Əbdürrəhim
bəy Haqverdiyev və Tiflis
Azərbaycan teatrı
Ötən əsrin əvvəllərində Tiflisdə
yaşayan, yaxud tez-tez buraya gələn görkəmli
ziyalılar, yazıçılar və sənət
adamları Tiflis Azərbaycan teatrı ilə əlaqə
saxlayır, tamaşaların hazırlanmasında iştirak
edir, teatrın hazırladığı səhnə əsərlərinə
tamaşa edirdilər. Nəriman Nərimanov, Cəlil Məmməquluzadə,
Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Firudin bəy
Köçərli, Hüseyn Ərəblinski, Abbas Mirzə
Şərifzadə, Sidqi Ruhulla, Əziz Şərif və bir
çox başqaları bu teatrla təmasda olmuş, onun fəaliyyəti
ilə maraqlanmışlar.
Böyük
yazıçı-dramaturq Əbdürrəhim bəy
Haqverdiyevin Tiflis Azərbaycan teatrı ilə əlaqələri
teatr tariximizin parlaq səhifələrindəndir. Dramaturqun bir
sıra əsərləri burada tamaşaya qoyulmuş, o
özü isə bu teatrda bir neçə əsərə
quruluş vermiş, eyni zamanda, aktyor kimi səhnəyə
çıxmışdır.
Ümumiyyətlə isə onun
teatr aləminə marağı məhz Tiflisdə
oyanmışdır. Ədib özü sonralar belə
yazmışdır: «1890-cı sənədə Şuşa
realnı məktəbinin altı sinfini bitirib, Tiflis realnı
məktəbinin yeddinci sinfinə keçdim. Mükəmməl
dram teatrı nə olduğunu mən ancaq Tiflisdə
anladım. Tiflisdə təhsil edərkən, «Nahaq qan» sərlövhəli
bir faciəni ruscadan tərcümə etdim».
O, Peterburqda təhsil alıb
qayıtdıqdan sonra da Tiflislə, buradakı sənət
adamları ilə əlaqəni üzməmiş, xüsusən
Tiflis Azərbaycan teatrı ilə yaradıcılıq əməkdaşlığı
etmişdir. Əbdürrəhim bəy Haqverdiyevin həyatının
müəyyən dövrləri Gürcüstanla, xüsusən
Tiflislə bağlıdır. Ədibin özünün
yazdıqlarından: «Mənim günlərimin gözəlləri,
cavanlığım Tiflisdə keçdiyindən, o şəhərə
mənim xüsusi bir məhəbbətim var».
Professor Abbas Hacıyev «Tiflis Azərbaycan
teatrı» kitabında yazır: «Arxiv materialları və mətbuat
sübut edir ki, 1905-1907-ci illərdə ziyalılar, ilk
növbədə C.Məmmədquluzadə, Ə. Haqverdiyev, Ə.Yüzbaşov,
H.Minasazov, M.Şahtaxtlı, E.Sultanov, Ö.F.Nemanzadə Tiflis
Azərbaycan teatrı ilə daha çox bağlı
olmuşlar. Onlar məşqlərdə iştirak etmiş,
teatrın göstərdiyi tamaşaların çoxuna
baxmışlar. Hətta Ə. Haqverdiyev bir neçə əsərə
mükəmməl, realist üslubda bədii quruluş
vermişdir. 1907-ci il aprelin 27-də onun rejissorluğu ilə
«Dağılan tifaq» tamaşaya qoyulmuşdur. Tamaşa təsirli
və mənalı keçmiş, tamaşaçılar
tez-tez aktyorları və Ə. Haqverdiyevi səhnəyə
çağırıb alqışlamışlar».
Məlumdur ki, 1912-ci ildə yerli
ziyalıların təşəbbüsü ilə Tiflis şəhərinin
azərbaycanlılar yaşayan «Şeytanbazar» məhəlləsində
Tiflis Azərbaycan teatrı üçün xüsusi bina -
«Auditoriya» açılmışdır. «Auditoriya»nın təntənəli
açılış mərasimində görkəmli Azərbaycan
ziyalıları ilə bir sırada Əbdürrəhim bəy
də iştirak etmiş, professor Abbas Hacıyevin
yazdığına görə, həmin tədbirdə o,
teatrın dünyagörüşünə, əxlaq və mənəviyyata
təsirindən, Azərbaycan teatrının yaranma və
inkişaf tarixindən məzmunlu söhbət açmışdır.
