu gün də qorunub saxlanılır. Müxtəlif əsrlərdə
inşa olunan buzxanalara Tərtərdə, Yardımlıda və
s. rast gəlmək olar. Naxçıvan Muxtar Respublikası ərazisində
12 belə tikili var. Turistlərin ən çox maraq göstərdiyi
buzxanalar Naxçıvan şəhərində və Ordubad
rayonunda tikilmiş buzxanalardır. Naxçıvan şəhərindəki
buzxana bu qəbildən olan ən böyük tikilidir. Orta əsrlər
Naxçıvan memarlıq məktəbinin çiçəkləndiyi
dövrə (XII-XIV əsrlər) aid edilən tikilinin
uzunluğu 20, eni 8, hündürlüyü 9 metrdir. Dam
örtüyünün üzərində isə altı
kiçik günbəz ucaldılıb. Təxminən hər
3 metrdən bir qurulan çatmavarı tağlararası
boşluq çatma tağbəndlə
örtülmüşdür. Kərpic hörgü cərgələri
yükdaşıyan tağlara nisbətən şaquli vəziyyətdə
yerləşdirilmişdir. Binanın örtük hissəsinin
kərpic hörgülərindən göründüyü
kimi, tağların yuxarı hissəsində tağbəndlərin
konstruksiyası dəyişir və kiçik tağbəndlərlə
tamamlanır.
Qeyd edək ki, bu cür oxşar
konstruksiyadan Ordubad şəhərindəki buzxanada da istifadə
olunub. Hətta o dövrdə Təbriz və Ərdəbildə
inşa olunan bazar komplekslərinin örtülü keçidləri
də bunun oxşarıdır. Bu da Naxçıvan
memarlıq məktəbinin nə qədər geniş
yayıldığını göstərir. Sözügedən
buzxana kompleksi də həmin dövrdə regionda ticarət məqsədi
ilə inşa olunan obyektlərdən biri olub.
Azərbaycan memarlığında
Naxçıvan məktəbi abidələrinin yorulmaz tədqiqatçılarından
olan akademik Ə.Salamzadə və sənətşünaslıq
doktoru K. Məmmədzadənin qənaətləri bundan ibarət
olub ki, Naxçıvan şəhərindəki buzxana obyekti də
XIV əsrin əvvəllərində inşa olunub. Amma onun
XVII əsrdə Şah Abbasın hakimiyyəti dövründə
inşa olunduğunu deyənlər də var.
Yayın istisində necə sərinlənmək olar?
Tarixən buzxanalardan müxtəlif
məqsədlərlə istifadə olunub. Məsələn,
Mirzə Cəlilin uşaqlıq və yeniyetməlik
dövrünün təəssüratları altında qələmə
aldığı "Buz" hekayəsindən məlum olur
ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində
Naxçıvan şəhərinin bazarlarında,
küçə və meydanlarında buz satışı
geniş yayılıb. "Hər bir yay fəsli küçələrdə
arabalarda, buz sallarını görəndə, bir tərəfdən
o buzu şampanskilərə və ləzzətli marojnalara
işlədən xoşbəxtlər gözümün
qabağına gəlir", - deyə müəllif yazır.
Müəllif qeyd edir ki, ağ və təmiz buz kərpiclərindən
təbabətdə də geniş istifadə olunurmuş.
Tədqiqatçıların
sözlərinə görə, tarixən buzxanalar çay kənarlarında
inşa olunub. Qışın sərt şaxtalarında
çayın suyu həmin obyektin qarşısındakı
xüsusi meydançada dondurulduqdan sonra iri parçalar şəklində
doğranıb binanın yerin səthindən dörd-beş
metr aşağıda olan buzxana hissəsinə
yığılardı. Havalanma sisteminin düzgün
qurulması isti yay günlərində buz ehtiyatından səmərəli
istifadə etməyə imkan verərdi. Ondan daha çox ticarətdə,
ərzaq məhsullarının saxlanılmasında və digər
məqsədlər üçün istifadə olunardı.
Qeyd edək ki,
Naxçıvanın maraqlı memarlıq nümunələrindən
hesab olunan buzxanalara bu gün də bölgəyə gələn
turistlər maraq göstərirlər. Son illərdə bu
memarlıq abidələrində aparılan bərpa və təmir
işləri onları uçub-dağılmaq təhlükəsindən
xilas etməklə yanaşı, bu məkanlardan turizm obyekti
kimi istifadəyə də imkan yaradır.
Ceyhun
Mədəniyyət.- 2012.- 13 yanvar.- S. 15.