Əbdürrəhim bəyin öz
əli ilə yazdığı tərcümeyi-halından məlum
olur ki, o, 1916- 1919-cu illərdə Gürcüstanda
yaşamış və işləmişdir. Ədib
1916-cı ildə Tiflisdə rus dilində nəşr olunan
«Şəhərlər ittifaqı Qafqaz şöbəsinin xəbərləri»
adlı aylıq məcmuənin müdiri təyin olunmuş,
1917-ci il fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinin
Mərkəzi Şurasına üzv seçilmiş və
Borçalı qəzasına komissar təyin edilərək qəzanın
Şülöyür kəndində fəaliyyət göstərmişdir.
1918-ci ildə Gürcüstan öz müstəqilliyini elan
etdikdən sonra o, Gürcüstan Türklərinin Milli
Şurası tərəfindən ilk Gürcüstan Parlamentinə
seçilmişdir.
Bütün bunlarla yanaşı, Əbdürrəhim
bəy ədəbi yaradıcılıqdan və teatr aləmindən
ayrılmamış, yeni-yeni əsərlər yazmış,
onların səhnədə oynanılmasına nail olmuş, fəal
mədəni-maarif işi aparmışdır. Professor Əziz
Şərifin «Keçmiş günlərdən»
kitabından: «Mənim arxivimdə Tiflisdə K.Y. Zubalov
adına Xalq Evi nəzdində Türk Dram Cəmiyyətinin
1919-cu il üçün üzvlük bileti vardır. Mənim
adıma yazılmış bu bileti Türk Dram Cəmiyyəti
idarə heyətinin sədri Əbdürrəhim bəy
Haqverdiyev imzalamışdır. Bundan bəlli olur ki, Tiflisdə
məsul siyasi vəzifə daşıyan
yazıçımız yenə də məftun olduğu teatr
işindən əsla ayrılmır və bu sahədə fəaliyyət
göstərirmiş».
Yeri gəlmişkən, qeyd edək
ki, Əbdürrəhim bəy bu cəmiyyəti yaratmaqla Tiflis
Azərbaycan teatrı truppasının
dağılmasının qarşısını almış,
onun gələcək inkişafı üçün zəmin
yaratmışdır. Belə ki, bu truppa iki yerə - iki cəmiyyətə,
hətta ayrı-ayrı qruplara ayrılmışdı və
onlar ayrı-ayrılıqda çıxış edirdilər.
Ədib məhz bu iki cəmiyyəti və qrupları birləşdirmiş,
yaratdığı teatr cəmiyyətinə yeni istedadlar cəlb
etmişdi. Beləliklə də onun Tiflis Azərbaycan
teatrının təşkilatlanmasında böyük əməyi
olmuşdur.
Tədqiqatçılar xüsusi
olaraq göstərmişlər ki, həmin illərdə Tiflis
Azərbaycan teatrına qeyri-rəsmi şəkildə Əbdürrəhim
bəy Haqverdiyev başçılıq etmişdir. Repertuar və
artistlər arasında rol bölgüsü onun məsləhəti
və göstərişi ilə müəyyənləşdirilmişdir.
Onun Tiflis Azərbaycan teatrında
«Dağılan tifaq»la yanaşı «Ağa Məhəmməd
şah Qacar», «Bəxtsiz cavan», «Pəri cadu», «Ac həriflər»,
«Yeyərsən qaz ətini, görərsən ləzzətini»,
«Köhnə dudman» pyesləri tamaşaya qoyulmuş, eyni
zamanda, bu tamaşalar teatrın Təbriz və İstanbul
şəhərlərinə qastrollarında da nümayiş
etdirilmişdir. Dramaturqun əsərlərinə müxtəlif
vaxtlarda Hüseyn Ərəblinski, yerli rejissorlardan Mirzəli
Abbasov və İbrahim İsfahanlı, habelə müəllif
özü quruluş vermişdir.
Bu tamaşalarda teatrın
aktyorlarından Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin
Kirmanşahlı, Əşrəf Yüzbaşov, İbrahim
İsfahanlı, Əli Qurbanov, Möhsün Sənani və
başqaları iştirak etmiş, dramaturqun
yaratdığı obrazları səhnədə
canlandırmışlar.
Əbdürrəhim bəy
Haqverdiyev Tiflisdə yaşadığı illərdə «Hacı
Qara», «Nadir şah» və müəllifi olduğu «Bəxtsiz
cavan» pyeslərinə quruluş vermiş, Xalq artisti Mustafa Mərdanovun
yazdığı kimi, «dolğun məzmunlu tamaşalar
yaranmasına çox əmək sərf etmişdir».
1908-ci ildə Tiflisdə Əbdürrəhim
bəy Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» faciəsi
tamaşaya qoyulmuş və böyük uğur
qazanmışdır. Tamaşada Qacar rolunu Hüseyn Ərəblinski,
İrakli rolunu Əbülfət Vəli, digər rolları
Tiflis Azərbaycan teatrının aktyorları
oynamışlar. Tamaşanın rejissoru Hüseyn Ərəblinski,
onun köməkçiləri isə Əbülfət Vəli
və Əbdürrəhim bəy Haqverdiyev özü
olmuşdur.
Hüseyn Ərəblinski dramaturqun
tərcümə etdiyi «Qazavat» pyesini də Tiflis Azərbaycan
teatrının aktyorlarının iştirakı ilə
tamaşaya qoymuş və baş rolda - Əhməd bəy
rolunda özü çıxış etmişdir. Bu tamaşa
da tamaşaçılar tərəfindən razılıqla
qarşılanmışdır.
Professor İnqilab Kərimovun
araşdırmalarından məlum olur ki, 1913-cü ildə
Tiflisdə yazıçının «Bəxtsiz cavan» pyesi Əbülfət
Vəlinin rejissorluğu ilə tamaşaya qoyulmuş və
tamaşada Hacı Səməd ağa rolunda Əbdürrəhim
bəy özü çıxış etmişdir( İnqilab
Kərimov. «Ə. Haqverdiyev və teatr», Bakı, 1975, səh.
115). 1927-ci ildə Tiflisdə, Rustaveli teatrında Əbdürrəhim
bəy Haqverdiyevin ədəbi fəaliyyətinin 35 illiyinə
həsr olunmuş yubiley gecəsi keçirilmişdir. Bu ərəfədə
Tiflis mətbuatında ədibin həyat və
yaradıcılığına aid məqalələr dərc
edilmiş, yubiley komissiyası tərəfindən Azərbaycan
və rus dillərində xüsusi vərəqə
buraxılmışdı. Bu vərəqədə dramaturqun
fotoşəkili, qısa tərcümeyi-halı, pyeslərinin
və tərcümə etdiyi əsərlərin
siyahısı verilmişdir. Vərəqə bu sözlərlə
tamamlanırdı: «Tiflis Dövlət Türk Teatrının
təşəbbüsü ilə seçilmiş olan yubiley
komissiyası ümid edir ki, 1927-ci il fevral ayının 4-də
Rustaveli teatrosunda Ə.Haqverdiyevin təsid ediləcək 35
illik ədəbi-ictimai yubileyi Tiflis şəhərində
olduğu kimi, onun xaricində dəxi böyük sevinclə
qarşılanacaqdır».
Doğrudan da yubiley mərasimi
yüksək səviyyədə keçirilmiş, tədbirin
təşkilatçılarından biri, professor Əziz Şərifin
yazdığı kimi, bu yubiley o zamanın ədəbi və
mədəni həyatında əlamətdar ictimai hadisə
olmuşdur.
Mərasimdə rəsmi şəxslər,
ayrı-ayrı respublikaların, o cümlədən
Gürcüstanın teatr ictimaiyyətinin nümayəndələri,
şair və yazıçılar yubilyarı təbrik
etmiş, Tiflis Azərbaycan Dövlət Dram Teatrı
aktyorlarının iştirakı ilə dramaturqun «Bəxtsiz
cavan» pyesinin ikinci pərdəsi və «Ac həriflər» pyesləri
oynanılmış, eyni zamanda, böyük konsert
verilmişdir. Mərasim Tiflis mətbuatında geniş
işıqlandırılmışdır.
Böyük ədib və dramaturq Əbdürrəhim
bəy Haqverdiyevin Tiflis Azərbaycan teatrının
formalaşmasında və inkişafında rolu
danılmazdır və onun bu yöndə fəaliyyəti
milli mədəniyyətimizin solmayan səhifələrindəndir.
Adilxan Bayramov,
filologiya elmləri doktoru
Mədəniyyət.-
2012.- 13 yanvar.- S. 13.